“Arşın
mal alan” yenidən Özbəkistan
səhnəsində
Özbəkistan Dövlət Musiqili
Teatrında dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasının özbək
dilində yeni aktyor heyəti tərəfindən səhnələşdirilmiş
tamaşası nümayiş
olunub.
Tamaşanın təqdimatında Özbəkistanın
mədəniyyət və
incəsənət xadimləri,
Azərbaycan diasporunun
üzvləri iştirak
ediblər.
Operettaya Əməkdar incəsənət
xadimi Əhəd Farmonov quruluş verib. Əsas rolları
Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Marifat Artikova ifa edib.
“Arşın mal alan”
Özbəkistanda ilk dəfə
1919-cu ildə Daşkənddəki
“Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il
Bakıdan gələn
rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan
azərbaycanlılardan ibarət
teatr truppası yaradıb və əsər bu qədim şəhərdə
səhnələşdirilib.
1922-ci ildə əsərə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan
gələn aktyorlar səhnə həyatı
veriblər. Tamaşa sonrakı illərdə
Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində
teatrsevərlərə təqdim edilib. Bir neçə il əvvəl
isə Daşkənddəki Operetta
Teatrında “Arşın mal alan” rus dilində səhnələşdirilib.
Mədəniyyət.- 2019.- 13
fevral.- S.8.