“Yaş nisbi məsələdir”
Fevralın 4-də Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti, görkəmli müğənni və bəstəkar Polad Bülbüloğlunun 74 yaşı tamam oldu. Ad günü münasibətilə “Veçernyaya Moskva” (“Âå÷åðíÿÿ Ìîñêâà”) qəzeti diplomat və musiqiçidən qısa müsahibə alıb.
“Ad gününü necə qarşılayırsınız” sualına cavabında Polad Bülbüloğlu bu günlər Rusiyadan Azərbaycana müxtəlif nümayəndə heyətlərinin gəldiyini və fevralın əvvəlindən Bakıda olduğunu bildirib. Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezovun Bakıya səfər etdiyini, həmçinin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin səfərinin gözlənildiyini diqqətə çatdırıb: “Azərbaycan-Rusiya əlaqələri intensiv şəkildə inkişaf edir. Demək olar ki, hər həftə iki ölkə arasında nümayəndə heyətlərinin səfərləri olur. İş çoxdur, odur ki, yaradıcılıq üçün elə də vaxt qalmır”.
Polad Bülbüloğlu bildirib ki, gələn il 75 yaşım tamam olacaq. Odur ki, həm moskvalılar, həm də bakılılar ilə yaradıcılıq görüşü keçirmək və bu yubileyi qeyd etmək barədə düşünürəm: “Ola bilsin ki, bu bir konsert, ya da televiziya verilişi olacaq. Hələlik qərar verməmişəm. Hər halda yubileyləri qeyd etmək bir ənənədir. Hərçənd, açığını desəm, özümü pasportumda yazılan yaşda hiss etmirəm. Yəqin ona görə ki, çox işləyirəm və yaş barədə düşünməyə vaxt qalmır. Həm səfir işi, həm də yaradıcı iş... Üstəlik, mənim Rusiyada da, Azərbaycanda da çoxlu dostlarım var. Hamısı ilə əlaqə saxlamaq lazımdır. Düzdür, heç də həmişə xoş xəbərlər olmur. Bir gün şad xəbər olur, bir gün kədərli... Ötən il mənim üçün böyük itkilərlə yadda qaldı. Uzun illər dostluq etdiyim İosif Kobzon həyatdan getdi, böyük dostum, görkəmli şair Andrey Dementyev vəfat etdi. Amma nə etməli? Bizim nəsil də tədricən gedir. Dünya dəyişir... Lakin qaynar həyat davam edir. Allah nə qədər ki ömür verib, onu tam gücünlə yaşamaq lazımdır”.
Jurnalistin yeni musiqi əsərləri barədə sualına isə Polad Bülbüloğlu yarızarafat cavab verib ki, indi yalnız diplomatik notalar yazıram, notlarla işləməyə vaxt qalmır...
Sonda “Veçernyaya Moskva” Polad Bülbüloğluna cansağlığı, sevinc, hər günü xoş duyğularla yaşamağı arzulayıb.
Biz də qəzetimiz
adından Polad Bülbüloğlunu
təbrik edir, ona,
yaşının üzərinə yaş
gəlməsinə rəğmən, hər zaman
gənclik şövqlü uzun ömür
arzulayırıq.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.8.