Larisa Rudakovanın
ustad dərsləri davam edir
Artıq bir neçə gündür ki, Rusiyanın Əməkdar artisti, vokalçıların
beynəlxalq müsabiqələrinin
laureatı, Moskva Dövlət Konservatoriyasının
dosenti Larisa Rudakova Bakıdadır. İfaçılıq
ilə yanaşı, həm də uğurlu pedaqoji fəaliyyətlə məşğul
olan tanınmış
vokalçı Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının rəhbərliyinin təklifi
ilə paytaxtımıza
gəlib. O, teatrda çalışan gənc
vokalçılara ustad
dərsi keçir.
1964-cü ildə Sverdlovsk vilayətinin Lesnoy şəhərində anadan
olan L.Rudakova 1992-ci ildə Moskva Dövlət Konservatoriyasını
bitirərək Böyük
Teatrda çalışmağa
başlayıb. Lirik-koloratur səs tembrli
vokalçı 90-cı illərdə
bir-birinin ardınca beynəlxalq müsabiqələrdə
qalib gəlib. 1995-ci ildə BBC telekorporasiyası
Larisa Rudakovanın adını
dünyanın ən yaxşı gənc vokalçısı beşliyinə
daxil edib.
Larisa Rudakova davamlı olaraq Böyük Teatrla yanaşı, dünyanın məşhur
opera səhnələrində çıxış edib,
N.Gedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko,
Y.Obrazsova, T.Sinyavskaya kimi opera ulduzları ilə eyni səhnəni
paylaşıb. Teatr səhnəsində Violetta
(«Traviata»), Antonida («İvan Susanin»), Müzetta («Bohema»), Cilda («Riqoletto»), Mikaela («Karmen»), Lüdmila («Ruslan və Lyudmila»), İolanta
(«İolanta») və başqa partiyaları ifa edib.
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi
olan vokalçının
tələbələri beynəlxalq
müsabiqələr laureatıdır,
Rusiya və Avropa teatrlarında solist olaraq çalışırlar.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 8
fevral.- S.3.