Əqidəyə “güzgütutan portret

 

 

 

İmadəddin Nəsiminin şəklini gördüyünüz bu portreti hələ XX əsrin ikinci yarısında – 1973-cü ildə yaradılsa da, geniş ictimaiyyətə, demək olar ki, tanış deyil. Bu da səbəbsiz deyil. Bu yazıda həmin səbəblərə aydınlıq gətirməyə çalışacağıq...

Ondan başlayaq ki, bu portretin ərsəyə gəlməsi 1973-cü ildə UNESCO-nun qərarı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinin qeyd olunmasına hazırlıqla bağlı olmuşdur. Bu yerdə deyək ki, zamanında portreti çəkilməyən şairtarixi şəxsiyyətlərimizin obrazının yaradılması məqsədilə əvvəllər müsabiqələr keçirilmişdi. 1940-cı ildə keçirilən müsabiqədə Nizami Gəncəvinin, 1958-ci ildə təşkil olunan müsabiqədə isə Məhəmməd Füzulinin obrazı yaradılmışdı.

Bütün bunlara baxmayaraq, əslində, Nəsimi ilə bağlı müsabiqə keçirilməyə də bilərdi. Çünki hələ 1941 və 1943-cü ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə rəssam Sadıq Şərifzadə (1912-1986) şairin bir neçə portretini işləmişdi. Elmi və ədəbi materiallar əsasında yaradılan bu əsər həmin muzeyin elmi şurasında dövrün tanınmış tarixçiləri və ədəbiyyatşünasları, eləcə də digər mütəxəssislər tərəfindən ekspozisiyada nümayiş olunmaq üçün bəyənilmişdi. Sadıq Şərifzadənin çəkdiyi Nəsimi portretinin qrafik variantının  dərsliklərdə və mətbuatda çap olunması da yaradılan əsərin ictimaiyyəti razı salmasının göstəricisi sayıla bilərdi. Bununla belə, şairin obrazının yaradılması üçün 1969-cu ildə açıq müsabiqə elan olunur.

Bir il sonra sənət yarışmasına təqdim olunan əsərlərə ilk baxış keçirilməsi nəzərdə tutulsa da, I tur baş tutmur. Rəssamlara bu istiqamətdə axtarışların davam etdirilməsi tövsiyə olunur. Eyni zamanda Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin və  Mədəniyyət Nazirliyinin qərarı ilə müsabiqənin gedişində xüsusi fəallıq göstərən Sadıq Şərifzadə ilə müqavilə də bağlanır və ona ikinci tura ciddi hazırlaşmaq tapşırığı verilir. Yubiley komitəsinin iclaslarının birində hətta rəssamlara obrazın yekun variantında Sadıq Şərifzadə tərəfindən yaradılan qrafik variantın üz cizgilərindən-ikonoqrafik əlamətlərindən  istifadə olunması məsləhət görülür. Nəhayət, gözlənilən gün gəlib yetişirkomissiya müsabiqəyə təqdim olunmuş portretlərə baxış keçirir. Dövlət mükafatı laureatı Tahir Salahovun rəhbərlik etdiyi münsiflər heyəti S.Şərifzadənin yaratdığı obraz-portreti qalib elan edir... Lakin bir müddət sonra qərar dəyişdirilir və Mikayıl Abdullayevin çəkdiyi, indi hamının yaxşı tanıdığı portret qalib elan edilir. Eyni zamanda narazı qalan S.Şərifzadənin könlünü almaq üçün onunla bağlanmış müqavilənin məbləğinin artırılacağı bildirilir...

Müsabiqənin nəticəsi ilə razılaşmayan S.Şərifzadə respublikanın və Moskvanın əlaqədar qurumlarına – Ümumittifaq Nəsimi yubiley komitəsinin sədri  N.Tixonova, “Sovetskaya kultura” qəzetinə və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri Tokay Məmmədova müraciətlər etsə də, Mikayıl Abdullayevin  çəkdiyi portret nümunəvi-ictimailəşəcək əsər kimi təsdiq olunur.

Həmin dövrün maraqlı hadisələrindən biri yubiley günlərində “Komsomolskaya pravda” qəzetində Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin imzası ilə Nəsimi haqqında çap olunan məqalədə M.Abdullayevin yox, S.Şərifzadənin çəkdiyi portretin verilməsi olmuşdur. Bu əsər rəssamın müsabiqəyə təqdim etdiyi ona qədər (onların bir qismi hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında saxlanılır) Nəsimi portretindən biri idi...

Heç şübhəsiz, bu gün heç də 46 il əvvəl baş verənləri təftiş etmək niyyətində deyilik. Məqsədimiz İmadəddin Nəsiminin qeyd etdiyimiz 650 illik yubileyi işığında görkəmli mütəfəkkirin bu obrazı barəsində ictimaiyyətə əlavə bilgilər  verməkdir.

Onu da deyək ki,  bu yazı Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 62 saylı fondundakı müxtəlif sənəd və fotolarla tanışlıq əsasında hazırlanmışdır.  Həmin materiallar rəssamın Nəsimi obrazı üzərində hansı məsuliyyətlə işlədiyinə əmin olmağa imkan verir...

Qeyd etmək lazımdır ki, o zaman Nəsiminin obrazının yaradılması üçün elan olunan müsabiqədə iştirak edən rəssamların, demək olar ki, heç biri ərəb və fars dillərini bilmirdilər. Sadıq Şərifzadə isə bu dillərdə yazıb-oxumağı bacarırdı. Cənubi Azərbaycanda dünyaya göz açan Sadıq Şərifzadə orada fars və ərəb dillərini öyrənmişdi, 30-cu illərdə ailəsi ilə Bakıya köçmüşdü. Onun Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri Tokay Məmmədova müraciətində də bu məsələ xüsusi vurğulanır: “Mən bu obrazı işlərkən, əski əlifba ilə yazılmış Azərbaycan və fars dillərində nəşr edilmiş məxəzlərdən şairin Azərbaycan və fars dillərində yazdığı şeirlərindən, müəllifin ədəbi-fəlsəfi fikirlərindən, eyni zamanda Salman Mümtazın vaxtilə çap etdirdiyi Nəsiminin şeirlər kitabındakı miniatüründən istifadə etmişəm. İndi 30 ildir ki, həmin obraz muzeydə olduğu kimi xalqın xatirində yer tutmuş, məktəblərin dərslik kitablarında çap olunaraq yayılmışdır. Sonralar başqa rəssam və heykəltəraşlar bu obraz üzərində işləmişlərsə də, mənim yaratdığım surəti əsas tutaraq öz yaradıcılıqları səviyyəsində ayrı-ayrı kompozisiyalarda araya çıxarmışlar”.

Rəssam müraciətdə bu obraz üzərində çalışma tarixinə də aydınlıq gətirmişdir: “Hələ 1941-ci ildə Nizami muzeyinin təşkili münasibətilə müdiriyyətin tapşırığı və o zaman muzeyin elmi rəhbəri olan professor Həmid Araslının bilavasitə göstərişləri, məsləhətləri ilə, eyni zamanda muzeyin elmi şurasının müzakirəsi və təsdiqi ilə Azərbaycanın böyük mütəfəkkir şairi Nəsiminin surətini yaradaraq, muzeyin ekspozisiyalarında dəfələrlə nümayiş etdirmişəm. 1941-ci ildə muzeyin geniş divarında, freska şəklində, mürəkkəb kompozisiyada Azərbaycanın məşhur şair və yazıçıları arasında, 1943-cü ildə isə ayrıca kağız üzərində qrafik bir şəkildə, daha sonra Nizami muzeyinin indiki böyük zalında Nizamidən sonra sovet dövrünə qədər yaşayıb-yaradan məşhur şair və ədiblərin surətlərini təsvir etmişəm. Öz dövrünə və fəlsəfəsinə uyğun bir şəkildə təsvir etdiyim böyük mütəfəkkir şairimiz Nəsimi də bu simaların arasında idi...”

Rəssam müsabiqənin münsiflər heyətinə də iradını bildirərək daha sonra yazır: Bunu da qeyd etmək lazımdır ki, məsələnin lap əvvəlindən bir neçə hörmətli alim yoldaş, o cümlədən professor Həmid Araslı Nəsimi obrazının vaxtında yaranıb yayıldığına görə təzədən müsabiqə elan edib, yeni obraz yaranmasının əleyhinə idilər. Bir gün Nizami muzeyində Həmid Araslı, hörmətli Məmməd Arif, muzeyin müdiribaşqa elmi işçilərlə bir yerdə bu məsələni müzakirə etdilər. Belə qərara gəldilər ki, muzeyin müdiri rəsmi məktubla Nəsimi yubileyi komissiyasına bildirsin ki, Nəsimi obrazı vaxtilə muzeydə alimlər və elmi şuranın hərtərəfli müzakirəsi və təsdiqi ilə rəssam Şərifzadə tərəfindən yaranmışdır. 30 ildir nümayiş etdirilir. Nəşriyyatda da, dərsliklərdə də çap olunaraq, xalq arasında yayılmışdır. Ona görə rəssamın işlədiyi bu obrazı olduğu kimi həmişə saxlayaraq, tematik tablolarda, heykəltəraşlıqda və başqa qrafik işlərdə bunu əsas tutaraq, simasında heç bir dəyişiklik etmədən istifadə etmək lazımdır.

Bütün bunlarla bərabər, mən bu işi müntəzəm olaraq davam etdirmişəm. İndi Nəsiminin əsas ikonoqrafik cizgilərini saxlamaq şərtilə bir neçə tablo çəkmişəm. Onları gələcəkdə yubiley münasibətilə muzeydə və ya başqa rəssamlıq sərgilərində nümayiş etdirmək fikrindəyəm. Ona görə xahiş edirəm, bu işlərə baxıb öz mülahizələrinizi bildirəsiniz”.

Azərbaycan təsviri sənətində bir çox tarixi şəxsiyyətlərin (Babək, Məhəmməd Füzuli, M.Ə.Sabirs.) obrazlarının yaradıcısı kimi tanınan Sadıq Şərifzadənin haqqında söz açdığımız portretində Nəsimi gecə mənzərəsi fonunda təsvir olunmuşdur. Gözlərini naməlum istiqamətə tuşlayan dahi söz xiridarının düşüncəli – cəlbedici portretidizinin üstündəki “Ənəlhəq” kəlamlı əlyazması onun həyatda mövqeyini və əqidə bütövlüyünü təsirli şəkildə əyaniləşdirir, desək, yanılmarıq. Obrazı səciyyələndirən geyim və digər ayrıntılar da inandırıcılığı ilə yadda qalır...

Duyulası zaman distansiyasından o vaxtlar baş verənləri dəyərləndirməli olsaq, onda həm Sadıq Şərifzadənin qeydlərini, həm də Mikayıl Abdullayevin obraz barəsində “Yazılarım” kitabında yer almış düşüncələrini saf-çürük etməklə, deməliyik ki, Nəsiminin ikonoqrafik göstəriciləri barəsində onların bir-birindən fərqli baxışları olub. Odur ki, son nəticədə haqqında danışdıqlarımız baş verib, bir-birindən fərqli bədii-psixoloji tutuma malik şair obrazı yaradılıb. Qənaətimizcə, müsabiqə zamanı tərəfləri inandıra bilən və sözükeçən mütəxəssisin olmaması da bu vəziyyəti şərtləndirən başlıca səbəblərdən biri idi...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.7.