Azərbaycan Təbabəti Muzeyi

 

 

Paytaxtımızda fəaliyyət göstərən muzeylər silsiləsindən bu yazıda Azərbaycan Təbabəti Muzeyi barədə söhbət açacağıq.

Azərbaycan Təbabəti Muzeyi respublika Səhiyyə Nazirliyinin əmri ilə 1984-cü ildə yaradılıb. Rəsmi açılışı isə iki il sonra – 29 yanvar 1986-cı ildə gerçəkləşib.

Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında (Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 56) yerləşir. Bu həmin səhiyyə müəssisəsi idi ki, görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanov Həştərxan sürgünündən qayıdandan sonra 1914-1917-ci illərdə burada səhiyyə xidməti göstərib. Nərimanovun muzeyin giriş hissəsinə vurulmuş barelyefi üzərində də bu barədə qeydlər var.

***

Bu günlərdə ekspozisiya ilə tanış olmaq üçün muzeyə baş çəkdik. Muzeyin direktoru Sadatxan Əliyev bildirdi ki, kompleksin ekspozisiyası doqquz zalda yerləşdirilib. Birinci zalda Hippokratın, İbn Sinanın büstləri, İbn Sinanın “Həkim elminin qanunu” əsərinin 1143-cü ilə aid əlyazmasının fotosurəti nümayiş etdirilir.

İkinci zalda xalq təbabətindən bəhs edən məlumatlar, Qarabağda və digər bölgələrimizdə bitən dərman bitkilərindən nümunələr yer alıb. XIX əsrin II yarısında Rusiya və digər ölkələrin universitetlərində təhsil alan ilk azərbaycanlı həkimlərin – Əbdülxalıq Axundov, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza Vəkilov, eləcə də Bəhram Axundov, Kərimbəy Mehmandarovİbrahim Rəhimovun, ilk sanitar həkim Mustafa  Şərifovun portretləri, diplomları, monoqrafiyaları və dissertasiya işləri də burada nümayiş etdirilir. Zalda həmçinin tanınmış pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev haqqında ayrıca stend qurulub. Stenddə onun tibb sahəsində xidmətləri, elmi araşdırmaları ilə bağlı məlumat yer alıb. Görkəmli alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca bölmə həsr olunub. Xüsusi diaqramda biz 1917-ci il inqilabına qədər Bakının neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti ilə tanış oluruq. Eyni zamanda bu zalda Azərbaycanın ilk diplomlu qadın həkimləri haqqında məlumat almaq olar.

Növbəti zalda ilk olaraq Bakı neft sənayesi işçiləri qurultayının qərarına əsasən, müasir tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr olunmuş eksponatlar qarşımıza çıxır. Burada müxtəlif xalqlara mənsub həkimlərin fəaliyyətinə də yer verilib. Zalda həmçinin Ramanı feldşer məntəqəsinin fotosu, XX əsrin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində təhsil almış azərbaycanlı həkimlərin fotoşəkilləri diqqəti cəlb edir. Görkəmli cərrah, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova, ölkəmizdə pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə, Azərbaycanın ilk Səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəyova da ayrıca bölmə həsr olunub. Stendlərdə ötən əsrin əvvəllərində həkimlərimizin işlətdikləri tibbi alətlər də marağımıza səbəb olur.

Dördüncü zalda sovetləşmədən (1920) sonra Azərbaycan İnqilab Komitəsinin apteklərin milliləşdirilməsi haqqında ilk dekreti, Bakı Dövlət Universitetinin ilk rektorları V.İ.RazumovskiS.N.Davidenkovun fotoşəkilləri nümayiş etdirilir. Eyni zamanda universitetin Tibb fakültəsinin ilk buraxılışı, professor-müəllim heyəti, ilk elmi tədqiqat institutlarının fəaliyyəti ilə də tanış olmaq mümkündür. Burada universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbaziyə və N.Nərimanova xüsusi stendlər həsr olunub. Zalda N.Nərimanov və dövlət xadimi Qəzənfər Musabəyovun büstləri qoyulub.

Beşinci zalda keçmiş SSRİ-nin Xalq Səhiyyə komissarı N.A.Semaşko ilə Azərbaycan Səhiyyə komissarı Möhsün İsrafilbəyovun (Qədirli) birlikdə portreti ilə qarşılaşırıq. 1934-1936-cı illərdə kənd əhalisi üçün tibbi xidməti yaxşılaşdırmaq məqsədilə təşkil olunmuşGöyçay hərəkatı”na ayrıca bölmə həsr edilib. Bu zalda həmçinin Azərbaycan Tibb İnstitutunun ayrı-ayrı kafedraları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkili və fəaliyyətinə dair, habelə Qırmızı Aypara Cəmiyyətinin təşkili ilə bağlı materiallar yer alıb.

Böyük Vətən müharibəsində önarxa cəbhədə borclarını şərəflə yerinə yetirən tibb işçiləri haqqında maraqlı eksponatların nümayiş olunduğu altıncı zala daxil oluruq. Burada Kerç boğazını keçərkən göstərdiyi igidliyə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Səməd Abdullayevin, 1945-ci ildə Almaniyada yaralıları xilas edərkən həlak olan Sovet İttifaqı Qəhrəmanı Məmməd Məmmədovun fotoşəkilləri nümayiş etdirilir. Zalda Bakı vağzalına sanitar qatarı ilə yaralıların gətirilməsi, həmçinin görkəmli səhiyyə xadimi, akademik Mustafa Topçubaşovu əməliyyat zamanı əks etdirən maket-diaqramlar ilə tanış oluruq. Diqqəti cəlb edən eksponatlardan biri də partizan-həkim Aliyə Rüstəmbəyovanın “Babapartizan dəstəsindəki fəaliyyətindən bəhs edən materiallardır.

Yeddinci zalda Böyük Vətən müharibəsindən sonrakı dövrdə respublikada müalicə-profilaktika müəssisələrinin tikilməsinə və bərpasına həsr olunan eksponatlar yer alıb. 1935-1938-ci illərdə Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmiş və Azərbaycan SSR Xalq Səhiyyə komissarı olmuş Əziz Əliyevə həsr olunmuş xüsusi stendmaraq doğurur.

İndi isə ümummilli lider Heydər Əliyevə həsr olunan səkkizinci zaldayıq. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən bir çox uğurlar ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin müxtəlif konfranslarda iştirakı, tibb işçiləri ilə, dünya şöhrətli musiqiçi M.Rostropoviç, məşhur səhiyyə xadimi İhsan Doğramacı və başqaları ilə görüşlərini əks etdirən fotoşəkillər bu zalda nümayiş etdirilir. Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olan Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın fotoşəkilləri, elmi fəaliyyətinə dair sənədlər də bu zalda yer alıb.

Muzeyin sonuncu zalında Prezident İlham Əliyevin respublikamızda səhiyyə sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı əks olunub. Dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni tikilmişya əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim edilir. Stendlərdə Diaqnostika Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi ilə yanaşı, regionlarda əhaliyə xidmət göstərən müasir səhiyyə ocaqlarının açılışı zamanı çəkilən şəkillər də nümayiş etdirilir.

***

Ekskursiya aparıcısı Zemfira Dadaşovanın sözlərinə görə, muzeyin ekspozisiya zallarında minə yaxın eksponat nümayiş olunur. Muzey ziyarətçilər tərəfindən maraqla qarşılanır. Azərbaycan Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimləri, orta ixtisas tibb təhsili müəssisələrinin tələbələri, xarici qonaqlaryerli vətəndaşlar müntəzəm olaraq muzeyi ziyarət edirlər.

Muzeyin baş mühafizi Sevinc Maniyeva bildirir ki, fondda ümumilikdə 13 845 əşya saxlanılır. Onlardan 8162-si əsas, 5683-ü köməkçi fonda aiddir. Fond daim yeni materiallarla zənginləşir. Qədim tibb alətlərinin materialların toplanması məqsədilə müntəzəm ezamiyyətlər təşkil olunur.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.6.