Regional idarə üzrə mədəniyyət işçiləri ilə görüşlər keçirilib

 

Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət mərkəzində, Quba, Şabran və Siyəzən rayon mədəniyyət mərkəzlərində Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə ilə əlaqədar mədəniyyət işçiləri ilə görüşlər keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev  ölkə başçısının 15 yanvar 2019-cu il tarixli fərmanı barədə məlumat verib. Bildirib ki, fərmanda ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb.

İdarə rəisi Mədəniyyət Nazirliyində həyata keçirilən müvafiq tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən yaradılan xüsusi komissiya idarə üzrə rayonlarda fəaliyyət göstərən klubkitabxanalarda monitorinqlər aparacaq.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.3.