Uğur əngəl tanımır!”

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib.

Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Gənclər Fondu və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə dəstəyi ilə “Uğur əngəl tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə keçirilib.

Layihənin məqsədi şəhərdə yaşayan fiziki məhdudiyyətli və əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, bacarıqlarını nümayiş etdirməkdir.

Yazıçı-publisist Hafiz İmamnəzərlinin aparıcılığı ilə keçən tədbirdə qalereyanın direktoru Ellada Həsənova, Əməkdar rəssam Vaqif Nəzirov, rəssam Nəsibə Şükürova, “Uğur əngəl tanımır!” layihəsinin rəhbəri Nərmin Kərimova və başqaları çıxış ediblər. Bu qəbildən tədbirlərin davamlı olacağı, fiziki məhdudiyyəti olan gənclərin əl işlərinin satış-sərgilərinin təşkil ediləcəyi diqqətə çatdırılıb.

Sərgidə Sumqayıt şəhər Evdə fərdi təhsil məktəbi və Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 40-a yaxın şagirdinin əl işləri nümayiş olunub. Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.3.