Bizi deyib gələn
ədib, üçüncü əsrindəki
yubileyin mübarək!
Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Mirzə Cəlilin anadan olmasının 150 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Yubiley mərasimində iştirak etmək üçün təşrif buyuranlar əvvəlcə teatrın foyesində Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunmuş kitablarının sərgisi ilə tanış oldular. Sərgidə Mirzə Cəlilin yaratdığı və baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının da əski (ərəb) əlifbası ilə çap olunmuş nüsxələri də sərgilənirdi.
Yubiley tədbirində ilk səhnəyə qalxan Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışına bu sözlərlə başladı: “Bu gün biz yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd edirik. Nə gözəl ki, bir zaman ulu öndər Heydər Əliyevin təməlini qoyduğu görkəmli insanların, ədəbiyyat, sənət və elm xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi ənənəsi bu gün də yaşayır. Ölkə rəhbərliyi Azərbaycan tarixində iz qoymuş böyük şəxsiyyətlərin yubileylərini dövlət səviyyəsində qeyd etməklə onları bizə bir daha yaxınlaşdırır”.
Nazir diqqətə çatdırdı ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu ildə Cəlil Məmmədquluzadə ilə bərabər Cəfər Cabbarlı, Məhəmməd Hadi, İsmayıl Şıxlı, Hüseyn İbrahimov kimi görkəmli ədiblərin yubileyləri də qeyd edilir. Bundan əlavə, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib: “Nəsiminin adı ilə bağlı keçirilən tədbirlər isə göstərir ki, “Nəsimi ili”, ümumiyyətlə, mədəniyyət ili kimi qəbul edilməlidir. Çünki bu tədbirlər silsiləsi Azərbaycan xalqının dili, fəlsəfəsi, mədəniyyəti ilə bağlıdır”.
Nazir Cəlil Məmmədquluzadənin 150 illiyinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini vurğulayaraq ölkə başçısının müvafiq sərəncamında onun yaradıcılığına və şəxsiyyətinə verilən qiyməti diqqətə çatdırdı: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist, ictimai xadim, milli ədəbiyyatın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış, bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli yazıçı, öz zəngin irsində azərbaycançılıq məfkurəsini dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadə edən vətəndaş yazıçı. Cəlil Məmmədquluzadə ölkə başçısının məhz bu cür səciyyələndirdiyi nadir şəxsiyyətlərdən biridir. İl ərzində Azərbaycanın bölgələrində böyük mütəfəkkirin adı ilə bağlı olan silsilə tədbirlər keçirildi, teatrlarda tamaşalar quruldu, televiziya filmləri çəkildi. Hesab edirəm ki, görkəmli şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi ənənəsi Azərbaycanda daim yaşayacaqdır. Çünki Azərbaycan xalqının özünü dərk etməsində mühüm rol oynamış şəxsiyyətlər heç vaxt unudulmamalıdır. Dövlət səviyyəsində qeyd edilən hər belə yubiley onları yenidən cəmiyyətimizə qaytarır, yeni nəslə tanıdır. Onların xalqımızın inkişafına verdikləri töhfələr bizimlə birlikdə gələcəyə gedir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı və mənəviyyatında tamamilə yeni səhifə açmış yazıçı olduğunu söylədi: “Biz Mirzə Cəlildən öz xalqını necə sevməyi öyrənirik. Azərbaycan ədəbiyyatında 6-7 şair və yazıçıya dahi demək olar ki, onlardan biri də Mirzə Cəlildir. O, Azərbaycan xalqı, Azərbaycan dili yaşadıqca həmişə xalqımızın qəlbində yaşayacaq”.
Anar paytaxtımızda hələlik yalnız Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanında heykəli olan Mirzə Cəlilə ayrıca abidə ucaltmaq barədə təklifinin ölkə başçısı tərəfindən müsbət qarşılandığını xatırladaraq, həmin heykəlin açılışında iştirak edib söz demək arzusunu da paylaşdı.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında C.Məmmədquluzadəni Azərbaycanın müstəqilliyinə, milli oyanışına ürəkdən xidmət etmiş görkəmli sənətkar, istiqlal ədəbiyyatının sərkərdəsi, böyük “Molla Nəsrəddin” ordusunun başçısı kimi dəyərləndirdi, onun yaratdığı ordunun Azərbaycanın milli-mənəvi oyanışına misilsiz xidmət göstərdiyini dedi: “Mirzə Cəlil – divanxana qapısını tanıyıb, amma poçtxananı tanımayan Novruzəli, Kərbəla ziyarətini həyatının mənasına çevirmiş zavallı Məhəmmədhəsən əmi kimi kiçik adamları böyük ədəbiyyatın qəhrəmanına çevirdi. Mirzə Cəlil kiçik hekayələrin böyük ustadıdır, satirik publisistikanın əsasını qoyaraq onu yüksək səviyyəyə qaldırdı. Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi bir yenilik də onun ədəbiyyata gətirdiyi kiçik adamların milli-mənəvi oyanışına nail olmaqdır. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çap olunan “Molla Nəsrəddin” jurnalı Mir Cəlal Paşayevin sözləri ilə desək, Azərbaycan xalqının açıq istiqlal kitabıdır. Onun “Anamın kitabı” pyesi əslində Azərbaycanın tale kitabı, azərbaycançılığın manifestidir”.
Çıxışlardan sonra yubiley gecəsinin bədii hissəsi başladı. Mirzə Cəlil və onun məşhur qəhrəmanları səhnəyə çıxdılar.
Millət sevgisindən dolayı cəmiyyətdəki naqisləri göstərən yazıçının tanıtdığı, amma o tanınmışların təbirincə, onları biabır və bədbəxt etmiş Novruzəli də, Məhəmmədhəsən əmi öz külfəti ilə, Zəhrabəyim ananı çaşqınlıq içində qoyan üç oğlu da, Vəliqulunun bədbəxt anası Zeynəb də, öz faytonçusu Kəblə Qasım və aşpazı Əli ilə birlikdə ya naçalnikin arvadının ad gününəmi, ya yubileyəmi gəldiyini dəqiq bilməyən, ayıq vaxtı olmayan Qurbanəli bəy də, şəyirdi ilə işdən başqa hər mətləbdən danışan Usta Zeynal da, “Dəli yığıncağı”nın xəstələrini, Pırpız Sonanı qoruyan Molla Abbas da burada idilər. Hamı da tənbəllik eləmədən Mirzə Cəlili – həyat və yaradıcılıq amalı “Bizi deyib gəlmiş” olan, söz deməklə, anlatmaqla qandırmağın mümkünlüyünə inanan böyük Ədibi ittiham edirdi.
Az-çox sözü, musiqi dili ilə desək, solo çıxışı olan və olmayan, yalnız üzünün mimikası və kütləvi səhnə iştirakçısı kimi rejissorun göstərişini jest və hərəkətlə yerinə yetirən dörd teatrın otuzadək aktyorunun nizamlı oyunu və sığallı davranışı, ssenarinin məntiqi ardıcıllığının qorunması “Mirzə Cəlil yaradıcılığına ekskurs” adlandırıla biləcək bitkin tamaşa təəssüratı yarada bildi. Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Akademik Rus Dram Teatrı və Akademik Musiqili Teatrın aktyorları bir səhnədə mükəmməl oyun sərgilədilər. Nəzərə alaq ki, bu kompozisiyada həm öz teatrlarında Mirzə Cəlilin tamaşaya qoyulmuş əsərlərində rol almış aktyorlar, canlandırdığı qəhrəmanla məhz yubiley tamaşa-kompozisiyası səbəbindən ilk dəfə rastlaşan aktyorlar da çıxış edirdi ki, onların tamaşaçını cəlb edən birgə çıxışı, heç şübhəsiz, quruluşçu rejissor – Xalq artisti Vaqif Əsədovun, rejissorlar Elnur Məmmədov və Tural Mustafayevin ideya və zəhmətinin bəhrəsi idi.
Obrazların müəllifini ittiham etməsi demişkən, elə bilməyin ki, səhnədə Mirzə Cəlilin məsləkdaşları heç yox idi. Səhnənin sağında və solunda əyləşmiş ziyalı görünüşlü iki aktyor da yubilyarın yaradıcılığından gələn elm, mərifət, millətsevərlik nurunun yayıcısı, onun məslək qardaşları missiyasını yerinə yetirirdilər.
Az-çox məşhur ittihamçı qəhrəmanların adını çəkərkən Mirzə Cəlilin ən böyük şər, cəhalət təmsilçisi olan qəhrəmanını – Şeyx Nəsrullahı və öz toplumunu ayıltmaq çabalarında bulunan, Mirzə Cəlil ideyalarının daşıyıcısı Kefli İsgəndəri unutmuş olduğumuzu sanmayın. Onların üzləşməsi yubiley gecəsinin final akkordları oldu.
Cəlil Məmmədquluzadə XIX əsrdə gözünü açdığı dünyasını qaranlıq gördü. Ağlı kəsib savad yiyəsi olandan, əlinə qələm alandan ta ömrünün sonunadək cəhalətlə mübarizəni, cəmiyyəti maarif, elm nuru ilə işıqlandırmağı həyatının mənasına çevirdi.
Mirzə Cəlil XIX əsrdə doğuldu, həmin əsrdə ədəbi fəaliyyətə başladı. Azərbaycan insanının düşüncəsinə işıq tutan ən gözəl əsərlərini XX əsrdə yazdı. Hakimiyyət, ictimai-siyasi quruluş dəyişiklikləri onu öz ideyasından döndərə bilmədi. Tutduğu haqq yolundan, maarifçilik məramından heç dönmədi.
Mirzə Cəlilin 150 yaşını XXI əsrdə qeyd edir, öz istedadını millətin intişarı uğrunda çabalara, xoşniyyətli əməllərinə təmənnasız sərf etdiyinə görə onu ehtiram hissilə anırıq. Nədən ki, o bizi deyib gəlmişdi, bizim üçün yaşayıb-yaratmışdı.
Digər tərəfdən də... Mirzə Cəlilin ruhu qarşısında bir balaca gözükölgəli sayılırıq. Çünki onun da, ürəyinin yağını xalq yolunda şam kimi əridən digər klassiklərimizin də öyüdləri, eşitdirdikləri qulağımızda sırğa olsa belə, hələ də hamılıqla əməlimizə çevrilməyib.
Odur ki, sözümüzün sonunda üzümüzü Cəlil Məmmədquluzadənin uca ruhuna tutub deyirik: Bizi deyib gələn ədib, 150 yaşın mübarək! Biz hələ sənin kəlamlarından yapışıb çox mübarizələr aparacağıq!
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 28
dekabr.- S.1;4.