Unudulmayanlarda xanəndə Əbülfət Əliyev anılıb

 

 

 

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin dekabrın 20-də gerçəkləşən növbəti tədbiri məşhur xanəndə, Xalq artisti Əbülfət Əliyevə həsr olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi unudulmaz xanəndənin yaradıcılığı haqqında ətraflı məlumat verib, onun muğam sənətimizin inkişafında xidmətlərindən bəhs edib.

Bildirilib ki, 1926-cı ildə Şuşada dünyaya göz açan Əbülfət  Əliyevin uşaqlıq illəri Cıdır düzü, Bazarbaşı məkanlarında təşkil olunan məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarları ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olubo dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlümkimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1957-ci ildə ilk dəfə OperaBalet Teatrının səhnəsinə çıxan Ə.Əliyev Məcnun obrazının özünəməxsus şəkildə ifası ilə də sənət tariximizə düşüb, həmçinin Kərəm, Şah İsmayıl rollarını ustalıqla ifa edib.

Gecədə Əbülfət Əliyevə həsr edilmiş videoçarx nümayiş edilib. Xalq artistləri – tarzənlər Vamiq Məmmədəliyev və Möhlət Müslümov sənətkarla bağlı xatirələrini bölüşüb, sənət dünyasından söz açıblar.  Gənc xanəndələrin ifasında xalq mahnıları və muğamlar səslənib.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.3.