Özbəkistan saytı Naxçıvan yallısı haqqında

 

 

 

 

 

Özbəkistanın uchildiz.uz portalında “Naxçıvan yallısının Azərbaycanın musiqi mədəniyyətindəki yeri” adlı məqalə yerləşdirilib. Rus dilində məqalədə ölkəmizin regionları üzrə bu rəqsin yayılmasından söz açılır, Naxçıvan yallısının tarixinə nəzər salınır, onun qədim və zəngin mədəniyyətin göstəricisi olduğu vurğulanır.

Yazıda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda “Yallı” rəqs ansamblının fəaliyyətindən də bəhs edilir. Bildirilir ki, qədim kollektiv rəqsi olan yallı xoreoqrafiya, vokalinstrumental musiqini özündə birləşdirir. Yallı Gəmiqaya arxeoloji abidələrində də əks olunub.

Məqalədə vurğulanır ki, Naxçıvan toylarında ifa edilən yallının bu diyarda onlarla növü var. “Qazı-qazı”, “Qaladan-qalaya”, “Köçəri”,“Çınqı-çınqı”, “Ağıryallı”, “Xalq yallısı”, “Şəruri”, “İki ayaq”, “Üç ayaq”, “Urfani”, “Xələfi”, “Ərzumani” və digər yallı növləri Naxçıvanda daha çox populyardır.

Yazıda Naxçıvan yallısı ilə yanaşı, Qarabağ, Zəngilan, Qazax, Salyan, Şirvan, Şəki və Cənubi Azərbaycanda ifa edilən yallılar haqqında da söhbət açılır.

 

 Mədəniyyət.- 2019.- 8 fevral.- S.7.