Gənclərin yaradıcılıq axtarışlarına dəstək verən festival

 

 

 

Mədəniyyət Nazirliyinin “ASAN Xidmət”lə birlikdə təşkil etdiyi “Gəncliyin səsi” festivalının açılış mərasimi fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində gənc sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda zinət əşyaları, minalı məmulatlar, toxuculuq, tikmə, xalçaçılıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri onların yaradıcı təxəyyülünün zənginliyini əks etdirirdi. Gənc rəssamların əsərləri mövzu rəngarəngliyini, müəlliflərin özünəməxsus sənət duyumlarını ortaya qoyurdu. Sərgilənən nümunələr eyni zamanda gənclərin qədim və zəngin mədəni irsimizə maraqsevgisinin göstəricisi idi.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev hər il keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günüelan edilməsi ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Həmin vaxtdan etibarən hər il 2 fevral gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Nazir qeyd etdi ki, ölkəmizdə hər il Gənclər günü ilə bağlı silsilə tədbirlər təşkil olunur, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclər mükafatlandırılır, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir: “Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir, müxtəlif müsabiqələr, təqdimatlar keçirilir, yeni layihələr reallaşır. Son bir neçə ildir öz innovativ yanaşmaları ilə seçilən, mədəniyyət sahəsində çalışan gənclərin “ASAN Xidmət”lə fəal əməkdaşlığını təmin edirik. Məhz bunun nəticəsində üç ildir ki, “ASAN Xidmət”lə birgə “Gəncliyin səsi” festivalını reallaşdırırıq”.

Ölkəmizdə 125 istedadlı gəncin Prezident təqaüdünə layiq görüldüyünü deyən nazir vurğuladı ki, onlar bu təqaüdlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Belə gənclərin sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirənlər və dünyanın böyük səhnələrində Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ edənlər var.

Əbülfəs Qarayev “Gəncliyin səsi” festivalının gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, baxımından əhəmiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, beş gün davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri nəzərdə tutulur.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, bugünkü tədbir ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin daha bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirilir.

Festivalın təşkilini yüksək qiymətləndirən Ü.Mehdiyev tədbirin gənclərin potensialının üzə çıxarılmasında əhəmiyyətini vurğuladı, layihənin uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki, festival çərçivəsində təşkil edilən tədbirlər gənclərin dünyagörüşünün formalaşmasına, onların peşə və sənət seçiminə öz töhfəsini verir. Vurğulandı ki, festivalın paytaxtla yanaşı, Sumqayıt şəhərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Daha sonra 2018-ci ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi.

Festivalın açılış mərasimi konsert proqramı ilə davam etdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti, Sumqayıt Musiqi Kolleci, Şuşa Humanitar Kolleci, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Bakı şəhər T.Quliyev adına 12, Rostropoviçlər adına 21, Niyazi adına 22, M.Maqomayev adına 26 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 11 illik musiqi məktəblərinin tələbə şagirdlərinin ifasında təqdim olunan konsert proqramı alqışlarla qarşılandı.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.3.