“Gəncliyə töhfə” – üç gündə üç musiqi axşamı

 

 

 

Gənclər günü münasibətilə daha bir incəsənət layihəsi 1-3 fevral tarixində Mədəniyyət Nazirliyi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi “Gəncliyə töhfə” musiqi festivalı idi. Filarmoniyada təqdim olunan üç konsert proqramı gənc musiqiçilərin gəncliyin bayramına yaddaqalan sənət töhfəsi oldu.

Festivalın məqsədi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kameraxalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.

* * *

Gənc bəstəkarların yaradıcılığından ibarət ilk konserti Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri təqdim etdi.

Proqramda gənc bəstəkarlardan Arzu Abbasovanın “Pamukkale” süitası, Tahir İbişovun “Diptych” simfonik əsəri, İlahə İsrafilovanın “Dədə Qorqud” baletindən hissələr, Tamilla Əhədovanın “Fortepianoorkestr üçün konsert”, Toğrul Salmanovun “Simfonik süita”, İlhamə Həsənovanın “Simfonik poema”sı səsləndi.

Solist Nərmin Rzayevanın (fortepiano) çıxışı simfonik gecəyə əlavə rəng qatdı.

Gənc bəstəkarların əsərlərini dinləməyə Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, görkəmli bəstəkarlar gəlmişdi.

Konsertlə bağlı təəssüratlarını bölüşən gənc bəstəkar İlahə İsrafilova bildirdi ki, dövlətimiz tərəfindən gənclərin yaradıcılığına göstərilən diqqət və dəstək, belə festivalların keçirilməsi bizim üçün böyük stimuldur: “Bugünkü konsertdə “Dədə Qorqud” baletimdən hissələr səsləndi. Konsert çox gözəl keçdi. Arzu edirəm ki, əsər bütünlüklə balet şəklində də nümayiş olunsun. Gənc həmkarlarımla birlikdə bizə belə bir şərait yaradıldı ki, öz yaradıcılığımızla tamaşaçıları tanış edək. Daha bir əsərim festivalın son günü təqdim olunacaq. Konsertə gələn və bizə dəstək olan hər kəsə həmkarlarımla birlikdə dərin təşəkkürlərimizi bildiririk”.

Gənc dirijor Mustafa Mehmandarov konsertdən sonra təəssüratlarını belə ifadə etdi: “Bu gün festivalın açılışında 6 gənc bəstəkarın əsərinin səslənməsi onların gələcək yaradıcılığının ilkin pilləsi üçün çox uğurlu bir hadisədir. Dövlət Simfonik Orkestrinin kollektivinə təşəkkür edirəm. Bəstəkarların hər birinin özünəməxsus dəst-xətti var. Bu konsert simfonik musiqinin bütün janrlarını əhatə edirdi. Fortepiano konserti, balet musiqisi, simfonik poema  süitalar səsləndi ki, bunlar da simfonik orkestr üçün müxtəlif formalı əsərlərdir. Hərtərəfli, maraqlı bir konsert oldu. Əsərləri səslənən bütün bəstəkarlara gələcək yaradıcılıqlarında uğurlar arzu edirəm”.

* * *

Filarmoniyada “Gəncliyə töhfə” musiqi festivalının növbəti konserti fevralın 2-də keçirildi.

Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə gənc musiqiçilər çıxış etdi. Konsertin solistləri Əməkdar artist Sahib Paşazadə, Hikmət Qasımov, Nərgiz Əliyeva və başqaları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirdilər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Fevralın 3-də isə filarmoniyanın Kameraorqan musiqisi zalında gənc istedadların iştirakı ilə daha bir konsert proqramı təqdim olundu.

LALƏ

FARİZ

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.3.