Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalanıb

 

 

Saziş mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsinə töhfə verəcək

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Şurası – British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüşüb. British Council Böyük Britaniyanın xarici ölkələrlə mədəniyyət, incəsənət və təhsil əlaqələrini inkişaf etdirən qurumdur, 100-dən çox ölkədə, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Görüşdə Azərbaycanın Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə də iştirak edib.

Söhbət zamanı Azərbaycan və British Council arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir təşkilatla uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əlaqələrin daha da dərinləşdiyini qeyd edib. Əbülfəs Qarayev 2018-ci ildə  Mədəniyyət Nazirliyinin British Council ilə ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlığa dair bir sıra təkliflər irəli sürdüyünüBritish Council tərəfindən bu təkliflərin dəstəkləndiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, nazirliyin British Council ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə Azərbaycanda mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və hazırda bu sahədə “Yol xəritəsi” layihəsi üzərində aparılır. Bununla yanaşı British Council ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə bağlı bir sıra layihələr də həyata keçirilib.

British Council-ın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Bildirib ki, British Council-ın bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Əbülfəs Qarayev öz növbəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Nazir həmçinin bu ilin 2-3 may tarixində Bakıda 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək bu mötəbər tədbirdə British Council-ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd edib.

Görüşdə Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. Saziş Azərbaycanla British Council arasında beş il müddətində mədəniyyətin bütün istiqamətləri ilə bağlı gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək.

Böyük Britaniya Baş nazirinin ticarət elçisi ilə görüş

Nazir Əbülfəs Qarayevin Britaniya Baş nazirinin ticarət elçisi Baroness Nikolson ilə görüşündə də iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etməsində Britaniya Şurasının mühüm rolu qeyd olunub.

Nazir British Council ilə imzalanmış niyyət sazişi barədə məlumat verərək bildirib ki, sənəd Böyük Britaniya ilə Azərbaycan arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Görüşdə iştirak edən British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Summer Xia da mədəniyyət sahəsində əməkdaşlıq barədə danışaraq qurumun  Mədəniyyət Nazirliyi ilə birgə bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Baroness Nikolson iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və ölkəmizin mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. B.Nikolson, həmçinin yaxın zamanda Bakıya gələcəyini və səfər çərçivəsində də bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını deyib.

Nazir Əbülfəs Qarayev xanım Nikolsonu səfər zamanı Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.

B.Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin Azərbaycanla da bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib. Nazir həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib.

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.4.