Nəsimi irsi səhnə layihələrində

 

 

 

Yola salmağa hazırlaşdığımız “Nəsimi iliböyük şairin həyat və yaradıcılığına münasibətdə maraqlı sənət layihələri ilə yadda qalacaq.

Teatrlarımız da Nəsimi poeziyasını səhnəyə daşımağa, ona dramaturji material kontekstindən baxmağa cəhd etdilər. Bu sənət cəhdlərinin bəzisi Nəsimiyə uzaq, tamaşaçıya yad olsa da, hər halda, istənilən çəkilən zəhmətə diqqət olaraq qeyd olunmalıdır. Ən azı o yaradıcı fəaliyyətin içində Nəsimiyə duyulan böyük eşq varsa...

Nəsimi irsinin xoreoqrafiya nümunəsində maraqlı təzahürü Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Fikrət Əmirovun “Nəsimi” baletinin yeni quruluşda nümayişi oldu. Tamaşanın quruluşçu baletmeysteri OperaBalet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Əməkdar rəssam Nüsrət Hacıyevdir. Rollarda Anar Mikayılov (şair Nəsimi), əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edirlər. Məşhur baletə yeni libretto yazan Ə.Ulduz tamaşanın süjetini üç şəklə – Sufinin gəncliyi, Sufinin səyahətləri və Sufinin edamı – bölməklə bizə kinoekrandan və bəzi miniatürlərdən Nəsimi soraq-təsvirini ötürən cizgilərin yeni portretini təqdim edir.

***

Digər səhnələrdəki Nəsimi obrazına gəlincə, Bakı Bələdiyyə Teatrının  səhnə işini ayrıca qeyd etmək istərdim. Çünki 27 illik zəngin yaradıcılıq yolu keçən teatrın “Nəsimi” adı verdiyi tamaşası izləyicilərə şairin obrazına fərqli prizmadan baxmaq imkanı yaratdı.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada şairin yaşadığı dövrüonun həqiqətlərini görə bildik. Çingiz Ələsgərlinin müəllifi olduğu səhnələşdirmədə şairin mübarizəsini aşiqliyindən bir addım irəlidə gördük. Quruluşçu rəssam (İlham Əsgərov) bir-iki məqam üzərində dayanmaqla tamaşaçının diqqətini hadisələrin inkişaf etdiyi zaman və məkanlara yönəldir. Tamaşada Nəsimi obrazını Tural Əhməd canlandırırdı. Digər rollarda əməkdar artistlər Aydın Əliyev (Nəimi), Hüsniyyə Mürvətova (Fatma), Rafiq İbrahimov (İbrahim şah), İlqar Musayev (Əmir Teymur) və başqaları oynayırdı.

***

“Nəsimi ili” çərçivəsində daha bir sənət layihəsini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı təqdim etdi. Kollektiv Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərdi.

Quruluşçu rejissoru, rəssamı və xoreoqrafı müəllifin özü – Əməkdar mədəniyyət işçisi İftixar Piriyev olan bu tamaşa Nəsimi irsinin özünəməxsus yozumda təqdimatı idi. Musiqi və rəqs elementlərinin müşayiətində şairin həyatından məqamlar, mübarizəsindən detallar, poeziyasından seçkin nümunələrlə həmahəng “Haqq mənəm” tamaşaçıları Nəsimi dünyasına baxışa çağırırdı.

***

Bakı Uşaq Teatrı böyük şairin yubileyinə “Nəsimi ili – Nəsimi dili” adlı festivalla töhfə verdi. Azərbaycan Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə səhnəsində başlayan (12 aprel) festivala Akademik Musiqili Teatr, Sumqayıt Dövlət Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Mədəniyyət və İncəsənət UniversitetiRespublika İncəsənət Gimnaziyası da qatılmışdı.

Bakı Uşaq Teatrı öz səhnə imkanları daxilində Nəsimi eşqini dilə gətirdi. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi isə Nəsiminin ideyalar aləmini musiqili çarxla səhnəyə daşıdı. Dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında “Nəsimi” adlı promo-roliki rejissor Samir Qulamov hazırlamışdı.

***

Bu günlərdə teatrsevərlər Yuğ Dövlət Teatrının səhnəyə çıxardığı Nəsimiyə tamaşa etdilər. Dekabrın 26-da premyerası reallaşdırılacaq “Mənəm mən” tamaşası İlqar Fəhminin mistik-psixoloji dramı əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Aygün Səmədzadədir. Səhnə əsərində Məmmədsəfa Qasımov, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Qasım Nağı, Amid Qasımov rol alırlar.

Mistik psixoloji dram kimi müəyyən olunan tamaşada fərqli bir Nəsimi izləyəcəyik. Daxilən azad adamlara ünvanlanan səhnə işində bizi Nəsimidən ayıran uzun zaman bir anda yox olur və beləcə, gücü çatan hər kəsin Nəsimi ilə ruhi bütünləşməsi baş verir.

***

İl ərzində reallaşan bu teatr, sənət tədbirlərini izləmək imkanı olmayanlar üçün, belə demək olarsa, son şans dekabrın 27-də veriləcək. Həmin gün Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq. Əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvard Smirnova məxsusdur.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.1;5.