Sənəti örnək sənətkar
Lütfi Məmmədbəyovun ekran personajlarının heç
biri pafoslu, mücərrəd
təsir bağışlamır
Elə sənətkarlar var ki, adları çəkiləndə bilavasitə Azərbaycan teatr və kino sənəti yada düşür, sənətdə göstərdikləri əvəzsiz xidmətlərə görə xatirələri əziz tutulur, hörmətlə anılır. Xalq artisti, görkəmli teatr və televiziya rejissoru, aktyor Lütfi Məmmədbəyov belə unudulmaz sənətkarlarımızdandır.
Bu gün Azərbaycan teatr və kino sahəsində çalışan, istedad və bacarıqlarına görə geniş tamaşaçı rəğbəti qazanan, sənətdə sözünü deyən aktyorların bir çoxu məhz bu sənətkarın bulağından su içənlərdir. Mahir sənət bilicisi olan Lütfi müəllimin məslək sirləri incəsənəti tələbələrinə daha çox sevdirirdi. Həyat verdiyi obrazların böyük-kiçiyinə fərq qoymayan sənət fədaisi ömrünün sonunadək məsləyinə sadiq qaldı.
Lütfi Şahbaz oğlu Məmmədbəyov 1927-ci il fevralın 6-da Ağdaşda dünyaya göz açıb. Uşaq olarkən ailəsi Bakıya köçüb. Paytaxtdakı 29 saylı orta məktəbdə oxuyub, səkkizinci sinfi bitirdikdən sonra Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində (1943-1947) Gənc Tamaşaçılar Teatrında oynanılan tamaşalarda epizodik rollarda çıxış edib. Sonralar (1947-1949) Musiqili Komediya Teatrında işləyib. 1949-cu ilin sonlarından 1961-ci ilədək Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. 1961-ci ildə Akademik Milli Dram Teatrında əvvəlcə aktyor, sonra isə rejissor kimi çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. 1974-cü ildə Əməkdar artist, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Sənətkar həm də Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatı laureatı idi. 2004-cü ildə vəfat edib.
Ölkəmizin müxtəlif teatrlarında çalışan L.Məmmədbəyov fərqli janr və mövzulu tamaşalarda rol alıb. Yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan səhnə əsərlərində oynadığı dramatik və komik çalarlı obrazları onun sənət anlayışını zənginləşdirib, praktik və nəzəri biliyi personajların daxili dünyasının açılmasına şərait yaradıb.
Kiçik planda böyük məharət
İstedadlı aktyor teatr fəaliyyəti ilə paralel olaraq bir neçə filmdə də rol alıb. Bu rolların bir çoxu aparıcı olmasa da, personajların həyat mövqeyinin aktyor yaradıcılığındakı dəqiq təfsiri obrazların ekran əsərlərinin əsas qüvvəsi kimi qəbul olunub. Buna görə də L.Məmmədbəyovu tərəddüdsüz Azərbaycan kinosunun simalarından adlandıra bilərik.
Sənətkar milli kinomuzda yeddi filmdə rol alıb. “Bəxtiyar”
(1955) filmində Bəxtiyarın
dostu (Həbib), “O olmasın, bu olsun”da (1956) Sərvərin
dostu, “Qızmar günəş altında”
(1957) ekran əsərində
Xəlil, “Yeni il gecəsində” (1958) qısametrajlı filmində
bəstəkar, “Səhər”də
(1960) Aslan, “Leyli və Məcnun”da (1961) qul, “Sehrli xalat”da
(1964) Eynulla müəllim
obrazlarını yaradıb.
Göründüyü kimi, bu ekran əsərləri janr və məzmununa
görə fərqlidirlər.
Obrazların uğurlu alınmasında
vacib amil isə aktyorun sənət texnikasından,
özünəməxsus yaradıcılıq
priyomlarından, dəqiq
xarakterizə etdiyi mimika cizgilərindən, nitq qabiliyyəti və diksiyasından, xarici görünüşündən
kamera qarşısında
məharətlə istifadə
etməsidir.
Kinorejissorlar üçün Lütfi müəllimlə işləmək
maraqlı olduğu qədər də asan idi. Çünki gənc yaşlarından sənətdə püxtələşən
aktyora obrazın yaşadığı dövrü
və həyat mövqeyini anlatmaq kifayət edirdi ki, aktyor rola
uyğun xarakter nümayiş etdirsin.
Onun hər bir ekran
qəhrəmanının özünəməxsus
cizgiləri, xarakteri tamaşaçı yaddaşına
həkk olunurdu. Sənət bilicisinin obraza yanaşma tərzi onun zəngin nəzəri bilgisinin təfsilatı idi.
L.Məmmədbəyovun kinoda aktyor kimi
debütü olan “Bəxtiyar” filmində canlandırdığı epizodik
obrazın yaddaqalma səbəbini araşdıraq. Onun yaratdığı
personaj dostluğa sadiq, sözündə düz, işində məsuliyyətli, əliaçıq
xarakterə malik müsbət qəhrəmandır.
Filmdə qısa müddət
ərzində rolun şəxsi mövqeyini bildirmək üçün
aktyor bacarığını
səfərbər edib.
Sənətin estetik dərinliklərinə
nüfuz edərək
ekran qəhrəmanının
yaddaqalan olması üçün onun mərdlik və cəsarətini sadə üsullarla tamaşaçıya
çatdırıb.
Yüksək mənəvi dəyərlərə,
ideallara malik insanların mövcudluğu
cəmiyyət tərəfindən
həmişə arzu olunur. Yaradıcılıq prosesində ideal anlayışı zaman və məkan çərçivəsində müxtəlif problemlər
zəminində meydana
çıxır. Kiçik
həcmli rolun sima və xarakter
baxımından yaddaqalma
səbəblərindən biri
də məhz personajın
spesifik cəhətlərinin
qabarıq, eyni zamanda pafosdan kənar, inandırıcı
təqdim olunmasıdır.
Bu isə ədəbi
əsərin aktyor tərəfindən mənimsənilməsi,
rolun mahiyyətini dəqiq bilməsi deməkdir. Deməli, L.Məmmədbəyov kiçik planlı rolunu belə məntiqlə və sənətkarlıqla təqdim
etdiyinə görə
tamaşaçıların rəğbətini qazanırdı.
Aktyorun unudulmaz
kino obrazlarından biri də “Səhər”
filmindəki Aslandır. Aslan dövrün
reallığından irəli
gələn səbəblərdən
sinfi bərabərsizliyə
qarşıdır. O öz
ideyası, sağlam təfəkkürü, nəcib
əməlləri və
incə qəlbinə
görə müasirlərindən
seçilir. Ailəsinin bir çoxlarından
yaxşı dolanmasına
baxmayaraq, haqsızlıqlara
dözmür və məzlumlara, imkansızlara
kömək edir.
Aslan obrazı bütün dövrlər üçün
aktual və müasirdir. Sadə həyat sürən personajın dəyərli
və vacib, örnək timsallı xüsusiyyətlərini
hafizələrə yazmaq
isə aktyordan istedadla yanaşı məsuliyyət də tələb edirdi. L.Məmmədbəyov həyat verdiyi
obrazın daşıdığı
sosial-ictimai yükün
ağırlığını dərk edir, tamaşaçıya sənətkarlıqla
çatdırmağa çalışırdı.
Görkəmli kinorejissor Ağarza Quliyev XX əsrin əvvəllərində neft
Bakısında baş
verən dramatik hadisələrin mahiyyətinin
ciddiliyinə vararaq (ssenari müəllifi Mehdi Hüseyn) əsərin ekran təfsilatında müasirlik
ideyasını da qabardıb. Müasirlik duyğusu hünərdir,
cəsarətdir, azadlıq
istəyidir, xarakter tamlığıdır, maarifləndirmək,
habelə ailəyə
hörmət, sevgiyə
dəyər, sülhə
çağırışdır və s. Bütün bunlar Aslanın şəxsiyyətində cəmlənib.
O, mərddir, cəsurdur,
sevgisinə sadiqdir, dostluqda dönməzdir.
“Qızmar günəş
altında” filmində
L.Məmmədbəyovun oynadığı
Xəlil obrazı kiçik planlı olsa da, yaddaqalandır. Xəlil cəsarəti
və bacarığı
ilə cəmiyyətə
nümunə olmağı,
düşüncə və
zəhməti sayəsində
təsir etməyi bacarır. O, zəhmətkeş
insanların müdafiəçisidir.
Mürsəl, Piri oğlu,
Sərdarov kimilərin
neqativ cəhətlərini
ifşa edə bilir. Diqqətçəkən məqam odur
ki, L.Məmmədbəyovun
canlandırdığı ekran
personajlarının heç
biri diksiya və ifa baxımından
pafoslu, dumanlı və mücərrəd təsir bağışlamır.
Bu obrazların hər birinin dəqiq ünvanı olan mesajı, xarakteristikası, həyata
baxışı var.
“Sehrli xalat” filmindəki mehriban və ziyalı Eynulla müəllim obrazı isə sanki aktyorun həyatdakı prototipidir. Axı eynilə
həyatda da tələbələrinə ata
qayğısı ilə
yanaşan Lütfi müəllimi auditoriya sevərək dinləyər,
sənətkarın peşə
sirlərini mənimsəyərdi.
Bəlkə buna görədir
ki, onun adı çəkiləndə
tələbələrinin gözündə
sevgi, çöhrəsində
təbəssüm yaranır.
L.Məmmədbəyov Azərbaycan kinosu üçün bir tapıntı idi. Çünki filmlərdə onu gördükdə tamaşaçı
ciddi bir ekran əsərini izlədiyinin fərqinə
varır. Biz “Sehrli xalat” filmini
fantastik macəra janrında izləsək də, yaradıcı heyətin bacarıq və səyi nəticəsində təqdim
olunan rəvayətlər
real təəssürat yaradır.
Çünki ekran çərçivəsindəki
peşəkar atmosferdə
zaman və məkan ayrılıqlarının
nağıl formasını
məntiqli təfsilatda
izləyirik. Astronomik bir
məkanda səmavi bilgiləri tədris edən Eynulla müəllimin kiçik bir zaman çərçivəsində
müsbət cəhətini
də görürük.
O, kosmik gəmiyə təsadüfən gələn
məktəblilərdə (Rəşid və Zərifə) xalatı gördükdə onun sehrbaz vasitəsilə uşaqlara verildiyinə inanmır və “sehrli xalat” anlayışını
onların xəstələnməsi
kimi qəbul edir. Bu isə
aktyor yaradıcılığında
örnək müəllim-şagird
münasibətinin daha
bir təcəssümüdür.
Aktyorun hər bir çıxışı filmlərdə ekran təhkiyəsi yaradır, tamaşaçıya kinonun mahiyyətini, həyat üçün vacibliyini anladır. Bu mənada “Mücrü” qısametrajlı bədii televiziya filmində aktyorun qüsursuz səs tembri ilə mövzunun məntiqli məzmununu peşəkar səviyyədə təhlil və təqdim etməsini də misal göstərmək olar.
Novator sənətkarın yaradıcılığı arzulanan və seviləndir. Çünki o, bir neçə məşhur televiziya tamaşasına quruluş verməklə yanaşı, ilk Azərbaycan çoxseriyalı bədii televiziya filmini də (“İtkin gəlin”) sənətsevərlərə təqdim edib.
Lütfi Məmmədbəyov yaradıcılığı, obrazlarının sənətkarlıq keyfiyyətləri haqqında daha geniş bəhs etmək olar. Buna səbəb isə onun sənətinə olan sevgisinin böyüklüyüdür.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 6
fevral.- S.6.