Buktreyler festivalında iştirak şərtləri
elan olunub
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
və “Azercell” şirkətinin təşkilati
dəstəyi ilə
4-cü dəfə keçirilən
Buktreyler festivalında
iştirak şərtləri
elan olunub.
Festivalın təsisçisi və
direktoru Ruslan Sabirlinin bildirdiyinə görə, yaşından
asılı olmayaraq hər bir kəs
öz sevdiyi azərbaycanlı yazar və ya Azərbaycan
ədəbiyyatına aid buktreyler
çəkib onu festivalın internet səhifəsində
(www.booktrailer.az) qeydiyyatdan keçirməklə
bu yarışmada iştirak edə bilər.
Bir iştirakçı
tərəfindən təqdim
olunan buktreylerlərin
sayına məhdudiyyət
qoyulmur. İştirakçı təqdim edilmiş
buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına
zəmanət verir və bununla bağlı məsuliyyət
daşıyır. Təqdim edilmiş
buktreylerlər müəllifə
heç bir ödəniş edilmədən
festivalın təbliği
məqsədilə istifadə
edilə bilər, festivalın rəsmi saytında və internet resurslarında yerləşdirilə
bilər.
Builki festivalda
yenilik olaraq “Ən yaxşı mobil buktreyler” nominasiyası da elan edilib. Hər bir
kəs istədiyi buktreyleri mobil telefona çəkməklə
bu nominasiya üzrə festivala qatıla bilər.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir. Festival üçün çəkilən buktreylerlərin xronometrajı maksimum 3 dəqiqə olmalıdır.
Ətraflı məlumatı www.booktrailer.az
saytından və festivalın Facebook səhifəsindən
əldə etmək olar.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.3.