Serb aktyor Müslüm Maqomayev
obrazında
Xəbər verildiyi kimi, Rusiyanın “Birinci kanal”ı tərəfindən dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev haqqında çoxseriyalı bədii film çəkilir.
Çəkilişləri ötən ilin oktyabr aylarında başlayan filmin Bakı ilə bağlı hissələri artıq yekunlaşıb. Filmdə əfsanəvi müğənnini canlandıran serb əsilli aktyor Miloş Bikoviç çəkiliş prosesindən fotolarını sosial şəbəkələrdə paylaşıb. 30 yaşlı aktyor şərh yerində bu sözləri yazıb: “Onun musiqilərini sevirsinizmi? Ən çox hansını bəyənirsiniz? Böyük sənətkarın obrazını yaratmaq mənim üçün böyük fəxrdir”.
Yayılan şəkillərə diqqət yetirdikdə qrim və geyim vasitəsilə Müslüm Maqomayevin gənclik illərinin tam bənzərinin yaradıldığını görə bilirik. Filmdə Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın rolunu isə aktrisa İrina Antonenko canlandırır. Filmin çəkilişləri “Korporativ”, “Qapalı məktəb” filmləri ilə tanınan rejissor Oleq Asadullinə həvalə olunub. Tamara Sinyavskaya özü isə filmin məsləhətçisidir. Film Emin və Araz Ağalarovların maliyyə dəstəyi ilə çəkilir.
Qeyd edək ki, filmin Bakı ilə bağlı hissələrinin lentə alınmasından əlavə, Paris kadrları da paytaxtımızda çəkilib.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2019.- 20
fevral.- S.8.