Hisslər öləndən sonra insanı öldürməyə dəyərmi?
...“Bizim ən yaxşı bəstəkarlarımızdan heç biri onun yaşında “Aleko”ya bərabər opera ilə debüt etməyib”. Belə bir ədalətli rəyin müəllifi tanınmış rəssam, sənətşünas və jurnalist Vadim Kruqlikovdur. Biz isə ondan, yəni hazırda İsraildə yaşayan sənətşünasdan söhbət açmırıq. Söhbətimizin mövzusu görkəmli rus bəstəkarı Sergey Raxmaninovun bu operasının bir neçə illik fasilədən sonra Bakıda oynanılan tamaşası barədədir.
Dekabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Aleko” operasının premyerası oldu. 19 yaşında konservatoriyanın bəstəkarlıq sinfini bitirən Raxmaninov bu operanı diplom işi olaraq yazıb. Çox qısa müddətə, cəmi 25 günə yazılmış əsərin librettosu Aleksandr Puşkinin “Qaraçılar” poeması əsasında qələmə alınıb. Libretto müəllifi isə artıq həmin dövrdə, yəni 1890-cı illərdə teatr xadimi kimi kifayət qədər tanınan V.İ.Nemiroviç-Dançenkodur.
Zaman-zaman bu operanı araşdıran musiqişünaslar onun, gənc bəstəkarın ilk səhnə əsəridir deyə, musiqi baxımından kəm-kəsirinin üstündən keçməyiblər. O üzdən ki, “Aleko”da nəzəri cəhətdən ciddi nöqsan yoxdur. Əgər belə olmasaydı, operanı ilk dəfə dinləyən P.İ.Çaykovski gənc Raxmaninova bu birpərdəli əsəri özünün birpərdəli “İolanta” operası ilə eyni proqramda nümayiş edilməsini təklif etməzdi. Şahid xatirələrinə görə, bu təklif sütül bəstəkar üçün o qədər göydəndüşmə olur ki, sonralar onu “musiqidəki nəvəm” adlandıracaq Pyotr İliçdən bunu eşidən Raxmaninovun həyəcandan səsi tutulur.
Əsərə gəlincə, bir məqama diqqət yetirməyə dəyər. Ümumrus mədəniyyəti kontekstində qaraçılara münasibət digər xalqlara nisbətən daha yaxşı olub, rəğbət üstündə köklənib. Bəlkə də bunun bir səbəbi qaraçıların köçəri həyat tərzi və deməli, hər hansı ərazi iddiasının yoxluğu olsa da, digər səbəbi rus cəmiyyətində təhkimçiliyin geniş yayılmasındadır: təhkimçilik rus insanını təkcə maddi-hüquqi deyil, həm də mənəvi-psixoloji buxovlar içində saxlayırdı, ona düşüncə sərbəstliyindən savayı heç bir özgürlük vermirdi deyə, geniş kütlə azad həyat tərzi keçirən qaraçılara həsəd aparır, onlar kimi yaşamaqda, çalışmaqda, sevgidə sərbəst olmaq istəyirdi... Bütün bu deyilənlər ehtimal olsa da, hər halda XIX əsrdə Puşkindən ta Lev Tolstoyadək rus ədəbiyyatında müsbət qaraçı obrazlarının bolluğu, rus qaraçılarının romansları kimi müstəqil musiqi janrının yaranması belə düşünməyə əsas verir.
“Aleko” həm özündən “yaşca bir az böyük olan” məşhur “Karmen” (ilk quruluş – 1875, Paris), onunla az qala yaşıd “Kənd namusu” (ilk quruluş – 1890, Roma) operaları kimi həm də sadə insanları opera tamaşası qəhrəmanı kimi səhnəyə gətirmişdi. Bu tamaşanın qəhrəmanları şəhərdəki boğanaq mühitdən uzaqlaşaraq qaraçı köçünə qoşulan, əsl azadlığı qaraçılarla hiss edən Aleko, Qoca qaraçı, onun gözəl qızı Zemfira və bu gözəlin sevgilisi Cavan qaraçıdır.
Nəzərə alsaq ki, son bir neçə ildə “Aleko” bizim teatrın repertuarında görünmürdü, budəfəki nümayişə maraq gözlənilən idi. Tamaşada Alekonu Əməkdar artist Cahangir Qurbanov, Zemfiranı uzunmüddətli analıq məzuniyyətindən sonra səhnədə davamlı yer almağa başlayan Əməkdar artist İlahə Əfəndiyeva ifa edirdilər. Digər partiyaları Xalq artisti Əkrəm Poladov (Qoca qaraçı), əməkdar artistlər Tural Ağasıyev (Gənc qaraçı) və Səbinə Vahabzadə (Qarı) oxuyurdu.
Aleko ilə Zemfira bir-birini sevir. Zemfiranın atası Qoca
qaraçı da, köçdəki qaraçılar
da onların həyat tərzini qəbul etmiş kübar cəmiyyət təmsilçisi Aleko ilə köçün ən gözəl qızının bu münasibətini normal qarşılayır.
Lakin bir gün Qoca
qaraçı qarşılaşdığı
xəyanəti yada salır, çox sevdiyi arvadı Mariulanın körpə qızını onun üstünə ataraq başqasına qoşulub qaçmasını xatırlayır.
Lakin o, nə xəyanətkar arvadını,
nə də onun yeni sevgilisini
axtarır, çünki
sevgi azaddır və hisslər öləndən sonra insanı öldürməyin
mənası yoxdur…
Əkrəm Poladov öz ariyasında bu əhvalatı nəql edəndən sonra köç qəmli hekayəti unutmaq üçün rəqs edərək şadlanmağa
başlayır. Heç vaxt Qoca qaraçı
kimi ürəyiyumşaq
ola bilməyəcəyini
anlayan Alekonu isə qısqanclıq bürüyür: o, xəyanətkarları
heç vaxt bağışlamazdı! Bu məqamlarda Cahangir Qurbanov öz qəhrəmanının qəlbindəki
tərəddüdləri həm
səsi, həm də mimikası ilə çox yaxşı ifadə edir. İlahə Əfəndiyeva Qoca qaraçının etiraf
səhnəsində atasının
dizinə söykənib
heç nə deməsə də, öz qəhrəmanının
ürəyindən keçənləri
baxışları, üzünün
ifadəsi ilə, təzə aşiq olduğu Gənc qaraçını köçün
içində Alekodan
oğurlanaraq nəzərləri
ilə axtarmaqla tamaşaçını qarşıdakı
faciəyə hazırlayır.
Atasının hekayətindəki azad sevgiyə anlayış, ərinin xəyanəti qətllə
cəzalandırmaq niyyəti
arasında çək-çevir
edən Zemfira öz hisslərini “Qoca ər, zalım
ər” ifadələri
ilə başlayan əsas ariyasında tam dolğunluğu ilə ifa edir. İlahə Əfəndiyeva
Zemfiranı Alekodan soyudan bütün səbəblərin izahını,
öz həyatından
narazılığını və təzə eşqdən gözləntilərini
bu ariyasına yükləməyə nail olur.
Onun Gənc qaraçı ilə görüş təyin etdiyi, sübh çağı görüşdən
qayıtdıqları səhnələrdəki
tərəf-müqabili Tural
Ağasıyevlə dueti
səmimiliyi ilə seçildi: hər iki vokalçı tamaşaçını öz
qəhrəmanının hisslərinə
həm inandıra bildi və həm
də duet bitən kimi salondan alqış
qazandı.
Müdriklər həmişə təxminən
bu fikirdə olublar ki, əgər
insan daxilən dəyişmək istəmirsə,
yaxud bunu bacarmırsa, mühitini dəyişib fərqli toplum qaydaları ilə yaşamağa qərar versə belə, onun içində formalaşmış
MƏN mütləq bir
gün özünü
göstərəcək. Elə Aleko da onu
özününkü kimi
qəbul etmiş qaraçı köçünün
azadlıq qaydalarını
pozur: Zemfiranın yeni sevgisini özünə təhqir hesab edərək Gənc qaraçını
bıçaqlayır, sevgilisini
müdafiə edə bilmədiyi üçün
ona lənət yağdıran Zemfiranı
da həmin bıçaqla qətlə
yetirir.
Səhər açılanda bu faciədən xəbər
tutan köç və Qoca qaraçı
Alekonu özlərindən
uzaqlaşdırırlar. Qoca qaraçı
“Biz vəhşi xalqıq,
yazılı qanunlarımız
yoxdur. Amma qaraçılar azadlığı yalnız
“özü üçün”
istəyən qatillə
birlikdə yaşamaq istəmirlər” reçitativi
ilə bir zaman qanundan qaçaraq onlara sığınmış Alekonu
köçdən qovur.
Qaraçılar yığışıb düşərgəni tərk
edir, Aleko isə yenidən tək qalır.
Birpərdəli tamaşa bir neçə il
əvvəl Ukraynadan dəvət edilmiş Mikola Tretyakın quruluşunda təqdim edilir. Rəqslərə Xalq artisti Mədinə Əliyeva quruluş verib. Tamaşanın quruluşçu rəssamı Əməkdar
mədəniyyət işçisi
Yusif Babayevdir.
“Aleko” operası
elə uvertüra çalınanda insanın
könlünü oxşayır. Teatrın baş
dirijoru, Əməkdar
artist Əyyub Quliyevin
idarə etdiyi orkestr də Raxmaninov musiqisinin gözəlliyinə və
mükəmməlliyinə layiq səviyyədə çıxış etdi.
Operanın tarixçəsi ilə
bağlı burada bir haşiyə də çıxaq ki, “Aleko” o zamankı
imperiyanın bir neçə teatrında uğurla tamaşaya qoyulduqdan sonra Raxmaninova təklif edilir ki, əsərə
Alekonun qaraçı
köçünə qoşulanadək
həyatından bəhs
edən proloq yazsın, lakin müəllif bundan imtina edir.
Tamaşada teatrın yaradıcı heyətində baş vermiş bir dəyişiklik də diqqətimizdən yayınmadı. Yeni artistlərin
hesabına sayca böyümüş xorun
həmişə çox
yaxşı səviyyədə
və əsl kütləvi səhnə
effekti yaradan çıxışı bu
tamaşada səsləniş
baxımından daha dolğun təsir bağışladı deyə,
xormeyster, Əməkdar
incəsənət xadimi
Sevil Hacıyevanın
əməyini xüsusi
qeyd etməyə dəyər.
Akademik Opera və Balet Teatrının repertuarında dünya opera sənətinin, xüsusən də XIX-XX əsr Avropa bəstəkarlarının çox məşhur və heç zaman dəbdən düşməyəcək operaları var. Lakin son illər böyük ənənəyə malik rus opera sənətinin nümunələri teatrın cari repertuarında, demək olar ki, yoxdur. Son mövsümlərdə yalnız P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının konsert ifasını xatırlaya bilirik. İstərdik ki, səhnəyə qayıtmış “Aleko” da repertuarda yerini möhkəmlətsin.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.5.