Türk dünyasının bəstəkarları
“Sənət kəndi”ndə bir araya gəliblər
TÜRKSOY təşkilatı hər il ənənəvi olaraq həyata keçirdiyi müxtəlif layihələrlə Türk dünyasının sənət adamlarını – rəssamları, fotoqrafları, teatr xadimlərini bir araya gətirir, onlar arasında yaradıcılıq ünsiyyəti, qarşılıqlı mübadilə yaradır.
Belə layihələrdən biri də “TÜRKSOY-un bəstəkarlar görüşü”dür. Bu il layihə üçüncü dəfə Türkiyənin Bolu vilayətinin Seben rayonundakı “Sənət kəndi”ndə gerçəkləşir.
2017-ci ildə TÜRKSOY-un təşəbbüsü və Bolunun Seben Bələdiyyəsinin dəstəyi ilə qədim tarixi məkanda – eramızdan əvvəl frikyalılar tərəfindən istifadə edilən və günümüzə qədər gəlib çatan “Solaklar qaya evləri”nin ətəyində “Türk dünyası sənət kəndi” yaradılıb.
Burada inşa edilən evlərin Türk dünyasının korifey bəstəkarlarının xatirəsinə onların adları ilə adlandırılıb. Sənət evlərindən birinə Azərbaycan bəstəkarı Qara Qarayevin adı verilib. “Sənət kəndi”hər il Türk dünyası bəstəkarlarının yaradıcılıq görüşünün məkanına çevrilir.
TÜRKSOY, Bolu və Seben bələdiyyələrinin işbirliyi əsasında həyata keçirilən layihə çərçivəsində bəstəkarların budəfəki görüşü fevralın 5-dən 15-dək davam edəcək. Onlar bu müddətdə bir-biri ilə sənət ünsiyyəti quracaq, yeni əsərlər yaradacaqlar.
Türk dünyası bəstəkarlarının əsərləri bu il doğumunun 125-ci ili qeyd edilən Aşıq Veysələ ithaf ediləcək. Xatırladaq ki, TÜRKSOY 2019-cu ili “Aşıq Veysəlin anım ili” elan edib. Həmçinin layihə çərçivəsində iştirakçılar musiqi təhsili mövzusunda fikir mübadiləsi aparacaqlar.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2019.- 8
fevral.- S.8.