“Ustada sayğı gecəsi”
Xalq şairi Bəxtiyar
Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Fevralın
13-də – Xalq şairi, dramaturq, ədəbiyyatşünas,
ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının
10-cu ildönümündə Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrında “Ustada sayğı gecəsi”
adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan
Yazıçılar Birliyi (AYB), Bakıdakı Yunus Əmrə
İnstitutu və TİKA-nın dəstəyi ilə
gerçəkləşdi.
Aparıcı
Nailə Ələkbərli tədbiri açaraq söz
ustadının “Şair” şeirindən bir bəndi səsləndirdi:
Şair
fikirlərin çırpınan seli,
Şair
həqiqətin müğənnisidir.
Şair
təbiətin danışan dili,
Şair
cəmiyyətin üsyan səsidir.
Qeyd
olundu ki, Bəxtiyar Vahabzadə düşüncəsi dərin,
dili kəskin, qələmi iti, fikirləri bəşəri,
duyğuları milli, mübariz şair idi. Onun şeirlərini
oxuduqca düşünür və öyrənirik.
Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar Bəxtiyar
Vahabzadənin vəfatından 10 il keçdiyini bildirdi. Qeyd
etdi ki, bu müddət ərzində Azərbaycanda və
Türkiyədə bir çox hadisələr baş verib və
biz həmişə Bəxtiyar Vahabzadənin səsinə,
sözünə və münasibətinə ehtiyac
duymuşuq. Onun bu onillikdə yeri çox görünüb:
“Bəxtiyar Vahabzadə öz adını doğruldan bir
şairdir. Yəni bəxtiyar və xoşbəxt şairdir.
Bu cəhətdən onu həm xalq sevirdi, həm də
dövlət qiymətləndirirdi. Dövlətin ən
yüksən mükafatlarına layiq
görülmüşdü. Xalq şairi adı
almışdı. Parlamentin deputatı idi. Akademik
seçilmişdi. Azərbaycanın və SSRİ-nin dövlət
mükafatlarını almışdı”.
Xalq
yazıçısı vurğuladı ki, B.Vahabzadə Azərbaycanı
sevdiyi qədər də Türkiyəni sevirdi. Türkiyədə
də Azərbaycanda sevildiyi kimi sevilir: “Bu tədbirdə bizim
qardaş Türkiyədən dost-tanışlarımız
iştirak edirlər. Türkiyədə Bəxtiyar Vahabzadənin
kitabları dönə-dönə çap olunur. Onun
haqqında tədqiqat əsərləri işıq
üzü görür. Xalqlarımız, dilimiz
yaşadıqca bu dildə yazan şairlər də
yaşayacaq. Onlardan biri də bizim əzizimiz Bəxtiyar
Vahabzadədir. Onilliklər keçsə də o, hər zaman
yaddaşlarda yaşayacaq”.
Yunus
Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir
çıxışında Bəxtiyar Vahabzadənin
yaradıcılığında dilimizin zənginliyinin qorunub
saxlanıldığını vurğuladı: “Yaxşı
ki, xalqlarımız belə görkəmli şair və elm
adamları yetişdirir. Biz ayağını vətən
torpağına xoş niyyətlə basan, öz kökündən
bəslənən, tarixi mədəniyyətindən bəhrələnən
və yaşadığı cəmiyyətin insanlarına
doğru istiqamət göstərən bu ziyalılara çox
borcluyuq”.
Tədbirdə
daha sonra TİKA-nın (Türk İşbirliyi və
Koordinasiya Agentliyi) ölkəmizdəki proqram koordinatoru Teoman
Tiryaki, Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar
Vahabzadənin yaradıcılığından söz
açdılar.
B.Vahabzadənin
“Əlvida” şeirinin lent yazısı səsləndirildi, həyat
və yaradıcılığından bəhs edən
video-çarx göstərildi.
Gecədə
xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar
şairin şeirlərinə bəstələnmiş “Həyat,
səndən kim doydu getdi”, “Bulağa gəlsin”, “Bəxtiyaram
mən” mahnılarını ifa etdilər.
Sonda
şairin “Özümüzü kəsən qılınc” mənzum
dramı əsasında hazırlanmış tamaşadan
parça nümayiş olundu.
* * *
Qeyd
edək ki, fevralın 13-də Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda da Yunus Əmrə İnstitutu,
TİKA və AYB-nin birgə təşkilatçılığı
ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının
10-cu ildönümü münasibətilə panel
keçirilib.
Tədbirdə
AYB-nin sədri, Xalq yazıçısı Anar,
TİKA-nın təmsilçisi Teoman Tiryaki, Bakı Yunus Əmrə
İnstitutunun rəhbəri Cihan Özdəmir, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,
AYB-nin katibi Rəşad Məcid və başqaları
şairin həyat və zəngin
yaradıcılığından söhbət açıblar.
Paneldə Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələrlə çıxış ediblər.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2019.- 15 fevral.-S.1;3.