Poetik-analitik alim

 

 

ömrü uzunu “ən çətin sənətkarlar”ı hamı üçün asanlaşdırmış Əli Fəhmi...

 

Düz yüz il öncə (17 fevral 1919, Bakı, Sabunçu qəsəbəsi) doğulmuş, orta məktəbi qeyri-adi səs-səda (“Mendeleyevçi”-“Eynşteynçi” tərifləri) ilə bitirib Tibb İnstitutuna daxil olsa da, yaxın ətrafında “canlı ədəbiyyat” adıyla da məşhurlaşmış bu fenomen 17 yaşındaykən “bədahətən şeirsöyləmə” qabiliyyətinə görə məşhur dinləyicilərinin biri – “Ay Əli, səndə İmam Əli fəhmi var!” – deyə heyrətlənən Mikayıl Müşfiq tərəfindən “Fəhmi” təxəllüsü ilə mükafatlandırılır...   

Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən bu başdan-başa “fərqli insan” yerişindəki fiziki fərqə görə aparılmadığı müharibənin ilk ilindən 1949-cu ilədək Sabirabad Rayon Hərbi Komissarlığında həkim işləyir. Lakin orta məktəb illərindən öyrənib maraqlandığı ərəb-fars dilləri və klassik poeziya ab-havasına yoluxmuş bu həkim ədəbiyyat-sənət “xəstəliyindən” qurtula bilmir və Azərbaycan Dövlət Universitetinə (BDU) üz tutur. 1957-ci ildə buranı da fərqlənmə diplomuyla bitirir, professor Feyzulla Qasımzadənin təkidilə (müstəsna hal kimi) aspiranturada saxlanılır.S.Ə.Şirvaninin həyat və yaradıcılığı” mövzusunda namizədlik işi üzərində çalışır. Lakin tezliklə ondahaqq söz sahibliyi”, “alim azadlığı” kimi keyfiyyətlər “baş qaldırdığından”, dissertasiyasının müdafiəsinə bir müddət qalmış “bəlli olur ki”, bu mövzubaşqa bir aspirant tərəfindən işlənib-qurtarmışdır”...

Bu ənənəvi “sovetizm priyomundan bezikən qürurlu insan elmi işi yarımçıq qoymağa vadar olur.

Ancaq belə bir fenomenin aralıqda “boş-boş” gəzməsilə bağlı söz-söhbətlər “əlaqədar yuxarılar”a baha başa gəlir və bu qaynar elmi-pedaqoji istedad sahibini universitetdən uzaqlaşdırmaqla yalnız imic itkisinə düçar olacağını dərk edən rəhbərlik onun mətnşünaslıqdan dərs deməsinə, Jurnalistika fakültəsi tələbələrinə ərəb əlifbası və dilini tədris etməsinə nail ola bilir.

Bu ictimai-siyasi təsvirat ardınca şəxsi bir xatırlatma. Oğlu İlham Ələkbərov: “Atamın tez-tez dilə gətirdiyi bir məsəl vardı: “Ustadına kəm baxanın gözlərinə qan damar”. Keçmiş alimlər sədaqətli olublar. Böyük klassika azmanı Əkrəm Cəfərə deyəndə ki, siz əruzun atasısınız, əlbəəl qayıdardı ki, Əli Fəhmidən sonra!...” 

 

“Ən çətin sənətkarlar” açıcısı...

 

Bəli, Əli Fəhmi ədəbi tənqid və ədəbiyyatşünaslıq tariximizə “Azərbaycan klassik ədəbiyyatında yaradıcılığı ən mürəkkəb olan şairləri tədqiq edən alimkimi düşmüşdür. Məsələn, S.Ə.Şirvani irsinin öyrənilməsi yolunda ilk (və böyük) addımı Firidun bəy Köçərli atmış olsa da, bu klassik (və xeyli “qaranlıq”) şairimiz haqda ilk sistemli tədqiqat işinin müəllifi Əli Fəhmi olub. Vurğulayaq ki, bu şairin ümumxalq dəyərinə çevrilməsində xüsusi xidməti olmuş alimS.Ə.Şirvaninin estetik görüşləri” məqaləsilə ovaxtadək adı əsasən çal-çağır məclislərində səslənən sənətkarı elm-irfan müstəvisinə də çəkmiş olub. Bu şairi ətraflı tədqiq üçün dəfələrlə Şirvan mahalında olan, onu yetirib-yetişdirən canlı və “cansız” mühitləri vəhdətdə öyrənməyə çalışan alim şairin musiqi duyumu ilə bağlı yazır: “Muğamxalq mahnılarının, hava-havacatların alovlu tərənnümçüsü S.Əzim musiqini, meyü-məzəni, şirin ixtilatları həyatın əvəzsiz nemətləri saymışdır”.

Ə.Fəhmi irsi zəngin məlumatlılığı baxımından da diqqətəlayiq əsərlər hesab edilir. Bunları incələdikcə aydınlaşır ki, müəllif tədqiqata cəlb etdiyi sənətkarların əsərlərilə birgə, onların doğulduqları təbii şəraiti, şəxsi həyat və ətraf mühitlərini belə dərindən öyrənib. Məsələn, onun araşdırmaları sayəsində bəlli olub ki, ulu sənətkar-şəxsiyyət Hüseyn Cavid əfəndinin şair, xanəndə-mərsiyəxan kimi tanınan atası Hacı Abdulla Şaxtaxtlı ilə S.Əzim arasında gözəl dostluq münasibətləri varmış. Bu şirvanlı şairimiz “Səndən” rədifli şeirində, o dövr nəqliyyatı üçünuzaqdan-uzaqhesab edilən bu naxçıvanlı dostunun avazını həzrəti-Davudun avazına bənzədib.

Böyük alim bu kimi tədqiqatlarında tək elə “əhvalat-olayçılıq”la kifayətlənməyib, həmkarları içərisindəki basmaqəlibçilərin, yanlış qənaətçilərin (tutalım, forma ilə məzmun, bədiiliklə ideya arasına sədd çəkənlərin) ədəbi tənqid “bostan”larını məntiq-metodologiya “daşları”na da qonaq edib: “Hər hansı bir fikri irəli sürərkən öncə, fikirləşmək lazımdır. İnsan üçün beyin ilə qəlbin hansı birinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək mümkün olmadığı kimi, sənət əsərində də ideya ilə forma arasındakı üstünlük fərqini söyləmək çətindir”. Yaxud tədris etdiyi tekstologiya (mətnşünaslıq) fənnində qəzəllərin elmi izahını bitirdikdən sonra, böyük Mirzə Fətəlinin məlum müddəasına qüvvət olaraq, deyirdi: “Öz müasirlərini zamanın tələblərinə uyğun şeirlər yazmağa səsləyən S.Əzim başa düşürdü ki, gül-çiçəkdən, eşq-məhəbbətdən bəhs edən qəzəllərlə ictimai-siyasi mənfilikləri dəf etmək mümkün deyildir”.

Deyim ki, bu geniş diapazonlu alimin “ən çətin şairlər”imizi incələməsi məsələsi özündən sonrakı həmkarlarının yekdil qənaətləridir. Onların vurğulamalarına görə,   Əli Fəhminin “Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri” tədqiqatı hələ də bu mövzuda yazılmış əsərlərin ən mükəmməli hesab olunur. Bu məqamda tədqiqatçı Yeqzar Cəfərlinin “Əli Fəhmi dünyası” kitabından belə bir xatırlama: “...Üzümü tələbələrə və aspirantlara tutub deyirəm: - Əziz dostlar, Füzuli yaradıcılığına ən asan yol Əli Fəhmidən keçir!”

 

Buasan yol” –

 

tək elə sələflər aləmindən yox, sıravi xələflər cəmiyyətlərindən də keçirdi. Onun klassiklərimizlə bağlı zəngin biliyindən, məsləhətlərindən, çətin anlaşılan hər söz, ifadə və tərkib “qıfıl”larına düşən əruz “açar”larından kino, teatr, teleradio sahələrində geniş yararlanmalarla bağlı yalnız Məlik Dadaşovun xatirəsinə yer edə bilirəm: “Məni Şeyx Nəsrullah roluna hazırlayarkan o sözlər ki, Əli Fəhminin dilindən çıxırdı – adam, doğrudan da, Şeyx Nəsrullahın ölüləri dirildə biləcəyinə inanmaq istəyirdi”.

Mətbuatda, efir-ekranda bu əsil alim-adam haqda yazıb-danışanların hamısı onu xüsusi rəhmətlə anır. “İxtisasca həkim Əli Fəhmi bənzərsiz poeziya vurğunu, klassik şeir ölçüsü olan əruzun yaxşı bilicisi, ən mahir şərhçisi idi. Onun Füzuli mövzusu üzrə apardığı “xüsusi kurs” tələbələrçün ən qızğın polemika obyektinə çevrilərdi” (Ş.Mikayılov, A.Bəkirova).

Musiqi dünyamızın canlı tarixi Əlibaba Məmmədov: “...Mən qəni-qəni rəhmətlik Əli Fəhmi kimi dahi ilə Əhmədxan müəllimin evində tanış olmuşam. Ə.Vahidin sözlərinə yazdığım “Hisar” təsnifinin adı ilə bağlı mübahisə də (“HisaryoxsaHasar”) həmin görüş zamanı olmuşdu. Dövrünelm-bilik, söz-hikmət sərrafı” hesab edilən Ə.Fəhminin: “El arasında “Hisar” deyirlər, qoy elə də qalsın” hökmü məsələni həll etdi...”

Və... əsasən (sıraları ildən-ilə seyrəlməkdə olan) tələbələrinin yaddaşında bu məmləkət içrə “üç kişidən, beş alimdən, on halaldan, qırx baməzədən birikimi yaşayan bu canlı universitet, canlı ensiklopediya, şanlı Vətəndaş haqda oxuduğum, eşitdiyimşahidi olduğum epizodlardan ibarət –

 

Fraqmentar xatırlamalar

 

Ə.Fəhmi Azərbaycanda Qurani-Kərimin dilimizə tərcüməsinin təşəbbüskarı və... ermənilərin Moskva vasitəsilə bu işi dayandırması ucbatından yalnız üç surəsinin (“Bəqərə”, “Ali-İmran”, “Nisa”) ən uğurlu çeviricisi olub. 

 

* * *

 

Bu böyük alim milli-mənəvi mədəniyyət daşıyıcısı, tərbiyə-təvazökarlıq simvolu, dünya malına bir fal belə etina etməyən gözü-könlü tox insan idi. Yazdığı əsərlərin hərəsi bir elmi ad almağa yetərli olsa da, rəsmi titullar arxasınca bir addım belə atmayıb, qədirbilən alimlər, tələbələr və “qara camaat” əhatəsində qazandığı “Fenomen Əli Fəhmi” obrazına xələl gətirəsi işlərə qatılmayıb.

 

* * *

 

Azərbaycan KP MK-nın birinci katibi (1959-1969) Vəli Axundov ona (həm də bir tələbə yoldaşı kimi) hər cür kömək göstərməyə hazır olduğunu dəfələrlə bildirsə də, yaxın durmayıb. Çoxlarına məlum “Şeyxülislam vəzifəsi təklifi”nisə, “Mən xalqa dindənkənar işlərdə daha çox lazımam”, - deyə qəbul etməyib.

 

* * *

 

…Əli Fəhmi Bakı məclislərinin yaraşığı, xalqın işıqsaçan əsl aydını idi. Şirin söhbətləri, Allah kəlamları, Peyğəmbər hədislərilə xalqı feyzyab edər, “yaxşı insanlar hamıya hava-su kimi gərəkdirlər; onlardan doymaq olmur, gözün, könlün hər yerdə onları axtarır...” kimi kəlamları ilə camaatı maarifləndirərdi.

 

* * *

 

Bu isə 1970-ci ildə auditoriyada öz dilindən eşitdiyim: “Siz bu millətin böyük isimlərini satmış “sifət”ləri balaca adamlar hesab etməyin. Onların fəaliyyətləri nəticəsində neçə-neçə sürgünlər, zirzəmilər, türmələr şərəfləniblər! Siz onlarla qarşılaşanda mütləq gülümsünərək salamlaşın. Yasları düşəndə “Allah Cavidə, Müşfiqə, Cavada, Qantəmirə... rəhmət eləsin” kimi sözlər işlədin. Necə ki mən elələrilə söhbətlərimdə cəmləyib deyirəm: “atam-anam sizə süvar olsun...”.

 

* * *

 

Nəhayət, tale epizodu:

13 mart, 1975-ci il. 56 illik halal, şərəfli, bənzərsiz elm-bilikli bir ömrün sonu, Bülbülə kənd qəbiristanlığı.

Allah rəhmət eləsin...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 15 fevral.-S.7.