Nazirlikdə Türkmənistan nümayəndə
heyəti ilə görüş keçirilib
Fevralın 15-də Azərbaycan Xalça Muzeyində Türkmənistanın xalça, milli zərgərlik və toxuculuq məhsullarının sərgisi açılacaq. Bu münasibətlə Türkmənistanın nümayəndə heyəti Bakıda səfərdədir.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva fevralın 14-də Türkmənistan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Mekan İşanquliyev, Türkmən Milli Xalça Muzeyinin direktoru Maya Aşirova, digər qonaqlar, Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova iştirak edib.
Nazir müavini qonaqları salamlayaraq Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında mədəni mübadilənin genişləndirilməsi və inkişaf etdirilməsinin, Azərbaycan Xalça Muzeyində keçiriləcək sərginin əhəmiyyətini vurğulayıb.
Həmçinin, gələcəkdə ölkələrarası mədəniyyət sahəsinin bütün istiqamətlərində, o cümlədən muzeylərarası əlaqələrin genişləndirilməsi, soy-kök birliyi olan iki xalqın mədəniyyətinin dünyaya təqdim olunması və UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına birgə mədəni dəyərlərin daxil edilməsi məqsədilə layihələr üzərində iş aparılmasının vacibliyi qeyd edilib. Eyni zamanda TÜRKSOY təşkilatının xətti ilə müştərək sərgi layihələrinin təqdimatı üçün əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Görüşdə gələcək əməkdaşlığa dair məsələlər – may ayında Aşqabad şəhərində keçiriləcək türkmən xalçasına həsr olunmuş bayramda Azərbaycan nümayəndə heyətinin iştirakı, yaz aylarında Türkmənistan Kukla Teatrının Bakıya qastrol səfəri, Azərbaycan Xalça Muzeyinin Moskvada böyük uğurla təqdim etdiyi “Yeddi gözəl” adlı layihəsinin Aşqabad şəhərində nümayişi, atçılıqla bağlı birgə layihənin hazırlanması, Gəncə şəhərində dahi türkmən şairi Məhdimqulunun həyat və yaradıcılığına həsr olunan konfransın təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Türkmən Milli
Xalça Muzeyinin direktoru Maya Aşirova nümayəndə heyətinin Azərbaycanda
yüksək səviyyədə qəbulu, sərginin təşkili
ilə bağlı lazımi şəraitin yaradılması və
hazırlıq işlərinin həyata keçirilməsinə
görə Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2019.- 15
fevral.- S2.