“Cəfər Cabbarlı adına studiya doğma studiyama çevrildi...”
Sergey Yurski Azərbaycan
tamaşaçısının da rəğbətini
qazanmışdı
Rusiyanın
tanınmış teatr və kino aktyoru, Xalq artisti, rejissor,
ssenarist, bədii qiraət ustası Sergey Yurski fevralın 8-də,
84 yaşında dünyasını dəyişib.
O, 16
mart 1935-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində
sənətçilər ailəsində anadan olub. Atası
(Yuri) teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası
(Yevgeniya) isə musiqi müəlliməsi olub. Əslində,
onların soyadı Jixaryov idi. Yurski atasının təxəllüsü
olmuş, sonra isə Sergey onu fəxrlə özünə
soyadı olaraq götürmüşdü. Uşaq
yaşlarından incəsənətə meyil göstərən
Sergeyi valideynləri bu yoldan çəkindirməyə
çalışsalar da, buna nail ola bilmirlər.
O,
orta məktəbi qızıl medalla bitirdiyinə görə
imtahansız (valideynlərinin istəyini nəzərə
alaraq) A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin
Hüquq fakültəsinə daxil olur. Burada təhsil
aldığı müddətdə universitetin nəzdindəki
dram dərnəyinə yazılır və müxtəlif
rollar oynamağa başlayır. Üç il universitetdə təhsil
alandan sonra teatra olan uşaqlıq arzusu, dərnəkdə
oynadığı rollar və istedadı onu hüquq təhsilini
atıb A.Ş.Ostrovski adına Leninqrad Teatr İnstitutuna
(indiki Sankt-Peterburq Dövlət Teatr Sənəti
Akademiyası) gətirir. Burada tələbə ikən 1957-ci
ildə M.Qorki adına Böyük Dram Teatra dəvət
alır və oynadığı rollar sayəsində tez bir
zamanda məşhurlaşır. 1959-cu ildə institutu bitirir.
Sergey
Yurski işlədiyi teatrda aktrisa Zinaida Şarko ilə
tanış olur. Onlar 1961-ci ildə ailə həyatı
qururlar. Bu evlilikdən onların uşaqları olmur. 7 ildən
sonra cütlük ayrılır. İkinci dəfə isə
o, aktrisa Natalya Tenyakova ilə evlənir və bir
qızları (Darya) dünyaya gəlir.
Aktyor
M.Qorki adına Böyük Dram Teatrında 20 il işlədikdən
sonra Moskvaya köçür və 1979-cu ildən Mossovet
Teatrında çıxış edir, həmçinin
Çexov adına “Müasir pyes məktəbi”ndə rejissor və aktyor olaraq
çalışır.
Onun
kinoda debütü 1957-ci ildə “Küçə sürprizlərlə
doludur” filmindəki epizodik rolu olur. Bundan sonra o, “Zaman, irəli!”
(Marqulis), “ŞKİD Respublikası” (Vikniksor),
“Görüş yerini dəyişmək olmaz” (İvan
Qruzdev), “Məhəbbət və göyərçinlər”
(Mitya dayı) və s. filmlərə çəkilir.
O həm
də yaxşı ssenarist və qiraətçi idi. Yurski
klassik və müasir müəlliflərin
yaradıcılığı ilə bağlı 15 ədəbi
proqram səsləndirib.
Teatrda
və kinoda oynadığı rollarla sənətsevərlərin
rəğbətini qazanmış Sergey Yurskinin
yaradıcılıq yolu Azərbaycanla da bağlı olub,
burada çəkildiyi filmlərlə tamaşaçıların
sevimlisinə çevrilib. Xüsusilə onun 1976-cı ildə
“Azərbaycanfilm”in istehsalı olan “Dərviş Parisi
partladır” filmində yaratdığı Müsyö Jordan
obrazı bu gün də sevilə-sevilə izlənilir. Aktyor
ekran əsərində fransız təbiətşünası
Müsyö Jordan obrazını oynamaqla bərabər, rolun səsləndirilməsini
də məharətlə yerinə yetirib. Onun ifasında
fransalı qonağın Qarabağın şanına dediyi
“Qarabağdan yoxdur dünyada, mən Qarabağı dünyaya
tanıdacağam” sözləri isə bu gün bizdə bir
ayrı ovqat, qəmli hislər yaradır...
Aktyorun “Azərbaycanfilm”in istehsalı olan “Şir evdən getdi” (Ovçu, 1977) və “Qorxma, mən səninləyəm!” (Pristav, 1981) filmlərində oynadığı rollar da yaddaqalan kino personajlarıdır.
2006-cı ildə Sergey Yurski Bakıya gəlmiş, “Üns” Yaradıcılıq Səhnəsində onun yaradıcılıq gecəsi keçirilmişdi. Onun həmin gecədə dediyi “Məni müəyyən mənada Bakı, Azərbaycan xilas etdi. Bu, həyatımın dönüş mərhələsi idi. Çox çətin zaman idi, hakimiyyət orqanları ilə münasibətlərim ciddi şəkildə gərginləşmişdi. Onda Azərbaycan gözlənilmədən mənə kömək əlini uzatdı. Cəfər Cabbarlı adına studiya doğma studiyama, buradakı dostlarım isə taleyimin bir hissəsinə çevrildilər” sözləri isə daim xatirələrdə qalacaq...
Səbinə
ƏLİBALAQIZI
Mədəniyyət.- 2019.- 13
fevral.- S.6.