Şəki Xalq teatrı 60 yaşını qeyd edib

 

 

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının yaranmasının 60 illiyi qeyd edilib.

Tədbirdə teatrın bədii rəhbəri Rəşad Rüstəmovun qələmə aldığı “Qulusu – Əli, Sadığı – Vəli, bu qırılmışın hamısı dəli” tamaşası təqdim olunub.

Mərkəzin metodisti Nazilə Qaffarova teatrın keçdiyi yoldan söz açıb. Bildirilib ki, sənət ocağı 1948-ci ildə dram dərnəyi kimi, 1959-cu ildə isə Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Xalq teatrı kimi fəaliyyətə başlayıb. Ötən müddətdə teatrda tanınmış dramaturqların əsərləri tamaşaya qoyulub. 1962-ci ildə Bakıda keçirilən Xalq teatrlarının Respublika baxış-müsabiqəsində Şəki Xalq teatrı Ə.Haqverdiyevin “Bəxtsiz cavan” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə 3-cü yerə layiq görülüb.

Yubiley tədbirində C.Cabbarlının “Solğun çiçəklər”, Ş.Qurbanovun “Olmadı elə, oldu belə”, S.Qədirzadənin “Gülməyəsən, neynəyəsən?” əsərlərindən parçalar da nümayiş etdirilib. “Səbuhi” xalq çalğı alətləri ansamblının təqdim etdiyi musiqi nömrələri tamaşaçıların ürəyincə olub.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.4.