Tarixi lentə alanlar haqqında film
20 Yanvarın
kino salnaməsini yaradanlardan bəhs edən “Silahdaşlar” sənədli filmi təqdim olundu
Fevralın 19-da Nizami Kino Mərkəzində
“Silahdaşlar” adlı
tammetrajlı sənədli
filmin ilk nümayişi
keçirildi. Mədəniyyət
Nazirliyinin “Salnaməfilm”
studiyasında ekranlaşdırılan
film 1990-cı ilin 20 Yanvar
hadisələrini lentə
alan kino
işçilərinin fədakarlığından
bəhs edir.
Ekran əsərinin
ssenari müəllifi Xalq artisti Ramiz
Fətəliyev, quruluşçu
rejissoru Əməkdar
incəsənət xadimi
Nizami Abbasdır.
Nümayişdən öncə Ramiz Fətəliyev çıxış
edərək filmlə
bağlı fikirlərini
bölüşdü, onun
çəkilmə səbəblərindən
danışdı. Bildirdi ki,
Azərbaycanın suverenliyi,
istiqlaliyyəti və
ərazi bütövlüyü
uğrunda mübarizənin
rəmzi olan 20 Yanvar hadisələri baş verənləri kinokameranın yaddaşına
köçürən insanların
fədakarlığı sayəsində
tarixi salnaməyə çevrilib. “Silahdaşlar” həmin tarixi lentə alanlar haqqında filmdir.
Ssenari müəllifi
filmin ərsəyə
gəlməsində zəhməti
olan hər kəsə təşəkkür
etdi.
Sonra ekran əsəri nümayiş
olundu.
Filmdə
1990-cı il yanvarın 20-nə keçən
gecə sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qırğınları,
faciənin dəhşətli
görüntülərini lentə
almaq üçün
əsl peşəkarlıq,
eyni zamanda vətənpərvərlik nümayiş
etdirən kino işçilərindən söz
açılır. Həmin
günlərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasının
və “Salnaməfilm” studiyasının operatorları
başda olmaqla çəkiliş qrupları
yaradılmışdı. Onlar şəhərin
müxtəlif yerlərində
baş verən qanlı hadisələri lentə almaq üçün həyatlarını
riskə atmışdılar.
Ekran əsərində həmin
müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif
rayonlarında törədilən faciələr haqqında
xatirələrə və kadrarxası hadisələr barədə
fikirlərə yer verilib.
Mədəniyyət.- 2019.- 20
fevral.- S.1.