“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” kitabının təqdimatı

 

 

Fevralın 6-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə uzun müddət nəşri üzərində aparılan və yeni işıq üzü görmüş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı keçirilib.

Mərkəzin direktoru Günel Rzayeva giriş sözündə kitabın milli mətbəximizin təbliğində əhəmiyyətini qeyd edib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, tarixi torpaqlarımıza göz dikən ermənilər milli mətbəx nümunələrimizə də əl uzatmaqdan çəkinmir, onları özününküləşdirməyə cəhd edirlər. Buna görə də düşmənlə bütün cəbhələrdə, o cümlədən kulinariya sahəsində mübarizə aparmaq lazımdır. O, Azərbaycan mətbəx mədəniyyətinin qorunması, dünyada tanıdılmasında, o cümlədən dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-nun siyahısına salınmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolunu, dəstəyini diqqətə çatdırıb və nəşrin bu dəstək sayəsində ərsəyə gəldiyini deyib.

Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci ildə Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan dolma növləri də daxil olmaqla ümumilikdə bu yeməyin 381 növü haqqında məlumat verilir. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb.

Azərbaycan Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Azərbaycan TurizmMenecment Universitetinin rektoru İlham Mədətov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və başqaları kitabın dolma növlərinin aşkara çıxarılmasında və təbliğində əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, kitabın müəllifləri Tahir Əmiraslanov, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova və Ağakərim Şamidzadə, tərtibatçı-dizayneri Elnarə Heybətovadır.

 

Mədəniyyət.- 2019.- 8 fevral.- S.4.