Səttar TƏBİƏTİ - Təbiət
SƏTTARI
Biri-birini büsbütün
tamamlayıb, zənginləşdirib individuallaşdıran
duallıq...
Yuxularında butalanıb yar sorağıyca səfərlənən aşiqlər haqda çox allı sözlər, güllü dastanlar eşidib-oxumuşuq. Bu yığcamnamə isə, minbir çeşnili sənət butaları dalıyca düşüb, doğal tər-təbiət gözəllərini əbədi muzey-düzey yar-varı edən bu Sənət Aşiqi haqda yazılmışların növbətisi...
Ayrıca bir “bədii təbiət” yaradıb getdi bu fırça şairi...
Yaşam tərzi, avtoaurası, əlahiddə “mən”i, ustad “şapalaq”, batman atmacaları ilə alayıca bir ictimai xarakter OBRAZına çevrildi bu Adam...
“Əyri-üyrü” xətləri, çalın-çarpaz cizgiləri, frontal düzgü, talantal “güzgü”lərilə Azərbaycan incəsənət aləminə özəl bir gül-çiçəklik saldı –
Bu sənətkar...
Bənzərsiz işıq-kölgə fəndləri – qoşma-gəraylı ab-havalı bəndlər...
Qəlb yaxılarıyla yapdığı yozmaları, ekspromt saçmaları – seçmə poeziya misraları...
Kətan-“kitablar”ındakı hekayətlər – klassik qəzəl gözəlləri, peyzaj tablolar – “rəng-ahəng”, “təbiət-cəmiyyət”, “həqiqət-bədiiyyat” rədifli poemalar...
Fiziki gör-görkəm əkiztayı kimi səslənən ad-soyadı da bir “əlif-bey” portreti; bu imza qapsamındakılar gözümüzə təbiət naturasında görmədiklərini də görsədib...
Bu dünyanın –
Azərbaycan təbiətini hamıdan yaxşı, hər kəsdən gözəl çəkmiş bu sənətkarın adicə doğum tarixçəsi – 15.12.1909 rəqəmləri də bəndənizdə ikili (və “şübhə”li) təəssürat oyadır; görəsən, …böyüdükcə mədəni-mənəvi düzəni ruhsal fırçayla çiziləsi, qutsal rənglərlə boyanası, qlobal ilhamla fontanlayası bu qeyri-adi Adam – cəmiyyət içrə “qərib”, təbiət sarıdan qəribə varlıq həmin tarixçədə anadanmı doğulub, ya təbiətdənmi?...
Bu sənət səyyahı, zinət səyyadı qız-qadın yönəli hiss-həyəcanlarını İNCƏ sənət incilərinə – “kətan-canan”lara ithaf etdi. Həm də... yalnız nadir aşiqlərə xas olan xalis eşqlə! Məlum “bir köynək yaxın” deyiminə “beş göynək də artıq” əlavəsilə...
Bu an xəyalımda sərgilənən əsərləri üzrə kiçicik bir –
Media-rapsodiya
...Kövrəklərin ürəyi “Kəpəzin göz yaşları” kimi leysanlanır. Pessimistlər “Əbədi məşəllər”, optimistlər “Suraxanı atəşgahı” üstə köklənir...
“Xəzər gözəli”nə baxanlar tellərini yan darayır, sevgi cütlükləri “Qızılbənövşəyə gedən yol”a düşür, “Axşamçağı Ordubad bağlarında” əhd-peyman bağlayıb, “Qudyalçay vadisi”ndə qovuşur...
“Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirən sənət sərxoşları “Əncir ağacı”ndan “Payız”sayağı doluxub, ayılmaq təhlükəsilə üzləşir, heyrətlərini “Əfsanəvi torpaq” tablosuna səpirlər...
“Azərbaycan nağılı”nın feyzindən doymayanlar bir pay “Şahnabat” dadıb, “Qayıqlar”da “Neft Daşları”na üzərək, sənət təşnəliklərini söndürürlər...
“Əmircan”a yalnız “bədii ana yurdu” kimi baxanlar qəflətdən ayılıb, bu qlobal tərənnümçünü “məhəlli”çilik lokalizminə salmaqdan çəkinirlər...
Nədən ki...
Səttar Bəhlulzadə imzası bütün gələcək möcüzələr dövründə də seçiləcək. Özü də “məntəqə”lərsiz, “dairə”lərsiz seçkilərdə seçiləcək! Belə seçilmişlər ömrü uzunu başlarını aşağı salıb çalışar, yaradar, öncə məhəlləsini, bölgəsini, sonca ölkəsini yarıdarlar. Başlarını qaldırmağa macal tapandasa görərlər, baa, özlərini də yaradıbmışlar ki!...
Bu Adam özünü astaca-astaca yaradıb. Amma yaman yaradıb!
Fizikən çəm-çəlimsiz görsənən o can ruhən
çox iri, sanballı, köklü-köməcliydi!
Ömrünün son illərində muzeylərdə,
asfalt-betonlu paytaxtımızın
qədim “Qoburnat bağı” (“Filarmoniya”) təbiətində görünərdi. Biz tələbələrin gözündə
canlı portret kimi obrazlaşmış bu Pir olmuş
hərdən ucuz çayxana-yeməkxanalara da
gəlmirdi ki, stoluna stul çəkib
söhbət edək,
tutalım, “dost”ları
barədə özünəməxsus
replikalarını eşidək.
Axı, bu bənzərsizin atmacaları
da (hər yeni əsəri kimi) ovqat dolu
səs-küylərə səbəb
olurdu!
Bu sənət qartalının
qırğı gözləri
bizlərinkindən uzaq
düşənləri əlbəəl
görərdi! Necə
ki, tilovvarı barmaqları çox rəssamın fantaziya çevrəsindən iraqları
zaman-zaman “tovlayıb”-ovlayırdı...
Sirli sir-sifətində
bütöv bir cəmiyyət təbiəti
bərqərardı; qaşları
daim sənət hədəfli yaylar kimi çatılı. Uzun saçlarının rəngləri,
fənər gözlərinin
işığı, halət-siluet
“qarışığı”nın şölələri ilahi
bir palitra!...
Necə
ki –
bu Adam Vətən
təbiətini çəkib-yaratdıqca
qurtarmırdı, özü
haqda da yazdıqca qurtarmır; xarakterindəki “işıq-kölgə”
kontrastları, “model-modul”
effektləri heç bir qəlibə, ənənəviçilik ip-sapına
yatmır.
İlk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
almış, V.İ.Surikov
adına Moskva Rəssamlıq İnstitutuna
qəbula “bidad-bikəs”
gedib ustad qayıtmış bu sənətkarın auditoriya
və həyat tələbələrindən bir
çoxu da bir-birini əvəz edən “gələcək”lərdə
ustada çevrilib.
Bu milli-mental kişinin
ağır-uğur davranışları
sənət adamları
üçün məclis-mərəkə
etiketlərinə çevrilib. İmpressionizm
nümunələrinin bəziləri
bu cərəyan banilərinin özlərini
belə heyrətə
gətirib...
Bunların harmoniyasından bütöv bir sənətkar şəxsiyyəti yaranıb ki, özü saysız yazı-kitab-kadrlarda, irsindən nümunələr dünyanın möhtəşəm muzeylərində yaşamaqda.
Və...
bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlar elə zənn etməsinlər ki, bu qədər sənət zürriyyətlərinin atası Səttar Bəhlulzadə sonsuz getdi! Kimin buna şəkki varsa, onun vəfalı və səfalı “ömür yoldaşı”na – Təbiətə varıb, soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi “xanım”ın dilini Səttar ər-bəyin bildiyinin mində biri qədər bilirsə, çiçəyini-gülünü bu Aşiqin yüzdə biriycə sevirsə...
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.5.