“Xocalı bu olub” ilk dəfə Sofiyada göstəriləcək
Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı soyqırımına həsr olunmuş yeni səhnə əsərinin ilk tamaşasını Bolqarıstanın paytaxtında göstərəcək. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyevin verdiyi məlumata görə, “Xocalı bu olub” adlı tamaşa Sofiya şəhərində fevralın 25-də nümayiş olunacaq.
Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər Xocalı soyqırımının tanıdılması məqsədi daşıyır.
Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edir.
Xatırladaq ki,
Azərbaycan Dövlət Pantomima
Teatrının yaradıcı qrupu bundan öncə də Xocalıya həsr olunmuş səhnə nümunəsi ilə Avropada səfərdə olub.
2012-ci ildə bu mövzuda
hazırlanmış tamaşa faciənin
20-ci ildönümü ilə
bağlı təşkil olunan “Almaniyada
Xocalı günləri” çərçivəsində
nümayiş etdirilmişdi.
Mədəniyyət.- 2019.- 20
fevral.- S.1.