Əhali ilə keçirilən
görüşlər mədəniyyət siyasətinin uğurla gerçəkləşməsinə
töhfə verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə vətəndaşların qəbulu keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 2018-ci ildə respublikanın müxtəlif şəhər və rayonlarında sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
65 şəhər və rayondan vətəndaşların qəbulu
Mədəniyyət naziri tərəfindən il ərzində 2 şəhər və 9 rayonda keçirilən səyyar qəbullarda respublikanın 65 şəhər və rayonundan 236 vətəndaş iştirak edib.
Qəbulla əlaqədar öncədən KİV-lərdə müvafiq məlumatın verilməsi təşkil olunub və müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşlar əvvəlcədən Mədəniyyət Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı və telefon məlumat sistemi (qaynar xətt – 147) vasitəsilə nazirliyə, eləcə də müvafiq regional mədəniyyət idarələrinə müraciət etməklə qəbula yazılıblar.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri görüşlərdə ən çox Mingəçevir şəhərindən (28 nəfər), Abşeron rayonundan (27), Zaqatala və Qusar (hər birindən 23), Qəbələ və Qazax rayonları (22), Naftalan şəhəri və Cəlilabad rayonu (20), Göyçay (19), Salyan (17) və Hacıqabul (15) rayonlarından vətəndaşlar iştirak edib.
Təhlillər göstərir ki, səyyar qəbullar yerlərdə problemlərin öyrənilməsində, mədəniyyətin müxtəlif sahələrinin inkişafında, vətəndaşların bu sahədə fəallıqlarının artırılmasında xüsusi önəm kəsb edir. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
236 vətəndaş müraciətinin 233-ü Mədəniyyət Nazirliyinin səlahiyyətinə aid, 3-ü isə nazirliyin fəaliyyət dairəsindən kənar olub. Üç vətəndaşın müraciəti baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə, Dövlət Turizm Agentliyinə və Ucar Rayon İcra Hakimiyyətinə göndərilib. Ümumilikdə isə 236 müraciətdən 234-ü icra olunub, 2-si isə hazırda icraatdadır.
Sakinlərin tarixi-mədəni irsə həssas münasibəti
Vətəndaşların qəbulu zamanı daxil olan müraciətlər əsasən işlə təmin edilmə, iş yerinin dəyişdirilməsi, Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, yeni dərs vəsaitləri, mahnı və musiqi notları ilə təmin edilmə, uşaq musiqi və incəsənət məktəblərində yeni siniflərin açılması, attestasiyaların keçirilməsi, ustad dərslərinin təşkili, musiqi alətlərinin təbliği, klub müəssisələrinin rəqs və səhnə geyimləri və musiqi alətləri ilə təchiz edilməsi, bəzi kənd klublarının mədəniyyət evinə çevrilməsi barədə olub. Heydər Əliyev mərkəzlərinin ekspozisiyasının, rəsm qalereyalarının, muzey və kitabxanaların fondlarının zənginləşdirilməsi, intellektual oyunlara aid elektron nəşrlərlə təminat da müraciətlər sırasında yer alıb.
Sevindirici haldır ki, ölkəmizin çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılmasında da sakinlərin təşəbbüskarlığı var. Bu mənada tarixi abidələrin təmir-bərpası və mühafizəsi, eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, abidələrin qeydiyyata alınması, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun saytında “Virtual Keşikçidağ” adlı turun yaradılması, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması, Orta əsrlər Şəmkir qalasında, İmişli rayonunun Qızıltəpə yaşayış ərazisində arxeoloji işlərin davam etdirilməsi kimi müraciətlər vətəndaşların həssaslığından xəbər verir. Bundan əlavə, Bakı şəhərində Qarabağ müharibəsi, Gədəbəydə Simenslər, respublikanın şəhər və rayonlarında döyüş şöhrəti muzeylərinin, Beyləqanda Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinin, yeni mədəniyyət müəssisələrinin, rəsm qalereyalarının, xalçaçılıq sexinin, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi məqsədilə mərkəzin yaradılması da diqqətəlayiq təşəbbüslərdəndir.
Vətəndaşların müraciətlərində qaldırdıqları yeni mədəniyyət müəssisələrinin inşası və əsaslı təmiri ilə bağlı problemlərin bir çoxunun icrası nazirliyin gələcək illərin investisiya proqramı layihəsinə daxil edilib, bəzi problemlər isə artıq müsbət həllini tapıb.
Səmərəli təklif və layihələrə dəstək
2018-ci ildə nazirliyə daxil olmuş müraciətlərin 39 faizini təkliflər təşkil edir. Bu təkliflər vətəndaşların fəal ictimai mövqeyinin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır və onlar nazirlik tərəfindən diqqətlə öyrənilir, əsaslı təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.
Vətəndaşlar öz müraciətlərində ölkədə mədəniyyət sahəsinin inkişaf etdirilməsi və onun iqtisadi qüdrətinin daha da artırılması üçün həyata keçirilməli layihələrin qəbul olunmasını, respublika miqyaslı məsələlərlə yanaşı, çalışdıqları müəssisələrin mövcud problemlərini qaldırır və bu sahədə öz köməklərini təklif edirlər.
Sumqayıt şəhər sakini, kinoaktyor Ruslan Sabirlinin təşkil etdiyi “Kitab çək” adlı Buktreyler festivalının dəstəklənməsi barədə müraciəti müsbət həll edilib və nazirliyin dəstəyi ilə 2018-ci ilin 2 mayında artıq sayca 3-cü festivalın mükafatlandırılma mərasimi keçirilib.
Tətbiqi sənət ustası Xuraman Səfərova müraciətində Sumqayıt şəhərində dekorativ sənət ustalarının festivalının keçirilməsinə lazımi köməklik göstərilməsini xahiş etmişdi. Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi – “100 illik tariximiz” devizi altında keçirilmiş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində avqustun 4-də Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində regional mədəniyyət idarələri üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi təşkil edilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Günel Hüseynovanın müraciəti əsasında qalereyada istedadlı gənclər tərəfindən yaradılmış tətbiqi sənət əsərlərinin satış mərkəzi təşkil olunub.
Balakən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Zenfira Mustafayevanın rayonda “Xurma festivalı”nın geniş şəkildə təşkili ilə bağlı müraciəti əsasında oktyabrın 28-də Balakən şəhərində II Beynəlxalq Xurma festivalı keçirilib.
Oğuz rayon MKS-nin Uşaq şöbəsinin müdiri Kəmalə Cəfərovanın rayonda “Şəfa” bayramının daha geniş şəkildə təşkilinə dəstək göstərilməsi ilə bağlı müraciətinə əsasən, Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə sentyabrın 21-də Oğuzda “Şəfa” bayramı keçirilib.
Goranboy rayon Mədəniyyət Mərkəzinin rəssamı Asəf Cəfərovun müraciəti ilə bağlı 28 May – Respublika Günü münasibətilə təşkil olunmuş ümumrayon bayram şənliyində yerli incəsənət ustaları ilə yanaşı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Gəncə Dövlət Filarmoniyasının tanınmış incəsənət ustalarının iştirakı təmin olunub.
Xocalı rayon MKS-nin əməkdaşı Asimə Həsənovanın müraciəti nəzərə alınaraq bu kitabxana ilə Şəmkir, Bərdə, Ağcabədi, İsmayıllı və Şəkinin MKS-ləri arasında əməkdaşlıq əlaqələri qurulub.
Tovuz rayonundan Əməkdar mədəniyyət işçisi Əlixan Niftalıyevin aşıq yaradıcılığının təbliği və təşviqində uzunmüddətli və səmərəli fəaliyyəti nəzərə alınaraq anadan olmasının 75 illiyi qeyd edilib, aşıq nazirliyin fəxri fərmanı və mükafatı ilə təltif olunub.
Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşı Yasəmən Əsgərovanın müraciətinə əsasən, 30 iyul - 25 noyabr tarixlərində qalereyada “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə italyan rəssamı Mikelancelo Pistoletto və yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisi təşkil olunub. Dekabrın 18-də isə Qazaxda görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Yeni üfüqlər” adlı rəsm sərgisi keçirilib. Bunlardan əlavə, Qazax Dövlət Rəsm Qalereyasında (daha sonra Gəncə və Bakıda) rayon İcra Hakimiyyəti, TÜRKSOY, “ASAN Xidmət” və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə beynəlxalq incəsənət festivalının keçirilməsi planlaşdırılır.
Hər il olduğu kimi, 2018-ci ildə də regionlardakı mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına dair müraciətlər nəzərə alınaraq nazirlik tərəfindən lazımi kömək göstərilib, müvafiq inventar və avadanlıqlarla, musiqi alətləri, milli rəqs geyimləri, çap məhsulları və digər təsərrüfat malları ilə təmin olunublar.
Ağstafa Dövlət Rəsm Qalereyasının bərpaçı, rəssamı Ehtiram Xəlilovun müraciətinə əsasən, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş 30 ədəd təsviri sənət əsərinin bu qalereyanın daimi balansına verilməsi təmin edilib.
Zaqatala rayon MKS-nin Uşaq şöbəsinin müdiri Ayşa Rəşidovanın müraciəti ilə bağlı olaraq kitabxana köhnə kitabların kiril əlifbasından latın əlifbasına çevrilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azkonvert” və “Fine Reader” proqramları və skan aparatı ilə təmin olunub.
Tovuz rayon Əlimərdanlı kənd Mədəniyyət evinin direktoru Güllü İsgəndərovanın klub müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının repertuarlarının kiçik həcmli tamaşalarla zənginləşdirilməsi ilə bağlı müraciəti əsasında nazirlik tərəfindən sentyabr ayında “Birpərdəli pyeslər” müsabiqəsi elan edilib.
Cəbrayıl rayonu Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin müəllimi Tofiq Bayramovun çalışdığı müəssisənin, rayon Mədəniyyət evinin bədii rəhbəri Ruslan Haqverdiyev Cocuq Mərcanlı kəndində inşa edilmiş klub-icma mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı müraciətləri də müsbət həll olunub.
Təcrübə mübadiləsi, yeni yanaşmalar
Regionlarda mədəni xidmətlərin keyfiyyətinin daha da artırılması Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Bölgələrdə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması, onların xarici dil biliklərinin təkmilləşdirilməsi, eləcə də müasir texnologiyalardan daha səmərəli istifadə etmələri üçün treninqlər və kurslar təşkil edilir.
Qəbullar zamanı vətəndaşların müraciətləri əsasında uğurla gerçəkləşmiş tədbirlər sırasında bölgələrdə incəsənətin ayrı-ayrı sahələri üzrə ustad dərslərinin təşkili, Azərbaycan ədiblərinin oxucularla görüşləri, müxtəlif sahələr üzrə mütəxəssislərin bölgələrə ezam olunması, səyyar treninqlər, sərgilər və digər bu kimi tədbirləri örnək göstərmək olar.
Zaqatala rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Yasəmən Məmmədovanın kompüter proqramlarının öyrənilməsi ilə bağlı müraciəti nəzərə alınaraq Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 1-20 oktyabr və 5-26 noyabr tarixlərində “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələrinin sistem inzibatçıları” və “Multimedia və ya kitabxana informasiya texnologiyaları üzrə mütəxəssislər” qruplarında müvafiq MKS-lər üzrə 65 nəfər kitabxanaçı kursların iştirakçısı olub.
Ağdaş rayon Mərkəzi kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Hüsniyyə İsmayılovanın müraciəti ilə 9-14 aprel tarixində Azərbaycan Milli Kitabxanasında ALİSA elektron kitabxana sisteminin tətbiqi ilə əlaqədar rayon (şəhər) MKS-lərin əməkdaşları üçün treninqlər təşkil edilib.
Zərdab şəhərindəki Həsən bəy Zərdabi muzeyinin işçisi Rəna Namazovanın müraciəti əsasında aprelin 17-də rayondakı Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilib.
* * *
Yerlərdə keçirilən qəbullarda iştirak edən vətəndaşlar mədəniyyət sahəsində aparılan quruculuq işlərinə, tarixi-mədəni irsin qorunmasına, ölkəmizdə və dünyada təbliğinə, eləcə də göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mədəniyyət Nazirliyi səyyar vətəndaş qəbulları zamanı sakinlər tərəfindən qaldırılmış məsələlərin həllini həmişə diqqətdə saxlayır. Çünki vətəndaşların gündəmə gətirdikləri məsələlərin əksəriyyəti Azərbaycan dövlətinin mədəniyyət siyasətinin uğurla reallaşmasında, əhalinin asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
Tahirə
ƏLİYEVA
Mədəniyyət
Nazirliyi Kollegiyasının məsul katibi
Mədəniyyət.-
2019.- 1 fevral.- S.5.