Qəriblikdəki məzarın fotohekayəsi
Qəzetimizin əməkdaşının
Hələbdə çəkdiyi şəkillərin sərgisi
təşkil edildi
Xəbər
verdiyimiz kimi, “Mədəniyyət” qəzetinin fotomüxbiri
Orxan Əzim Suriyanın Hələb şəhərinə səfər
edərək, böyük çətinliklərlə də
olsa, dahi şairimiz İmadəddin Nəsiminin məqbərəsinin
fotolarını çəkib.
Dekabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında fotoqrafın Nəsiminin məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi nümayiş olundu.
Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında sərgini “Nəsimi ili”nə töhfə kimi qiymətləndirdi:
“Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq”.
Əbülfəs Qarayev layihənin fotomüxbirin cəsarəti nəticəsində reallaşdığını vurğuladı: “Onun Suriyaya getmək cəhdləri baş tutdu, biz də Mədəniyyət Nazirliyi olaraq ona bu işdə dəstək verməyə çalışdıq. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək abidənin fotolarını çəkib”.
Qeyd edək ki, neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış Hələb şəhərində Nəsiminin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub. Orxan Əzimin dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.
Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin də görüntülərini çəkib. Hərbi əməliyyatlar nəticəsində 13 kilometr uzunluğunda tarixi Hələb bazarının böyük hissəsi tamamilə dağıdılıb. UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar isə gələcəyə ümidlidir.
Fotosərgi 27 dekabr
axşamı Heydər Əliyev Sarayına “Nasimi
passion” vokal-xoreoqrafik
tamaşasına baxmağa gəlmiş sənətsevərlər,
yaradıcı insanlar, ziyalılar, eləcə
də gənclər tərəfindən böyük
maraqla qarşılandı.
Mədəniyyət.- 2019.- 28
dekabr.- S.1;2.