Kamança və kamanlı alətlərə
həsr olunmuş dəyirmi masa
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı açaraq kamanla çalınan simli musiqi alətinin müxtəlif adlarla Şərq və Orta Asiya xalqları arasında geniş yayıldığını dedi. O, milli musiqi alətimiz olan kamançanı yaşatmaqla yanaşı, onu təkmilləşdirərək gələcək nəsillərə çatdırılmasının təqdirəlayiq hal olduğunu bildirdi.
Milli Konservatoriyanın Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov kamançada təkmilləşmə işindən, alətdə səs effektinin yaxşılaşdırılması üçün çanaqda aparılan işlər və kamanla ifa olunan musiqi alətlərindən danışdı. Bildirdi ki, kamança musiqi alətinin kəlləsində mexaniki üsulla simlərin tənzimlənməsi, kamança aşıqlarında nəmliyə qarşı müqavimətin artırılması, kamança çanağında rezonatorun qoyulması kimi problemlərin həlli bu sahədə ümdə məsələlərdəndir.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə çıxışında kamança alətində zaman-zaman baş vermiş dəyişikliklərdən bəhs etdi. Bildirdi ki, Əbdülqadir Marağa əsərlərində, başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkib. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilib. XIX əsrə aid edilən alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilərək üzərinə dəri çəkilib. Ümumiyyətlə, simli musiqi alətinin yaxşı səslənməsində qol ilə simlər arasında məsafənin dəqiq təyin edilməsi çox vacibdir.
Dəyirmi masada daha sonra kaman ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, həmçinin Şabran, Şuşa, Qəbələ və Ağsu şəhərlərindən dəvət olunmuş tar ustaları Məzahir Həsənov, Güləli Bayramov, Ağamir Həsənov və başqaları çıxış edərək simli musiqi alətlərimizdə ifaçılıq, onların təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşdülər.
S.FƏRƏCOV
Mədəniyyət.- 2019.- 28
dekabr.- S.2.