Əbədi müasir söz sərkərdəsi
Altı əsrdən çoxdur böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin adı Şərqdə fədakarlıq və iradə rəmzi kimi xatırlanır. Məsləyi, idealları uğrunda edam olunan və son nəfəsində belə haqq bildiyi sözündən dönməyən şairin faciəli ölümü əfsanələşərək xalq yaddaşında, aşıqların sazında, sözündə yaşayır.
Seyid Əli Seyid Məhəmməd oğlu (İmadəddin Nəsimi) 1369-cu ildə Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini burada alır, dini elmlərlə bərabər dünyəvi elmlərə də yiyələnir. X əsrdə Bağdadda dara çəkilən Həllac Mənsur Hüseyninin sufi görüşlərini öyrənir. Bu təriqət onda dərin iz buraxır. İlk şeirlərini də “Hüseyni” təxəllüsü ilə yazır.
XIV əsrin sonlarında Azərbaycanda geniş yayılan hürufi təriqətinə qoşulan şair sonra bu cərəyanın qurucusu Fəzlullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsü götürür. Çox keçmir, hürufiliyin Azərbaycan, Misir, Suriya, İraq və Anadoluda tanınmış təbliğatçılarından olur. Təriqət öndəri olmaqla yanaşı, bədii yaradıcılığını davam etdirir, şeirləri dillərdə dolaşır.
Hürufiliyin siyasətə təsir imkanlarından ehtiyatlanan Əmir Teymur 1394-cü ildə Fəzlullah Nəimini edam etdirir. Nəsimi başda olmaqla Fəzlin tərəfdarları bu hadisədən sarsılsalar da, ustadın ideyalarını davam etdirmək üçün səfərbər olurlar. Nəsimi F.Nəiminin “Vəsiyyətnamə”sinə əsasən, Təbrizə, oradan da Anadoluya gedir. Hürufilik təlimini yaydığı üçün dəfələrlə həbs olunsa da, azadlığa çıxan kimi heç nədən çəkinməyərək əqidəsinə sadiq qalır, yolundan dönmür. O artıq insani sevgisi və yüksək idrakı ilə qəliblərə, sərhədlərə sığmadığını dilə gətirir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərş ilə fərşü kafü nun, məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şəhrü bəyanə sığmazam.
Şair ömrünün
son illərini Suriyanın Hələb
şəhərində keçirir. Bir müddət sonra həbs olunur və “kafir”, “dinsiz” elan edilir. Misir sultanının əmri və ruhanilərin fitvası ilə 1417-ci ildə edam olunur.
Ərəb tarixçisi
İbn əl-İmad Hənbəli Nəsimini təbrizli kimi təqdim edərək yazıb: “O, hürufilərin
şeyxidir, Hələbdə
sakin idi, tərəfdarları çoxaldı,
bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini
əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi”...
* * *
İmadəddin Nəsimi Azərbaycan,
fars və
ərəb dillərində
mükəmməl şeir
nümunələri yaradıb.
Onun yaradıcılığı türk
xalqları ədəbiyyatına
və bütövlükdə
klassik Şərq poeziyasına ciddi təsir göstərib.
Ana dilində ilk dəfə müstəzad,
mürəbbe və tərcibənd nümunələri
yazıb. Şairin rübailərində
hürufiliyin müddəaları,
fəlsəfi görüşləri,
həyat və kainat haqqında düşüncələri yığcam
və məntiqi bir dildə ifadə olunub.
Nəsiminin əsərləri hələ
sağ ikən Azərbaycan, Yaxın Şərq, Kiçik və Orta Asiyada
geniş şöhrət
tapmışdı. Ana dilində
yazdığı əsərlər
Azərbaycan klassik şeirinin inkişafına,
o cümlədən Şah
İsmayıl Xətai,
Məhəmməd Füzuli,
Molla Pənah Vaqif kimi böyük
söz sənətkarlarının
yaradıcılığına təsir göstərib. Şairin əsərlərinin əlyazmaları
dünyanın bir sıra mötəbər kitabxanalarında, arxivlərində
saxlanılır.
İmadəddin Nəsimi farsca qələmə aldığı
“Bəhrül-əsrar” (“Sirlər
dəryası”) fəlsəfi
qəsidəsində maddənin
dəyişməsi, insanın
öləndən sonra
torpağa dönməsi
kimi fikirlər ifadə olunub: “Ayağını bu torpağa hörmətlə
bas, unutma ki, Şahlar başı torpaq olmuş gəlib-gedən üstə
gəzər”...
İnsanların çətin həyat şəraiti humanist şairi
daim düşündürüb. Sərvət
yığmaq xəstəliyinə
tutulan hökmdarlara üz tutaraq deyib:
Simü-zər yığmaq üçün
cəhd eyləmə Qarun kimi,
Hər xəzinə
torpaq altında qalıbdır min kərə.
Sərvət ilə yüklənərsə
kəştisi dövrün
əgər
O tufanlı dəryada düşməz məgər
şuri-şərə?...
Dünya
bir şandır, onun həm şəhdi,
həm də zəhəri var,
Şəhd üçün insan
gərəkdir tab gətirsin
nəştərə.
* * *
Nəsimi yaradıcılığından ilk dəfə tədqiqatçı,
ədəbiyyatşünas Salman Mümtaz bəhs edib. O, tərtib
etdiyi “Seyid İmadəddin Nəsimi. Əsərləri” kitabını 1926-cı ildə çap etdirib.
Görkəmli şairin irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə daha sistemli xarakter alıb, araşdırmalar
dərinləşib. 1973-cü ildə Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Azərbaycanın görkəmli söz, fikir zadəganın yaradıcılığı dünya
miqyasında təbliğ
olunub. Azərbaycanda və Moskvada
keçirilən yubiley
tədbirlərində dünyanın
bir çox ölkəsindən elm adamları
iştirak edib. Həmin ildə “Nəsimi” bədii filmi çəkilib. Xalq şairi
Qabil Nəsimiyə həsr olunmuş eyniadlı poema qələmə alıb.
Əsərdə böyük şairin
keşməkeşli həyatı,
ideyaları yüksək
sənətkarlıqla tərənnüm
olunub. Əsər 1976-cı ildə Dövlət mükafatına
layiq görülüb.
Ümummilli lider Heydər Əliyev Qabilin “Nəsimi” poemasını yüksək
qiymətləndirərək deyib: “Qabil Nəsimi
haqqında mənzum əsərini çox böyük ustalıqla yazıb. Doğrudan da, bu, çox
böyük iş idi. Qabil bu işin öhdəsindən layiqincə
gəldi. Əsər, həqiqətən,
dövlət mükafatına
layiqdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə
dolu olan mənzum əsər yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”.
Şair
poemada Nəsimini “söz sərkərdəsi”
kimi səciyyələndirir:
Fəsillərin ən gözəli,
əzizi,
İnsanların ən yaxşısı,
təmizi
Bu yollarda yoldaş olub mənimlə,
Bu yollarda qardaş
olub mənimlə.
Gedirəm, dalıram fikrə,
xəyala,
Dilimdə, gözümdə Əli ül Əla.
Rumun ən qüdrətli söz sərkərdəsi
Hürufi
şair!
Fəzlullah atamın nəfəsi,
səsi
Hürufi
şair!
Ədəbiyyatşünasların fikrincə,
Nəsimi yaradıcılığındakı
“mən” həyatdır
və bəşəriyyətin
taleyidir. O, elə bir poetik dünyadır
ki, onda kainatın sirləri dolaşır. Nəsimiyə görə, insanın
ən gözəl xüsusiyyəti özünü
dərk etməsidir.
Şair bir sıra şeirlərində
insanları özünüdərkə
səsləyir. Yaradıcılığa aşiqanə şeirlərlə
başlayan şair sonralar humanizmi, əxlaqi-mənəvi təmizliyi
təbliğ edən əsərlər qələmə
alıb. Azərbaycan ədəbiyyatı
tarixində ana dilində yaranan fəlsəfi qəzəlin
banisi hesab olunan Nəsimi cəmiyyət haqqında açıq deyilməsi təhlükəli olan tənqidi fikirləri aşiqanə misralar içərisində söyləyib.
Ölkəmizdə Nəsiminin yaradıcılığına
və şəxsiyyətinə
həmişə böyük
maraq olub, adı dəfələrlə
əbədiləşdirilib. Bakı rayonlarından
birinə, AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adı verilib, paytaxtımızda heykəli ucaldılıb,
metronun bir stansiyası şairin adını daşıyır.
* * *
Son illərdə Nəsimi irsinin ölkəmizdə və dünyada təbliği istiqamətində böyük işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinə həsr olunmuş tədbir keçirilib. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib.
Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi “ayətə, şana sığmazam” deyən görkəmli şairin ideallarının bu gün də humanizmə, bəşəri birliyə xidmət etdiyinin göstəricisidir.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 6
fevral.- S.6.