İstiqlal Muzeyində “Qanlı kaha” kitabının imza günü

 

 

Fevralın 9-da Azərbaycan İstiqlal Muzeyində jurnalist Elxan Salahovun “Qanlı kaha. Başlıbelin mühasirə gündəliyi” kitabının təqdimatı və imza günü keçirilib.

Kitabda 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı rayonun ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə 62 nəfərin dağlara çəkilərək kahalarda gizlənməsindən və 113 gün düşmən ordusunun mühasirəsində keçən müsibətdən bəhs olunur.

Tədbirdə çıxış edən Başlıbel kəndinin ziyalıları Osman Mirzəyev, Fazil Əzizov, ehtiyatda olan polkovnik Balay Səlimov, mühasirə həyatının iştirakçısı Səlim Mehdiyev 1993-cü ildə baş verən bu hadisəni Qarabağ müharibəsinin ən az işıqlandırılan faciəli hadisələrindən biri olduğunu söyləyiblər. Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid, tanınmış jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Qurban Yaquboğlu, Qurban Təbiətoğlu və başqaları müəllifin sənədli povestdə həmin hadisələri canlı şəkildə təsvir etdiyini bildiriblər.

Sonda müəllif kitabı imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.6.