Kiyevdə Nəsimiyə həsr edilmiş araşdırmanın təqdimatı
V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında “Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əsərləri Ukrayna dilinə tərcümələrdə (V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fondlarında)” adlı araşdırmanın təqdimatı keçirilib.
Kitabxananın baş direktoru, professor Lyubov Dubrovina Ukrayna-Azərbaycan mədəni əlaqələrinin inkişafı yolunda görülmüş işlərin əhəmiyyətini vurğulayıb, bu tədqiqata göstərilən marağa görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov Nəsimi irsinin populyarlaşdırılması, Ukrayna vətəndaşlarının Azərbaycanın böyük şairi və mütəfəkkiri barədə məlumatlandırılması üçün həyata keçirilmiş layihələr barədə danışıb, bu il Kiyevdə Nəsiminin abidəsinin açıldığını diqqətə çatdırıb.
Tədqiqat işinin rəhbəri, V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının şöbə müdiri Tatyana Dobko qeyd edib ki, kitabxana fondlarının araşdırılması sayəsində Nəsimi əsərlərinin Ukrayna dilinə əvvəllər məlum olmayan tərcüməçiləri və nadir məqalələr aşkar edilib.
Tədbirin moderatoru Dmitri Çistyak Nəsiminin
tərcüməçisi kimi gördüyü işlər barədə
danışıb. Ukraynanın kino və teatr aktyoru, dramaturq Vasili Dovjik Nəsiminin Ukrayna
dilinə tərcümə olunmuş əsərlərini
əzbərdən söyləyib. Tədbirin qonaqları
tanınmış bəstəkar Vladimir
Qubanın “Nəsimi əsərlərinin motivləri əsasında...”
adlı kompozisiyasını da dinləyiblər.
“Sammit-kniqa” nəşriyyatının direktoru İvan Stepurin, Nəsimi əsərlərinə illüstrasiyalar seriyasının müəllifi
İnna Sautina və
başqaları çıxış ediblər. Tədbirin təşkilatçılarından
biri – Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin üzvü Marina Qonçaruk qeyd edib ki,
Nəsimi irsinin təbliğində
ukraynalı yaradıcı ziyalıların iştirak
etməsi çox vacibdir.
Mədəniyyət.- 2019.- 28
dekabr.- S.4.