67 ildir səhnələrdə

 

 

Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” kitabının təqdimatı

 

Fevralın 4-də Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş yeni nəşrin – “Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” (rus dilində) kitabının təqdimatı oldu.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, musiqi xadimləri iştirak edirdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxış keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Qara Qarayevin musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söhbət açdı. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə dahi musiqiçinin 100 illik yubileyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd olunub.

Vurğulandı ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin eyniadlı poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva-Bağırova kitabın məziyyətləri barədə danışdı. Bildirdi ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabdaYeddi gözəl” baletinin premyerasından günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim edilir.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək hələ məktəbli ikən “Yeddi gözəl” baletinin  tamaşasına baxdığını dedi: “Əsərə ilk dəfə tamaşa edərkən bir anlıq  keçmişə, uşaqlıq illərinə qayıtdım. O günləri sevinclə yaşamışıq. “Yeddi gözəl” bizim uşaqlığımız, gəncliyimiz, eləcə də bu günümüz və sabahımızdır. Bu əsər, doğrudan da, Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindədir”.

Kitabı yüksək qiymətləndirən Zemfira Qafarova bildirdi ki, çox nəfis şəkildə çap olunan nəşrdə “Yeddi gözəl” baletinin hansı ölkədə və şəhərlərdə nə zaman tamaşaya qoyulduğu dolğunluqla verilib.

Sonda çıxış edən kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova nəşr barədə məlumat verdi, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Çıxışlar arası “Yeddi gözəl” baletindən video-fraqmentlər nümayiş olundu.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.2.