Muzeydə sərgi
Dekabrın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirildi. Tədbirdə əslən Güney Azərbaycandan olan şair, rəssam Fəriba Fərhənginin Güney və Quzey Azərbaycana həsr etdiyi şeirləri dinlənildi, rəsmləri nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. Sonra o, ixtisasca filoloq olan Fəriba xanımın həm də gözəl foto ustası olmasından, incə zövqündən, təbiət mənzərələrinə həssaslıqla yanaşmasından söhbət açdı.
Muzeydə təşkil edilmiş sərgidə Fəriba Fərhənginin çəkdiyi o taylı – bu taylı Azərbaycanın gözəl təbiət mənzərələrinin fotoları böyük marağa səbəb oldu. “Urmiya gölü”, “Vərziqan dağı”, “Kəbir səhrası”, “Səhənd dağının ətəyi”, “Rudxan” qalası, Babək qalasının ətəklərində yerləşən Kəlibər meşələrini, Culfaya yaxın ərazidə yerləşən Kəmtal dağının mənzərəsi, Xəzər dənizinin coşqun dalğaları böyük zövqlə seçilmiş foto mənzərələr idi. Sərgidə Fəriba Fərhənginin qrafika üslubunda çəkdiyi avtoportreti də yer almışdı.
Sərgiyə baxışdan sonra şairə Fəriba xanım Güney və Quzey Azərbaycana həsr etdiyi vətənpərvər ruhlu şeirlərini söylədi. Daha sonra həkim Gülər Quliyevanın “Ağ yelkənli ağ gəmi” şeiri alqışlara səbəb oldu. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbəsi, vokalçı Rüfət Piriyevin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr səsləndi.
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Xatirə Yusifova çıxış edərək tədbirin təşkilatçılarına, Fəriba Fərhəngiyə bu unudulmaz gün üçün öz təşəkkürünü bildirdi.
Tədbirdə “AİESEC” təşkilatının xətti ilə ölkəmizdə turist səfərində olan İtaliyadan, Çindən, Vyetnamdan qonaqlar da iştirak edirdilər. Sonda iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış oldular.
Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin
ev-muzeyinin Ekspozisiya və
kütləvi işlər şöbəsinin müdiri
Mədəniyyət.- 2019.- 28
dekabr.- S.7.