Azərbaycanlı deputatların Rusiya Dumasında çıxışları miniatür nəşrdə

 

 

 

Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin tədqiqatları əsasında ərsəyə gələn “Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında. 1906-1917” (rus dilində) ikicildlik miniatür kitabının təqdimatı keçirilib.

Muzeyin yaradıcısı və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova tədbiri açaraq qeyd edib ki, kitabda dörd çağırış Rusiya Dövlət Dumasının üzvü olmuş  azərbaycanlı deputatların çıxışlarının mətnləri yer alıb. Birinci cilddə 1906-1907-ci illər I və II çağırış, ikinci cilddə 1907-1917-ci illər III və IV çağırış Dövlət Dumasında azərbaycanlı deputatların çıxışları verilib. Birinci cilddə, həmçinin professor Dilarə Seyidzadənin azərbaycanlı deputatların Rusiya Dumasında fəaliyyətinə dair məqaləsi verilib.

Təqdimat mərasimində çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə nəşr haqqında ətraflı məlumat verərək bildirib ki, 1905-ci ilin dekabr ayında Rusiya çarı Dövlət Dumasına seçkilər haqqında fərman imzalayıb. Fərmana əsasən, imperiya ərazisində yaşayan əhaliyə  Dövlət Dumasına nümayəndə seçmək hüququ verilib. O zaman Azərbaycan Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarından ibarət idi, eyni zamanda Qafqazdakı bütün quberniyalar Rusiya canişinliyinin tərkibində idi. Ümumi razılığa əsasən Rusiya Dövlət Dumasına Azərbaycandan rus dilini mükəmməl bilən şəxsləri göndərmək qərara alınmışdı. 1906-cı ildə Bakı və Yelizavetpol quberniyalarında seçkilər keçirildi. Dumaya MoskvaSankt-Peterburqun ali məktəblərində hüquq təhsili almış şəxslər seçildilər. Deputatların hüquq təhsilli olması xalqın mənafeyini müdafiə etmək baxımından çox gözəl seçim idi. Birinci çağırışda Azərbaycanı Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev təmsil edib.

Azərbaycanlı deputatların da daxil olduğu 36 nəfərdən ibarət müsəlman fraksiyasına Əlimərdan bəy Topçubaşov sədrlik edib. Azərbaycanı II Dumada Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtinski, İsmayıl Tağıyev, Mustafa MahmudovZeynal Zeynalov, III Dövlət Dumasında Xəlil bəy Xasməmmədov, IV Dumada Məmmədyusif Cəfərov təmsil edib.

Professor Dilarə Seyidzadə ötən əsrin 60-cı illərində Moskvada aspiranturada oxuyarkən apardığı tədqiqatlardan da söz açıb.

Qeyd edək ki, o dövrdə tarix elmi ilə məşğul olanlar daha çox sosializm  beşilliklərindən, inqilab tarixindən yazırdılar. Dilarə Seyidzadə isə 1963-cü ildə Moskvaya aspiranturaya oxumağa gedəndə məhz azərbaycanlı deputatların Dumada fəaliyyəti ilə bağlı dərin tədqiqat aparmağı qarşısına məqsəd qoymuşdu. O, namizədlik dissertasiyası ilə yanaşı, gərgin axtarışları sayəsində “Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” monoqrafiyası üçün material toplayıb.

Təqdimat mərasimində “RossotrudniçestvoAgentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatları Elmira Axundova, Jalə Əliyeva, İlham Məmmədov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, yazıçı Natiq Rəsulzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, BDU-nun Genderpsixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova çıxış ediblər.

Çıxışlarda tariximizin mühüm bir səhifəsinə işıq salan nəşrin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, miniatür ikicildlikİndiqo” mətbəəsində çap edilib. Ölçüsü 60x70 millimetr olan kitabın I cildi 288, II cildi 340 səhifədən ibarətdir. Nəşrdə çoxlu sayda ağ-qara fotoşəkillər yer alıb.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.6.