Dostumun “hesabatı”
Onunla dostluğumuzun tarixi əlli ilə yaxındır. Uzun illər onun rəhbərliyi altında işləmişəm. İxtisasartırma kursunda mənə və həmkarlarıma mühazirələr oxuyub. Elə o vaxtlardan dostuma “müəllim” deyə müraciət edirəm. “Filankəs müəllim” yox ha! Eləcə: “Müəllim”.
İndi tez-tez olmasa da, telefon əlaqəsi saxlayırıq. Bu dəfə ona doğum günündə deyil, doğum günü ərəfəsində zəng elədim:
- Müəllim, xəbərin varmı, bu gün-sabah doğum günündür, yaşının üstünə bir yaş da gəlir.
Neçə yaşının tamam olduğunu isə demədim.
- Xəbərim
var, - dedi.
Sonra əlavə
etdi:
- Tələsmə,
məndən bir az sonra sən də həmin
yaşa çatacaqsan.
- Bu dəfə
zəng eləməkdə məqsədim başqadır, həm
də rəsmi xarakter daşıyır.
Dostum da rəsmiyyətə
keçdi:
- Buyurun,
- dedi.
-
Yadınızdamı, o böyük binanın
üçüncü mərtəbəsində oturduğunuz
vaxtlar bizdən hər il
görülmüş işlər barədə yazılı
hesabat istəyərdiniz? Biz də müəssisənin
illik fəaliyyəti barədə yazılı hesabat təqdim
edərdik. İndi siz yaşınızın bu
vaxtında ötən illərə boylanıb dostlara gördüyünüz
işlərin hesabatını verə bilərsinizmi?
- Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, mənim gördüyüm işlər
göz qabağındadır. Elektron mənbələrdə
də, yəqin ki, izi qalıb. Maraqlana bilərsiniz.
Mən razılaşdım. Onun adını və
soyadını yazıb internetdəki mənbələrə
baxdım. Rast gəldiyim bəzi məqamları
dostların və oxucuların diqqətinə
çatdırıram:
“Adilxan Hüseynəli oğlu Bayramov. Ədəbiyyatşünas,
sənətşünas, publisist, tərcüməçi,
filologiya elmləri doktoru”. Bir sıra
ensiklopedik-məlumat mənbələri və saytlarda, Milli
Kitabxananın elektron kataloqunda belə yazılıb.
“Azərbaycan
Milli
Ensiklopediyası” (III cild, Bakı, 2011) isə onu bu
cür təqdim edib: “Azərbaycan ədəbiyyatşünası,
filologiya elmləri doktoru”.
Adilxan Bayramov Gürcüstanın Marneuli rayonunun
(Borçalı bölgəsi) Sadaxlı kəndində anadan
olub.
1966-cı ildə Sadaxlı kənd orta məktəbini ( indiki Yusif Heydərov adına 1 saylı
Sadaxlı kənd orta məktəbi) gümüş medalla
bitirib.
Məktəb illərindən yazı-pozuya meyilli olub. 8-ci sinifdən
başlayaraq qələmə aldığı yazılar “Qələbə
bayrağı” (Bolnisi rayonu), “Yeni Marneuli” (Marneuli rayonu) və
“Sovet Gürcüstanı” qəzetlərində dərc edilib.
1966-1971-ci
illərdə Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) Filologiya fakültəsində
ali təhsil alıb. Tələbəlik
illərində yazı-pozu ilə, demək olar ki, məşğul
olmayıb. Hamı kimi, daha çox dərslərinə
fikir verib, mütaliə edib. Onun müəllimləri – ədəbiyyatşünaslardan
Mir Cəlal, Əkbər Ağayev, Gülhüseyn
Hüseynoğlu, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Cəlal
Abdullayev, Vaqif Vəliyev, dilçilərdən Muxtar
Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Fərhad
Zeynalov, Tofiq Hacıyev, Əbülfəz Rəcəbov,
estetika müəllimi Aslan Aslanov, psixologiya müəllimi Məmmədəli
Məhərrəmov öz dövrünün böyük alim
və şəxsiyyətləri kimi tanınırdılar. Bu müəllimlərdən çox şey öyrənmək
olardı və o da öyrənib.
Sevimli
müəllimlərindən professor Tofiq Hacıyev (sonradan
akademik) onun diplom rəhbəri, professor Cəlal
Abdullayev isə elmi rəhbəri və elmi məsləhətçisi
olublar.
Allah dünyasını dəyişənlərə rəhmət
eləsin.
Adilxan Bayramov 1971-ci ildə universiteti bitirdikdən sonra
1979-cu ilədək Sadaxlı kənd 2 saylı orta məktəbində
tərbiyə işləri üzrə direktor müavini
işlədi, eyni zamanda Azərbaycan dili və ədəbiyyatını
tədris etdi.
Doğma kəndində işlədiyi illərdə elmi
araşdırmalar da aparır, ara-sıra bədii
yaradıcılıqla məşğul olur, mətbuatda
çap olunurdu. Əlbəttə, əksər yaşıdları kimi,
o da Bakı şəhərinə gəlmək, burada səmərəli
şəkildə elmi fəaliyyətlə məşğul
olmaq istəyirdi...
1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində
əvvəl elmi işçi, sonra şöbə müdiri vəzifələrində
çalışdı. Eyni zamanda Azərbaycan Dövlət
Universitetinin dissertantı olaraq Səməd Vurğun
yaradıcılığına həsr olunmuş namizədlik
dissertasiyası üzərində işlədi, müxtəlif
mövzularda elmi və publisistik məqalələr yazdı,
radio-televiziya verilişləri hazırladı.
1980-ci ildə Mədəniyyət Nazirliyinə işə
dəvət olundu və burada 2007-ci ilədək böyük
inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin
rəis müavini, baş idarənin rəisi, nazirliyin Aparat rəhbəri
vəzifələrində çalışdı.
Bu illərdə
beynəlxalq elmi simpozium, konfrans və seminarların, respublika
festival və baxış-müsabiqələrinin, sərgilərin,
o cümlədən 1983, 1988 və 2003-cü illərdə Azərbaycan
xalça sənətinə həsr edilmiş beynəlxalq
simpoziumların, muzey işçilərinin ümumrespublika
müşavirələrinin (1984, 1992, 1993) təşkili və
keçirilməsində, yeni mədəniyyət müəssisələrinin,
xüsusən tarix-diyarşünaslıq və xatirə muzeylərinin
yaradılmasında, muzey ekspozisiyalarının yenidən
qurulmasında fəal iştirak etdi...
Qayıdaq sözümün əvvəlinə.
Bütün bunlar nəinki onun fəaliyyətinin
yönünü dəyişə bilmədi, əksinə,
yeni fəaliyyət sahələrinə yönəltdi. Özünü
ədəbiyyatşünaslıqla yanaşı, muzey işi,
teatr sənəti, təsviri incəsənət, xalça sənəti,
hətta etnoqrafiya sahələrində də sınadı.
Tərcümə ilə məşğul oldu və
bu sahələrdə də peşəkarlığını
göstərdi.
1990-cı
ildə “Səməd Vurğun yaradıcılığında
xalqlar dostluğu” mövzusunda namizədlik, 2007-ci ildə «Səməd
Vurğun yaradıcılığında insan: millilik və
ümumbəşərilik» mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etdi.
Adilxan Bayramov 2007-ci ilin oktyabr ayında doktorluq
dissertasiyasını müdafiə edəndən sonra Mədəniyyət
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzində direktor müavini vəzifəsində
işləməyə başladı. Eyni zamanda elmi tədqiqat
fəaliyyətini də davam etdirir. Səməd
Vurğunun həyatı və fəaliyyəti ilə
bağlı radio-televiziya verilişlərinin, çoxsaylı
məqalələrin müəllifidir. Şairin
poemaları əsasında bir neçə radio-tamaşa,
«Hürmüz və Əhrimən» poeması əsasında pyes
hazırlamış, «Muğan» poemasının motivləri
üzrə «Ceyran» televiziya filminin ssenarisini
yazmışdır.
Onun
«Yaşayan ömür» (1990), «Vurğun ocağı» (1997), «Səməd
Vurğun
yaradıcılığında insan: millilik və
ümumbəşərilik» (1999), «Səməd Vurğun: milli
və ümumbəşəri» (2006), «Səməd Vurğun:
ömür yolu və yaradıcılığından səhifələr»
(2015) adlı kitabları
böyük şairin ömür yolunu və
yaradıcılığını işıqlandırır.
Universitetdə
müəllimi, sonradan elmi rəhbəri, daha sonra elmi məsləhətçisi
olmuş professor Cəlal Abdullayev öz yetirməsi haqqında
belə yazmışdır: “Adilxan Bayramov ilk tədqiqat vərdişlərinə
məhz Səməd Vurğun
yaradıcılığını araşdırmaqla
başlamış, bu mövzuda namizədlik və doktorluq
dissertasiyaları müdafiə etmişdir... 30 ilə
yaxın bir müddətdə (bu sözlər 2006-cı ildə
qələmə alınmışdır - S.M.) Səməd
Vurğun yaradıcılığı ilə ardıcıl məşğul
olan Adilxan Bayramov özünü bacarıqlı, səriştəli
və əməksevər tədqiqatçı kimi göstərmişdir.
O, tədqiqatçı kimi xeyli iş görmüş,
şairin bir çox çıxış və məqalələrini,
məktublarını, şeirlərini, o cümlədən
1942-ci il fevralın 12-də Moskva radiosu ilə «Koroğlu
nəsillərinə bizim salamımız», 1942-ci il
noyabrın 29-da Moskvada ədəbiyyat
və incəsənət işçilərinin antifaşist
mitinqində «Qafqazın mədəniyyəti ölməzdir»
adlı çıxışlarını, habelə Ukrayna
yazıçılarının III qurultayında
çıxışının mətnlərini ilk dəfə
üzə çıxararaq Azərbaycan dilinə
çevirmiş və dərc etdirmişdir.
Adilxan
Bayramov şairin «Vaqif» pyesinin və «Aslan qayası»
poemasının naməlum parçalarını əldə
etmiş, «İnsan» pyesinin daha mükəmməl
variantını üzə çıxarmış və
bütün bunlardan öz tədqiqatında istifadə
etmişdir”.
Qeyd etdiyim kimi, Adilxan Bayramov ədəbi tənqid və ədəbiyyatşünaslıqla
yanaşı, muzey işi, teatr sənəti, təsviri incəsənət,
Azərbaycan xalçası, hətta etnoqrafiya ilə
bağlı araşdırmalar aparır. «Bakı muzeyləri» (həmmüəllif,
2006), «Sənət, sənət məbədləri, sənət
fədailəri» (2015) və b. kitabların, «Ədəbi-xatirə
muzeyləri», «Tarix-diyarşünaslıq muzeyləri», «Teatr sənətimizin
inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci
illər)» adlı metodiki vəsaitlərin müəllifidir.
Azərbaycan
və rus dillərində bir neçə dəfə nəşr
olunmuş «Üzeyir Hacıbəyov ensiklopediyası»nın müəlliflərindən biri də
Adilxan müəllimdir.
Mübaliğəsiz demək olar ki, o, Azərbaycanda
muzey işinin tarixini öyrənən ilk tədqiqatçılardandır. Onun «Heydər
Əliyev və muzeylərimiz» (1999), habelə «Tariximiz,
yaddaşımız, sərvətimiz» (2007) adlı
kitabları, muzey işinə aid çoxsaylı məqalələri
bu sahənin müəllim və tələbələri
üçün xüsusi əhəmiyyətə malik bələdçi-tədris
vəsaitidir. O, eyni zamanda ayrı-ayrı muzeylər və
muzey qurucuları barədə dəyərli məqalələrin,
radio-televiziya verilişlərinin müəllifidir.
1999-cu ildə müəllifin «Heydər Əliyev və
muzeylərimiz» adlı kitabı ümummilli liderə təqdim
olunarkən o, nəşri təqdir etmiş, muzey işinə
qayğının vacibliyini bir daha xüsusi qeyd etmişdir. «Tariximiz,
yaddaşımız, sərvətimiz» kitabında Azərbaycanda
muzey işinin inkişafı tarixi
araşdırılmış, ayrı-ayrı muzeylər və
tanınmış muzey işçiləri barədə məlumat
verilmişdir. “Sənət,
sənət məbədləri, sənət fədailəri»
kitabında müəllifin müxtəlif profilli muzeylər,
muzey qurucuları, habelə milli teatrımızın təşəkkülündə və
inkişafında böyük rolu olmuş Tiflis Azərbaycan teatrı və bu teatrın
aktyorları, habelə digər sənət sahələri barədə
son illərdə qələmə aldığı məqalələri
toplanmışdır. Adilxan müəllim 1980-ci illərdə
radioda səsləndirilən “Azərbaycanın memarlıq abidələri”
adlı silsilə verilişlərin müəllifi,
“Respublikamızın muzeylərində” adlı silsilə
verilişlərin müəllifi və aparıcısı
olmuş, “Muzeylərimizin salonlarında” ümumi
başlığı ilə silsilə yazılarla
çıxış etmişdir.
Mətbuatda çoxsaylı elmi və elmi-metodiki məqalələri,
bədii və bədii-publisistik yazıları dərc
olunmuşdur.
Müxtəlif mətbu nəşrlərdə,
ensiklopedik-məlumat kitablarında onun özü və
araşdırmaları barədə məqalələr dərc
olunmuş, radio-televiziya verilişləri səsləndirilmişdir.
Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan
Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar
İttifaqının üzvü, «Müasir mədəniyyətşünaslıq»
jurnalının baş redaktorunun müavini, «Qarapapaqlar»
(Gürcüstan) dərgisi redaksiya heyətinin
üzvüdür. Müxtəlif vaxtlarda «Səməd
Vurğun-90» fəxri xatirə diplomuna, «Səməd Vurğun
mükafatı»na, fəxri fərman və mükafatlara layiq
görülmüş, “Fəxri mədəniyyət
işçisi” döş nişanı ilə təltif
edilmişdir.
Adilxan müəllim cəmiyyət üçün layiqli övladlar tərbiyə edib. İki qızı, bir oğlu, dörd nəvəsi var. Allah saxlasın!
İndi keçək əsas məsələyə. Fevralın 19-da ədəbiyyatşünas, sənətşünas, muzeyşünas, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramovun 70 yaşı tamam olacaq.
Təbrik edirik!
Qələmə aldığım “hesabat”ın qəbul edilib-edilməməsi isə oxucuların, dostların işidir.
Qeydlərimi mərhum şair-publisist Tofiq Abdinin ümumi dostumuzun doktorluq dissertasiyasının müdafiəsi münasibətilə “Ədalət” qəzetində dərc etdirdiyi yazının sonluğu ilə bitirmək istəyirəm: “Doktorluqdan o yana hansı mərhələlər var, vallah, mən bunu bilmirəm. Ancaq varsa, bir dost kimi mən bunu Adilxan Bayramova arzu edirəm. Alim kimi də, insan kimi də, ziyalı kimi də bu İNSAN ona layiqdir. Bütün bu keyfiyyətlərin onun şəxsində görünməsində SƏMƏD VURĞUN kimi bir şairin yaradıcılığının təsiri olmamış deyil. Olan bu”.
Solmaz
MƏHƏRRƏMOVA
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri
doktoru
Mədəniyyət.- 2019.- 15
fevral.-S.6.