Əhmədağadan qurtulan “Bizim Don Kixot”
İstənilən yaradıcı məhsulun,
təxəyyülün nüvəsində
istedad dayanır. Bir də əzm və özünütənqid,
daima yaradıcılıq
axtarışında olmaq
var. Bu mənada Xalq artisti, görkəmli səhnə ustası İlham Namiq Kamal yaradıcılığı
hər zaman maraqla qarşılanan sənətkardır.
Uzun və zəngin səhnə həyatına fərqli teatrlarda onlarla obrazı, televiziya tamaşaları və bədii filmlərdə koloritli rolları daxil edən 70 yaşlı aktyor bu yuvarlaq rəqəmi
də özü və tamaşaçıları
üçün fərqli
və yaddaqalan etmək istəyir. Milli səhnəmizdə bəşəri
ideallı “Bizim Don Kixot” kimi...
Maraqlı ideyanın hazırlıq prosesini biz də izlədik. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşqləri
gedən tamaşa mərhum dramaturq Rəhman Əlizadənin
“Don Kixot Abşeronski”
əsəri əsasında
səhnələşdirilir. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Birhissəli müzikl kimi
təqdim olunacaq tragikomik səhnə nümunəsinin quruluşçu
rəssamı İqbal
Əliyev, bəstəkarı
(mahnıların sözləri
Rəhman Əlizadənindir)
Əməkdar artist Vüqar
Camalzadədir. Düşünürəm
ki, tamaşaçılar
bu əsər vasitəsilə tam fərqli,
obrazındakı Don Kixota
İlham Namiq Kamal diktəsi edən usta bir oyunu izləyəcəklər…
Məşqi izləyərkən yadıma
peşəkar aktyorluq
məktəbimizin banilərindən
sayılan Cahangir Zeynalovun tələbəsi
Mirzağa Əliyevə
dediyi “Məbadə-məbadə
tamaşaçıları güldürməyə çalışasan. Ancaq obrazı
düzgün verməyə
çalış. Tip və surət düzgün verilirsə,
o vaxt öz-özünə
gülüş əmələ
gələcək” sözləri
düşdü. Böyük
aktyorun bu fikirləri, əslində,
komik teatrın ən zəruri elementlərindən birini ifadə edir: səhnədə varlığı,
həqiqəti düzgün
ifadə etmək, güldürməkdən daha
çox düşündürməyə,
məsələnin mahiyyətinə
nüfuz üçün
gülüşün özündən
belə bir alət kimi yararlanmaq.
Elə qəhrəmanımızın
da komik səpkili obrazlarına diqqət yetirsək, onları realist sənət
prinsiplərinə və
gerçəkliyə uyğun
tərzdə canlandırdığını
görürük. Məşq prosesində
də bu konseptual yanaşma hakim idi. Aktyor oyununda ənənəyə,
əvvəlki sənət
məktəblərinə, ustadlara
yaradıcı şəkildə
yanaşan, onlardan öyrənən, amma təqlid yolunu tutmayan bir sənətçi
olduğunu bir daha göstərir.
Tam əminliklə demək
olar ki, o, dünya ədəbiyyatının
bu korifey obrazına «millilik statusu» bəxş edir, obrazı bütün temperamenti ilə əks etdirməyə çalışır
və gözlərimiz
qarşısında Azərbaycan
Don Kixotunu yaradır.
Aktyorun bu analizə özünəməxsus əsası
da var. Deyir: “Əhmədağa nə qədər Don Kixotlaşsa
da, öz milliliyini, elmini, dünya dərkini, təhkiyeyi-kəlamlarını unutmur. Sabirdən, Mirzə Cəlildən, Füzulidən, Nəsimidən
nümunələr gətirərək öz keçmişindən, öz
ümumbəşəri dəyərlərindən
qopmur və öz yanğısını
ifadə formasındakı
müxtəlifliklərdən asılı olmayaraq, bir məqsədə yönəlir: insanlığa.
Bütün maddi dünyadan
qopur və öz həqiqətinə
çağırır”.
İllərdir fərqli teatrların
səhnəsindən tamaşaçılarına
səslənən aktyor
bu dəfə də onları Kukla teatrında salamlamaqdan məmnunluq duyacağını da əlavə etdi: “Tamaşaçıların reaksiyası
mənim üçün
çox maraqlıdır.
Hansı
teatr olursa olsun, vacib olan
maraqlı tamaşa və ona maraqla
baxan tamaşaçısıdır.
Bu mənada önəmli
olan yaxşı, baxımlı tamaşa hazırlamaqdır. Belə olduqda
tamaşaçı gələcək.
Böyüklər üçün hazırlanan bu tamaşada dünyanı dərketmə prinsipindən
söz açılır.
İnsanın çirkablara müqavimət
göstərib daxili təmizliyini saxlamaq əzmindən danışılır.
Mənə elə gəlir
ki, Don Kixot da, Əhmədağa da saf insanlardır.
Həyatda isə saf insanları qorumaq lazımdır. Mən də
onu o cür yaratmağa çalışacağam.
Əgər tamaşaçı da onu o cür
qəbul etsə, bu həm də
sənətin uğurudur”.
Rejissor Qurban Məsimov müasir günümüzlə
səsləşən tamaşa
hazırlamaq təklifini
maraqla qarşıladığını
deyir: “Özünütəsdiq
problemi yaşayan, gerçəkliyin burulğanında
faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması
özlüyündə maraqlıdır.
Səhnə materialı alt qatdakı
ideyaya impuls üçün əvəzsizdir.
Bununla Əhmədağa həqiqəti
demək, cəmiyyətdəki
əyriliklərə öz
münasibətini bildirmək
istəyir. Amma ətrafındakı
xoşagəlməzliklərə etirazını özü
kimi yox, Don Kixot olaraq bildirir.
Düşünür ki, Əhmədağa
olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə
də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da
yalana, ədalətsizliyə,
haqsızlığa qarşı
vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir.
Təbii
ki, Don Kixot maskası ilə”.
Qurban Məsimov
deyir ki, Don Kixotlar həmişə olub. Elə olacaq da.
Don Kixotluq Əhmədağanın
maskası, söz demək vasitəsidir: “Əsər sovetlərin dağıldığı dönəmdə
yarandığından o dövr
insanının problemlərini
önə çəkir,
hədəf kimi kommunizm ideologiyasını
göstərir. Əsərdəki mövcud problemlərə
bəşəri kontekstdən
yanaşmağa çalışmışıq.
Yəni bu narazılıqlar, anlaşılmazlıqlar Yer
kürəsinin hər
yerində baş verə bilər. Əsas faktor insandır və o, firavan bir cəmiyyət arzulayır”.
Quruluş müəllifi əsərdən
fərqli olaraq tamaşanı gözlənilməz
sonluq ilə bitirəcəyini, onun faciəsinə fərqli rakursdan baxacağını
deyir. Rejissor satira, fantasmaqoriya, nağılvarılıq,
uydurma kimi hal-vəziyyətlərin musiqinin
ifadəsində tamaşaçıya
çatdırılacağını da əlavə edir. Bu
obrazlılıqda teatrın aktyorlarının
da ifası nəzərdə tutulur.
Son olaraq onu da qeyd edək
ki, tamaşa martın ortalarında sənətsevərlərin ixtiyarına
veriləcək.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 20
fevral.- S.5.