Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində
Xəbər verdiyimiz kimi, İstanbul Şəhər
Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun təşkilati dəstəyi
ilə görkəmli
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin tamaşası hazırlanır.
Tamaşanın quruluşçu rejissoru
Azərbaycanın Əməkdar
incəsənət xadimi,
İstanbul Böyükşəhər
Bələdiyyəsi Şəhər
Teatrları İdarə
heyətinin üzvü
Məlahət Abbasova,
əsərin mətnini
müasir türk dilinə uyğunlaşdıran
dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi
isə filologiya üzrə fəlsəfə
doktoru Sona Vəliyevadır.
Məlahət Abbasova AZƏRTAC-a müsahibəsində
Hüseyn Cavid kimi dahi bir
ədibi türk tamaşaçısına tanıtmağı
özünə borc bildiyini deyib: “Bu əsəri səhnələşdirmək
mənim 28 illik arzum idi və
mən bu istəyimə nail oldum. Hədəfimiz tamaşanın uğurlu
alınması ilə
yanaşı, Hüseyn
Cavidi türk tamaşaçısına layiqincə
çatdırmaqdır. Mənim fikrimcə, “İblis” Cavid dramaturgiyasının
şah əsəridir.
Əsərin 1918-ci ildə yazılmasına
baxmayaraq, mövzu bu gün də
öz aktuallığını
qoruyur və çox təəssüf
ki, müasir həyatımızda davam edən qarşıdurmaları
özündə əks
etdirir”.
Layihəyə İstanbul Şəhər
Teatrlarının müdiri
Sedat Çakır tərəfindən böyük
mənəvi dəstəyin
verildiyini bildirən Məlahət Abbasova tamaşanın uğurlu alınacağına inandığını
deyib.
Tamaşada Türkiyənin tanınmış
aktyorlarından Rıdvan
Çələbi, Əmrə
Narcı, İskəndər
Bağcılar, Şenay
Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık
iştirak edirlər. Səhnə əsərinin musiqisini Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə
yazıb.
Bu tamaşada
ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə
ediləcək. İstanbulun teatr səhnələri üçün
ilk olan, kino effekti ilə
seçilən bu qurğunun
tamaşanı daha da
baxımlı edəcəyi gözlənilir. Məşqləri
davam edən səhnə əsərinin mart ayında tamaşaçılara təqdim
olunması planlaşdırılır.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.8.