Özbəkistanda Cəlil Məmmədquluzadənin
yubileyinə töhfə
Azərbaycanın görkəmli yazıçı və dramaturqu, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı povest və hekayələrdən ibarət kitabı özbək dilində nəşr olunub.
316 səhifəlik kitaba müəllifin “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Quzu”, “Pirverdinin xoruzu” – ümumilikdə 26 hekayəsi daxil edilib.
Nəşrin ideya müəllifi – AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı ön söz yazıb.
Azərbaycan xalqının yaxın dostu, tanınmış şair, tərcüməçi, mərhum Osman Qoşqar “Cəlil Məmmədquluzadə” adlı məqaləsində ədibin həyat və yaradıcılığı haqqında özbək oxucularına geniş məlumat verir.
Kitabın məsul redaktoru, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” yazısında “Molla Nəsrəddin” məktəbinin, Mirzə Cəlil satirasının Türküstanın ictimai-ədəbi mühitinə təsirindən bəhs edib.
Qeyd edək ki,
Prezident İlham
Əliyevin 17 yanvar 2019-cu il
tarixli sərəncamı ilə Cəlil
Məmmədquluzadənin 150 illik yubileyi geniş qeyd ediləcək. Ədibin özbək dilində
çapdan çıxan kitabı isə
yubileyə mühüm töhfədir.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.6.