“Sən bir nəğməsən”
Uşaqların asudə vaxtının səmərəli təşkili, onların teatra, səhnəyə, ümumilikdə incəsənətə sevgi ruhunda formalaşmasında bədii təhsil müəssisələri ilə yanaşı teatr-studiyalarının da mühüm rolu var.
Bir neçə ildir A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da yaradıcı gənc və yeniyetmələrlə bağlı çoxsaylı uğurlara imza atıb.
Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün növbəti layihəsini reallaşdırıb.
“Sən bir nəğməsən” adlı konsert proqramı fevralın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim olunub.
Studiyanın hesabat konsertində Azərbaycan estradasının məşhur müğənniləri balaca davamçıları ilə bir səhnəni bölüşüblər.
Zəngin proqramlı konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış edib. Vətənində ilk dəfə səhnəyə çıxan bu istedadlı gənc Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
Onu da qeyd edək
ki, xeyriyyə məqsədli konserti paytaxtımızda fəaliyyət
göstərən uşaq
sığınacaqlarının sakinləri,
azyaşlıların yardım və inteqrasiya
mərkəzləri, təşkilat və cəmiyyətlərin
üzvləri də izləyib.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.5.