250 yaşlı təmsil ustası
Yaradıcılığı ilə rus ədəbiyyatında dərin iz qoymuş şairlərdən biri də məşhur təmsil ustası, jurnalist İvan Andreyeviç Krılovdur. Bu il ədibin anadan olmasının 250 illiyi qeyd edilir.
Krılov 1769-cu il fevralın 13-də Moskvada anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və ədəbiyyat aləmində ona böyük şöhrət qazandıran təmsillər qələmə almışdır. Krılova qədər təmsil yalnız uşaq şeiri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O isə təmsili çox ciddi bədii bir janr səviyyəsinə qaldırdı, bu janrda yazdığı orijinal bədii nümunələrlə ədəbiyyat aləmində öz imzasını qoydu.
Görkəmli rus şairi A.Puşkin, məşhur ədəbi tənqidçi V.Belinski, yazıçı N.Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər. Hətta Qoqol onun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırmışdır. Çünki o, şifahi xalq ədəbiyyatına yaxşı bələd idi və xalq danışıq dilini dərindən bilirdi. Ona görə də təmsillərini hər kəs üçün anlaşılan, canlı bir dillə qələmə almışdır. Ümumiyyətlə, Krılovun yaradıcılığı rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır.
1809-cu ildə onun təmsillərdən ibarət ilk kitabı nəşr olunmuşdur. Şairin təmsillərində iki xüsusiyyət var: tənqid və nəsihət. Bu əsərlərin əksəriyyətində dövrün ictimai nöqsanları, ayrı-ayrı hadisələr və adamlar hədəfə çevrilir. “Yeri düşəndə nöqsanları qamçılamaqdan xoşum gəlir”, - deyən müəllif tülkü, qurd, aslan, ayı və digər heyvanların simasında - şəxsləndirmə (təşxis) yolu ilə cəmiyyətdəki çatışmazlıqları tənqid etmişdir. Krılovun təmsillərində çar məhkəmələrindəki ədalətsizlik (“Kəndli və Qoyun”), hakimlərin xalqın dərdindən xəbərsizliyi (“Balıqların rəqsi”), qüvvətlilərin azğınlığı (“Qurd və Quzu”, “Qurd və Durna”), varlıların nankorluğu (“Donuz palıd ağacı altında”, “Yarpaqlar və köklər”) və s. problemlər ifşa olunurdu. Yoxsulluq, məhrumiyyət və zəhmətin nə olduğunu yaxşı bilən Krılovun yaradıcılığında gərgin əməyin, çalışqanlığın, düzlüyün, mərdliyin həyatda ən vacib amil olduğu dönə-dönə vurğulanır.
Şairin təmsilləri hələ onun sağlığında geniş yayılmış, insanların dilində əzbərə çevrilmişdi. O, insanların nöqsanlarına gah qəzəblə, acı-acı, gah da yumşaq, xəfif-xəfif gülürdü.
Krılov ikicə misrada bütöv bir xarakter yaratmağı, problemi diqqət mərkəzinə çəkməyi bacarırdı:
Güclü, qüvvətli bir qarışqa varmış...
Hətta hörümçəklə tək bacarırmış.
(“Qarışqa”)
Şairin təmsilləri çar II Yekaterinanın narazılığına səbəb olmuş, o, bir müddət ədəbi fəaliyyətdən əl çəkərək əyalətdə gizlənmişdir.
Oxucuların “Krılov baba” deyə müraciət etdiyi görkəmli şair 1844-cü ilin 24 noyabrında Peterburq şəhərində vəfat etmişdir.
Krılov rus ədəbi fikrinə mühüm töhfələr verməklə yanaşı, çar Rusiyasının müstəmləkəsi altında olan xalqların da ədəbiyyatına təsir göstərmişdir. Müəllifin sadə və mənalı təmsilləri Azərbaycan ziyalılarının da diqqətini cəlb etmişdir. Tanınmış ədib və şairlərimiz Krılovun təmsillərini tərcümə etməyi, onları məktəblərdə şagirdlərə və geniş oxucu kütləsinə çatdırmağı şərəfli bir iş bilmişlər.
Krılovun təmsillərini Azərbaycan dilinə ilk dəfə tərcümə edən ədiblərimizdən biri görkəmli yazıçı, şair, mütəfəkkir Abbasqulu ağa Bakıxanov olmuşdur. O, rus şairinin “Eşşək və Bülbül” təmsilini sadə və aydın bir üslubda dilimizə çevirmişdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Krılovun təmsilləri Azərbaycanda dərsliklərə salınır. Tanınmış ədib və maarif xadimləri Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq və başqaları şairin təmsillərini Azərbaycan dilinə tərcümə edirlər. A.Şaiqin etdiyi ilk tərcümələr onun “Uşaq gözlüyü” adlı əlifba kitabında və M.Mahmudbəyovun “İkinci il” qiraət kitabında yer almışdır.
Krılovun əsərlərinin ən gözəl tərcüməçiləri isə görkəmli şairlər Mirzə Ələkbər Sabir və Abbas Səhhət hesab olunur. Azərbaycan oxucusu bu sənətkarların tərcüməsində rus şairin yaradıcılığını sevmişdir. Səhhətin “Zəhmətkeş Àóı”, “Qurd və Quzu”, “Sazandalar”, “Fil və Alabaş” və s. tərcümələri uğurlu alınmışdır.
Sabirin tərcümə etdiyi “Qarğa və Tülkü” təmsili dillər əzbərinə çevrilmişdir. Böyük satira ustası rus müəllifin təmsilindəki əsas qayəni gözəl anlamış, əhvalatı axıcı bir şəkildə ifadə etmişdir. Onu da bildirək ki, “Qarğa və Tülkü” təmsilini A.Şaiq də tərcümə etmişdir. Lakin M.Ə.Sabirin tərcüməsi daha rəvan, daha ürəyəyatandır:
...Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözləsən, nə xoşliqasən sən,
Yeri var söyləsəm - hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!”...
Görkəmli yazıçı, dramaturq,
publisist Cəlil Məmmədquluzadə də
Krılovun təmsillərinin
dərin ictimai mənasını başa
düşərək “Molla
Nəsrəddin” jurnalının
səhifələrində müəllifin
əsərlərinə yer
vermişdir.
İki əsrdir
ki, Krılovun təmsilləri öz aktuallığını qoruyub
saxlayır. İnsan cəmiyyətində xoşagəlməz
hallar baş verdikcə görkəmli şairin aforizmə çevrilən misraları
da xatırlanır...
Aynurə ƏLİYEVA
Mədəniyyət.- 2019.- 20
fevral.- S.6.