Musiqili filmlərimiz – səhnədən
ekrana
II yazı
(I yazı qəzetimizin 16 yanvar 2019-cu
il tarixli sayında)
“Arşın mal alan”
– 1965
Ta qədimdən
sənət biliciləri əmindirlər: klassik əsərlərin
bütün dövrlərdə öz ifaçısı və
öz tamaşaçısı olmalıdır. Həqiqətən, klassik əsər ona görə
klassik sayılır ki, bütün nəsillər ona maraq
göstərir, onu oxuyur, ifa edir və s. Daha çox teatra xas
olan bu cəhətə kinematoqrafda da rast gəlmək olur.
Dünya kino tarixində bir neçə dəfə
ekranlaşdırılmış onlarla film göstərmək
olar. Belə ekran əsərləri bir
qayda olaraq məşhur romanların, pyeslərin motivləri əsasında
çəkilən kinolentlərdir. Təkrar-təkrar
ekranlaşdırılan əsərlər cərgəsində
“Üç muşketyor”, “Anna Karenina”, “Romeo və
Cülyetta”, “Hamlet” və digər məşhur roman və
dramların adını çəkmək olar. Musiqili
əsərlərin ekran həyatından danışası
olsaq, İmre Kalmanın, Yohann Ştrausun, İsaak Dunayevskinin
operettaları dünya üzrə siyahıda ilk yerləri
tutmuş olar. Bu xüsusda bizim də deməyə
sözümüz, göstərməyə filmimiz var: 1945-ci
ilin məşhur ekran əsərindən 20 il
sonra rejissor Tofiq Tağızadənin
ekranlaşdırdığı ikinci “Arşın mal alan”
filmi...
1965-ci ildə,
Üzeyir Hacıbəylinin anadan olmasının 80 illik yubileyi
münasibətilə çəkilmiş “Arşın mal alan” filmi ekranlara çıxdı. Üzeyir bəyin musiqisi kimi onun operettaları əsasında
çəkilmiş hər iki filmə əbədi aşiq Azərbaycan
ictimaiyyəti bu ekranlaşdırmanı birmənalı
qarşılamadı. O vaxtadək rejissorluq fəaliyyəti
rəğbətlə qarşılanmış, çox sevilən
“Görüş” və “Uzaq sahillərdə” filmlərini
çəkmiş Tofiq Tağızadənin yeni ekran işi
bir neçə səbəbdən qınaq doğurmuşdu.
Əsas iradlar operettanın süjet xəttinə
müdaxilə ilə bağlı idi. Yəni elçi gələn
Süleyman bəyin Asyanı görüb bəyənərkən
onu Gülçöhrə zənn etdiyindən qızı
özü üçün istəmək fikrinə
düşərək, tezcə də fikrindən dönməsi,
yenə də onun yanlışlıq üzündən
Gülçöhrənin əvəzinə Asyanı
qaçırması, filmin, operettada olduğu kimi, Əsgərin
məşhur “Nalədəndir ney kimi avazeyi eşqim bülənd”
ariyası əvəzinə Gülçöhrənin
üzü görünmədən onun ariyası ilə
başlaması irad tutuldu. Quruluşçu
rejissorun aktyorları düzgün seçməməsi, onlara
obrazın mahiyyətini düzgün anlatmaması kimi iradlar da
vardı.
Lakin Tofiq Tağızadə filmdə hadisələri
dekorasiya fonundan çıxararaq təbiətin qoynuna
aparmış, Göygölü, Qubanı, eləcə də
Bakının görməli yerlərini ekrana gətirmişdi. Düzünə qalsa,
birinci “Arşın mal alan” filmdən daha
çox ekranlaşdırma, ikinci isə daha çox film idi. Əsərə artırılan bəzi səhnələr,
o cümlədən arşınmalçı Əsgərin
küçədə başına gələnlər, səhvən
qız qaçırma səhnəsi kino estetikası və
texnikasından daha uğurlu bəhrələnmə nümunələri
sayılmalıdır. Süleymanın
(Hacımurad Yagizarov) Asyaya gözü düşməsi, eləcə
də Soltan bəyin (Ağadadaş Qurbanov) qulluqçu
qız Tellini xalça yuyarkən görəndə bir
anlığa baxışlarını idarə edə bilməməsi
filmin yaradıcılarına irad tutulurdu. Olsun
ki, bu iradlara bir qədər haqq qazandırmaq olar. Lakin nəzərə alsaq ki, Üzeyir bəy öz
komediyalarında heç vaxt ideal obraz yaratmaq niyyətində
olmayıb, obrazların konkret situasiyada belə
davranışı anlaşılandır. Digər
yersiz iradlardan biri kimi isə Cahan xala roluna çox cavan Nəcibə
Məlikovanın çəkilməsi idi. Qəribədir
ki, Münəvvər Kələntərli (1912-1963) birinci
“Arşın mal alan”da Cahan xala roluna çəkiləndə
33 (!) yaşında idi, Nəcibə Məlikovanın (1921-1992) Cahan xalası isə 44
yaşında. Ola bilsin ki, filmdəki gənc bəy
qızları rollarında
çəkilən Xuraman Hacıyeva və Leyla
Şıxlinskaya istər zahiri gözəllik, istərsə də
öz obrazını daha təbii yaşayıb
çatdırmaq baxımından istedadı parlamış təcrübəli
aktrisanın kölgəsində qalırdılar deyə, Nəcibə
xanım ekranda daha gözəl və daha cavan
görünürdü. Bu filmdən sonra uzun illər
yaşayıb çalışan Xalq artisti Nəcibə Məlikova
sübut edəcəkdi ki, yaş artdıqca da təravətli
və cavan görünmək mümkündür.
Aktyor seçiminə gəlincə, Xoreoqrafiya məktəbinin
18 yaşlı şagirdi Leyla Şıxlinskayanın
Gülçöhrəsi, həqiqətən də, bir obraz
olaraq çox zəif idi. Vəli rolunda çəkilmiş
mərhum Tələt Rəhmanov bu filmdən sonrakı
bütün rollarında müəyyən qədər Vəlini
təkrar edəcəkdi.
“Qayınana”:
ekrandan ekrana
1960-70-ci illəri Musiqili Komediya Teatrının (indiki Azərbaycan
Dövlət Musiqili Teatrı) qızıl dövrü
adlandırmaq olar. Məhz həmin illərdə Sabit Rəhmanın,
Şıxəli Qurbanovun, Salam Qədirzadənin, Məhərrəm
Əlizadənin, Seyfəddin Dağlının, Əliağa
Kürçaylının və Məcid Şamxalovun pyesləri
əsasında hazırlanmış bir-birindən bol təbii
gülüşlü, məzmunlu tamaşalar anşlaq
keçirdi. Adını çəkdiyimiz müəlliflərin
yaratdıqları qəhrəmanların düşdükləri
situasiyalar o qədər komik, həmin pyeslərə bəstələnən
musiqilər o qədər mükəmməl, tamaşaların
səhnə interpretasiyası o qədər baxımlı,
aktyor ifası elə rəngarəng idi ki, əksər əsərlərdə
gülüş hədəfinin melodramatik-məişət
çərçivəsindən çıxa bilməməsi,
şirin və qərəzsiz yumorun acı
gülüşü, amansız satiranı üstələməsi
qabarıq hiss olunmurdu.
1957-ci ildə bədii verilişlər sahəsində
ilk addımlarını atan Azərbaycan Televiziyasında arada
pyes yazan teatr aktyoru Məcid Şamxalovun “Qayınana” pyesi
teletamaşa kimi oynanıldı və təbii ki,
yaşyarımlıq televiziyanın texniki imkanlarının məhdudluğu
baxımından lentə alınmadı. Lakin əsərin
sorağı tezliklə azərbaycanlıların standart
qayınana-gəlin münasibətinə oxşar mühitdən
– Özbəkistan, Türkmənistan, Tacikistan, hətta
Rusiyanın Dağıstan və Çeçen-İnquş
respublikalarındakı teatrlardan gəldi. 1959-cu
ildə isə Bolqarıstandakı bolqar və türk
teatrları da bu əsərə müraciət etdilər.
Nəhayət,
1965-ci il dekabrın 28-də Musiqili Komediya
Teatrında “Qayınana” tamaşasının premyerası oldu.
Artıq təzə ilin (1966) ilk günlərində
mətbuatda bu tamaşa haqqında heç də xoş olmayan
rəylər yer aldı. Musiqili komediya haqqındakı
peşəkar və seyrçi fikirlərində bir ümumi cəhət
var idi: bu tamaşanı Nəsibə Zeynalovanın misilsiz
ifası, onun öz obrazına səxavətlə
bağışladığı ştrixlər, pyesin mətninə
artırdığı atmacalar, hətta digər aktyorlarla
qurduğu improvizə dialoqlar gözəlləşdirir. Digər
qüsurlarına baxmayaraq, libretto müəllifi Məcid
Şamxalov, bəstəkarı Zakir Bağırov olan “Qaynana”
musiqili komediyası məhz baş rolun
ifaçısının sayəsində uzun illər, Xalq
artisti Nəsibə Zeynalova səhhətinə görə səhnədən
uzaqlaşanadək teatrın repertuarında qaldı.
Yetmişinci
illərin sonunda C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası bu əsərə müraciət etdi. Əslində, bu müraciətin arxasında Azərbaycanın
o vaxtkı rəhbəri, ulu öndər Heydər Əliyevin
təklifi dururdu. Nəsibə
xanımın teatrdakı Cənnət xala rolunu çox bəyənən
Heydər Əliyev aktrisanın iştirakı ilə bu
tamaşanın ekran variantının da
hazırlanmasını məsləhət bilmişdi. Bu
film hansı rejissora tapşırılsaydı belə,
heç kim yaşının əsl
qayınanalıq çağını yaşayan, sağlam,
enerjili, kamera önündə işləmək məharətini
sübuta yetirmiş, iri plan üçün çox
mühüm olan mimik cizgilərlə danışmaq
istedadına malik Nəsibə xanımın önünə
keçib Cənnət xalanı ondan yaxşı yarada bilməzdi.
“Qayınana” filmi 1978-ci ildə ekrana çıxdı. Filmə bir
zaman “O olmasın, bu olsun” komediyasını səhnələşdirməklə
Azərbaycan teatrının bir çox “qaymaq”larını bir
araya gətirərək onların simasını lentlərdə
əbədiləşdirmiş Hüseyn Seyidzadə quruluş
vermişdi. Hüseyn Seyidzadə əvvəlki komediyasından,
yəni “O olmasın, bu olsun”dan fərqli yol seçdi: musiqili
komediyanın yalnız librettosundan istifadə etdi. Filmin ssenari müəllifləri tanınmış
Azərbaycan kinorejissoru Əjdər İbrahimov və onun həyat
yoldaşı Marqarita Maleyeva idi. Əgər
“Ulduz” filmində teatrda eyniadlı tamaşada
çıxış edən əksər aktyorlar çəkilmişdisə,
“Qayınana” filminə teatrdan təkcə baş rolun
ifaçısı Nəsibə Zeynalova Cənnət xala
roluna dəvət edilmişdi. Filmin
musiqisini görkəmli bəstəkar Tofiq Quliyev bəstələmişdi.
Tofiq Quliyevin kinofilmlərə yazdığı digər
mahnıları kimi “Qayınana” filminin “Biz mehriban ailəyik”
final mahnısı da tezliklə hitə çevrildi və
artıq 40 ildir ki, konsert səhnələrində və el
şənliklərində səslənir.
Maraqlıdır
ki, il ərzində ən azı 7-8 dəfə
bütün yerli telekanallarda nümayiş olunan “Qaynana” filmində
əksər səhnələrin çəkildiyi Cənnət
xalanın evi İçərişəhərdə deyil. Həmin mənzil, hətta binanın girişindən
başlayaraq, pilləkənlər, pilləkən
meydançası kinostudiyanın pavilyonunda qurulub. Filmin quruluşçu rəssamı Nadir Zeynalovun məharəti
sayəsində qədim yaşayış binasındakı
hündür tavanlı, enli divarlı, iç-içə
otaqlı mənzilin interyeri pavilyonda yaradılıb.
* * *
...Çox təəssüf olsun ki, son qırx ildə bir zamanlar musiqili tamaşa kimi geniş tamaşaçı kütləsini dəfələrlə salona yığan, 500, min, hətta iki min, üç min dəfə oynanılmış musiqili komediyaların motivləri əsasında əsl film estetikası və musiqili film janrının tələblərinə cavab verən bədii ekran əsəri çəkilmir. Əvəzində kinoteatr, sonra da televiziya ekranlarını zəbt edən bəsit süjetli, ucuz gülüşə hesablanmış, peşəkar rejissor işindən və aktyor oyunundan uzaq “kommersiya” filmləri çəkilir. Görünür ki, komediya filmi ərsəyə gətirmək istəyən yaradıcı qüvvələrin hazırkı Azərbaycan Dövlət Musiqili Teatrının nə tarixindən, nə də keçmiş repertuarından xəbəri var. Ya da hansı səbəbdənsə teatr səhnəsindən qaçaq düşmüş həmin komediyaları film olaraq görmək, kinonun imkanlarından bəhrələnməklə əsl komediya filmi çəkmək kinematoqrafçıların və özünü kinematoqrafçı hesab edənlərin ağlına gəlmir.
P.S. “Səhnədən ekrana” silsiləsinin son yazısı Azərbaycan kinosundakı ilk və hələlik son film-opera və film-baletə həsr olunacaq.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.-
2019.- 1 fevral.- S.7.