Gənclər gününün rəngarəng mədəni proqramı

 

 

 

2 fevral – Gənclər günü münasibətilə ölkəmizdə hər il çoxsaylı mədəni tədbirlər, incəsənət layihələri həyata keçirilir.

Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Gəncliyin səsi” festivalı da artıq ənənə halını alıb. Layihə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi məqsədi daşıyır. 2016-cı ildən etibarən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) ilə birlikdə keçirilir.

Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil olunan növbəti festival fevralın 1-dən 5-dək davam edəcək.

“Gəncliyin səsi” festivalının açılış mərasimi fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində olacaq. Mərasimdə istedadlı gənclərə mükafatlar da təqdim olunacaq.

Festivalın tədbirləri “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçiriləcək.

Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşafilm nümayişlərinin təşkili nəzərdə tutulur.

Festival çərçivəsində 1 fevral tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gənc musiqiçilərin konserti,  2 fevralda Sumqayıt Dövlət Dram Teatrında “ASAN Könüllüləri”nin iştirakı ilə Üzeyir Hacıbəylinin  “Arşın mal alanmusiqili komediyası təqdim olunacaq. Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Prezident təqaüdçülərinin konserti, Quba regional “ASAN Həyat” kompleksində gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, gənclərin fotosərgisi olacaq.

4 fevral tarixində Masallı və İmişli regional “ASAN Həyat” komplekslərində də filmtamaşa nümayişi, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazarlarla görüş, 5 fevralda Azərbaycan Dövlət Musiqili Teatrında “ASAN Könüllüləri”nin təqdimatında C.Cabbarlının “Vəfalı Səriyyə” tamaşasının premyerası nəzərdə tutulub.

Bundan əlavə, gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə 1-3 fevral tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan “Gəncliyə töhfə” musiqi festivalı keçiriləcək.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu layihə barədə fikirlərini bölüşərək bildirdi ki, “Gəncliyə töhfə” festivalı çərçivəsində fevralın 1-də Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, fevralın 2-də Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və fevralın 3-də filarmoniyanın Kameraorqan musiqisi zalında gənc istedadların iştirakı ilə konsertlərin keçirilməsi nəzərdə tutulub.

Konsertlərdə gənc bəstəkarların əsərləri səslənəcək.  Konsertin simfonik musiqi hissəsi Bəstəkarlar İttifaqının gənc bəstəkarlara dəstəyi ilə hazırlanıb: “Bu festival nazirlik və ittifaqın gənc bəstəkarların əsərlərinə baxışı xarakteri daşıyır. Çalışırıq ki, festival çərçivəsində gənc bəstəkarların əsərləri səslənsin. Onlar bu zaman öz qüsurlarını bizdən deyil, əsərlərini zaldan dinləyərək dərk etsinlər ki, bu, çox vacib məsələdir. Filarmoniya səhnəsindən əsəri səslənən gənc bəstəkar daha çox məsuliyyət daşıyır, eyni zamanda bu onun inkişafına, yaradıcılığında yeni cəhətləri təyin etməsinə də təkan verir”.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.1-2.