Türkmən xalçası Azərbaycanda: Xəzərin iki sahilini birləşdirən sənət

 

 

Xəzərin o tayındakı qardaş ölkənin – Türkmənistanın xalça, toxuculuq və zərgərlik sənəti nümunələri fevralın 15-dən 17-dək Bakıda, Azərbaycan Xalça Muzeyində nümayiş olundu.

Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşdı. Sərgidə çox incə ornamentlə işlənmiş qədim və müasir dövrə aid xalçalar, qədim bəzək əşyaları, bu gün dost ölkədə istehsal edilən toxuculuq məhsullarından seçmələr nümayiş etdirildi.

Fevralın 15-də rəsmi açılışdan öncə özümüzü muzeyə çatdırdığımız üçün ekspozisiya salonunda həm sərgi ilə yaxından tanış olur, həm də  Türkmənistan Milli Xalça Muzeyinin direktoru Maya Aşirova, muzeyin bələdçisi Çimən Rahmanova ilə rahat söhbət edirik.

Çimən xanım eksponatlar barədə məlumat verir. Öyrənirik ki, Aşqabaddakı xalça  muzeyindən gətirilmiş eksponatların arasında ən qədimi alaçıqlarda həm bəzək, həm məişət əşyası olaraq istifadə edilən çuval, torba, xurcundur. Bəli, eynilə Azərbaycan xalçaçılıq sənətində olduğu kimi: bu toxuma əşyaların adları kimi  təyinatı da eynidir.

Ənənəvi ornamentlərlə toxunmuş xalçaların cərgəsini tamamlayan süjetli xalçalarda Türkmənistan təbiətinin mənzərələri həkk olunub. Bu xalçaların yun sapla toxunduğuna inanmağın gəlmir. İlmələr o qədər xırda zərifdir ki, xalçanı iynə ilə işlənmiş tikməyə bənzədirsən.

Maya xanım isə dünya şöhrətli türkmən xalçalarının özəlliklərindən, hansı ornamentin nəyin rəmzi olduğundan söz açır. Amma Türkmənistan Azərbaycan xalçalarının arasında o qədər bənzərlik var ki... Qeyri-peşəkar gözüylə seçilən əsas fərq isə budur ki, əgər bir sıra Azərbaycan xalça məktəbləri üçün xırda naxışlarla yanaşı iri naxış elementlərinə tez-tez rast gəlinirsə, türkmən xalçalarında, demək olar ki, yalnız xırda naxışlardan istifadə edilməsidir.

Türkmənistan Milli Xalça Muzeyinin çox dəyərli eksponatlarından birinə əllə toxunmaq heyrətlənmək şansımız da varmış… 1948-ci ildə xalçaçı rəssam Kamal Əsgərovun həm eskizini hazırlayıb, həm şəxsən özünün toxuduğu bir xalça. Toxunuşunda 25 cür təbii rənglə boyanmış xalça təkcə əsas ornamentinin günəbaxan olması ilə ənənəvi xalçadan fərqlənmir. Bu xalçanın özəlliyi onun səthinin çoxrelyefli olmasıdır. Bu gün 3D effekti deyə təəccübləndiyimiz qabarıq səthi türkmənistanlı rəssam hələ yetmiş il öncə, həm cərrah skalpeli daxil olmaqla 7 qayçı, kəsici alət işlətməklə xalça üzərində tətbiq edib. Maya xanım xalça sənəti ilə bağlı fikirlərini həvəslə bizimlə bölüşür:

- Bizlərdə deyirlər ki, at - türkmənin qanadı, xalça isə qəlbidir. Ölkəmizdə xalçaçılıq sənəti dövlət səviyyəsində dəstəklənir. Bəzi orta məktəblərdə xalçaçılığın praktik vərdişləri öyrədilir. Qızlar dördüncü sinifdən başlayaraq, həftədə bir saat xalça toxumaqla məşğul olurlar.

 

- Türkmən xalçasının hansı fərqli cəhətləri var?

- Məişətdə, bayram münasibətilə bir mərasimlərdə istifadə edilən təxminən 70 xalça növü var. Ornamentlərə gəlincə, onları indiyədək sayan olmayıb. Amma türkmən xalçalarının digər xalçalardan əsas fərqi həndəsi naxış, xətt proporsiyadadır. Bizim xalçalarda yerlik ilə naxışın sahəsi tən yarı götürülür: 50% yerlik fon, 50% ornament. Bu bölgüyə həmişə riayət olunur. Naxışlar xırda olduğundan ilk baxışda elə görünə bilər ki, onlar seyrək toxunub. Lakin ilmələr çox kiçikdir. Bəzən bir kvadratmetrdə 1 milyondan artıq düyün vurulur.

* * *

… Rəsmi açılış məqamı yetişir. Qonaqlar muzeyin geniş foyesinə keçirlər.

Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin Azərbaycan ilə Türkmənistan arasında humanitar-mədəni əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində görülən işlərdən biri kimi dəyərləndirdi. Vurğulandı ki, Bakıya gətirilmiş xalça nümunələri, XIX əsrə aid gümüş zinət əşyaları Türkmənistanın zəngin irsini, yeni toxuculuq sənayesi məhsulları isə ölkənin bugünkü texnoloji imkanlarını əks etdirir. Direktor çıxışının sonunda qardaş Türkmənistan mədəniyyəti ilə tanışlıq imkanı yaratmış sərginin bütün təşkilatçılarına minnətdarlığını bildirdi.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bütün qonaqları və sərgi iştirakçılarını salamlayaraq “Türkmənistan əl işi xalçaları, milli zərgərlik məmulatları və toxuculuq məhsulları” sərgisinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu dedi. Nazir müavini hələ 2015-ci ildə Azərbaycan Xalça Muzeyində Türkmənistanın Prezidenti Qurbanqulu Berdımuhammedovun milli xalça sənətinə aid “Canlı əfsanə” kitabının Azərbaycan nəşrinin təqdimatının keçirildiyini xatırlatdı. Türkmən xalçalarının özünəməxsusluğundan bəhs edən Sevda Məmmədəliyeva sərgilənən zərgərlik məmulatlarını türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsi kimi qeyd etdi. Bildirildi ki, türkmən xalq sənətkarlarının əsrlər boyu hazırladıqları nadir bəzək əşyaları bütün dünyada məşhurdur, bu məmulatların səciyyəvi cəhəti simmetrik formaların, səlis ornament xətlərinin bir-birini çox uğurlu tamamlamasıdır.

Türkmənistan Milli Xalça Muzeyinin direktoru Maya Aşirova isə ölkəmizdə gördüyü qonaqpərvərlikdən, Azərbaycan Xalça Muzeyi ilə tanışlıqdan məmnunluğunu ifadə etdi. O, türkmən xalçalarının və milli zərgərlik məmulatlarının Bakıda sərgilənməsinin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının göstəricisi olduğunu dedi.

* * *

Rəsmi çıxışlar bitincə Türkmənistan Toxuculuq Sənayesinin “Toktaçılar” ansamblı, eləcə də F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi. Ekspozisiya ilə tanış olan mərasim iştirakçıları xalçalar, zinət əşyaları ilə yanaşı, bir sıra eksponatların da yer aldığı “Ak oy” adlı türkmən alaçığını da maraqla seyr etdilər.

* * *

Mərasimin sonunda Türkmənistan səfirliyinin təşəbbüsü ilə qonaqlara türkmən çörəyi sovqat verildi.  Evdə həmin çörəyi kəsib ətrini sinəmizə çəkərək yedik. Qardaş çörəyi elə ata çörəyi kimi şirindoyumlu olurmuş.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.1;5.