Qərarsız mən oldum...
Müğənni Mahir
Rzayevin əziz xatirəsinə
1990-cı il fevralın 8-də yaşadığım Hacıqabulun Navahı kəndindən Bakı şəhərinə yola düşdüm. Məqsədim 20 Yanvar faciəsi zamanı yaralanmış həmyerlimiz, müğənni Mahir Rzayevə xəstəxanada baş çəkmək idi.
Uşaqlıq çağlarımız bir-birinə yaxın küçələrdə, məhəllələrdə keçdiyinə görə onu tezliklə görmək, səhhətinin necə olduğunu öyrənmək istəyirdim. Hacıqabul şəhərində yaxın qohumlardan öyrəndim ki, Mahir Semaşko adına Respublika Klinik Xəstəxanasında müalicə olunur. Bakıya gedən maşınlardan biri ilə paytaxta gələndə sovet əsgərlərinin hələ də küçə və meydanlarda keşik çəkdiklərini gördüm. Bir qədər həyəcan keçirsəm də, xəstəxanaya çatdım. Növbətçi tibb işçilərindən Mahir Rzayevin hansı palatada yatdığını soruşdum.
Qapını açan kimi illər boyu həyatda, ekranda gördüyüm, səsini eşitdiyim tanış sima özünəməxsus şirinlik və mehribanlıqla əli ilə işarə edərək:
- Bura gəl! – dedi.
Palataya daxil olub doğma bir insan kimi
onunla qol-boyun sarmaşdım. O özü də kövrələrək
gözləri doldu. Mənə dediyi birinci söz və sual bu
oldu:
- Bu yolu necə gəldin?
Mahir bununla işarə edirdi ki, lənətə gəlmiş imperiya əsgərləri hələ
də yollarda keşik çəkirlər,
belə gərgin, təhlükəli vəziyyətdə
necə gəlib çıxmısan? Cavabım qısa oldu:
- Ürəkdə istək olanda gəlmək olur.
Bu cavabıma Mahir
yüngülcə gülümsədi. Ucaboylu, yaraşıqlı,
enlikürəkli bir oğlan olan Mahir Rzayevin sifətində o qədər
şirinlik, o qədər
nur var idi
ki, adama elə gəlirdi ki, o həmişə gülümsəyir. Ötən
əsrin 70-ci illərinin
əvvəllərində “Dilbərim”,
“Sarı bülbül”,
“Minnətdaram mən”,
“Cavanlığım” və
başqa xalq mahnıları, təsniflər,
bəstəkar mahnıları
ilə şirin avazı, bənzərsiz ifası ilə Azərbaycanın hər yerinə səs salan sevimli müğənnimiz
Zaur Rzayevin sənət aləminə
gəlişi musiqi mədəniyyətimizdə böyük
hadisə kimi qiymətləndirildi – istər
musiqisevərlər, istərsə
də sənət biliciləri tərəfindən.
Belə
bir vaxtda, 1974-1975-ci illərdə musiqi ictimaiyyəti arasında bir ürəkaçan xəbər yayıldı:
Zaur Rzayevin qardaşı Mahir Rzayev də oxuyur. Özü də özünəməxsus,
şirin oxuyur.
O vaxtlar bir ailədən
iki sənətkarın,
iki müğənninin
müxtəlif konsertlərdə,
tədbirlərdə çıxış
etməyi əsl sensasiya idi. Onların Hacıqabulda dünyaya gəlmələri, sənət
aləminə bu şəhərdən pərvazlanmaları
bizdə qürur hissi doğururdu. Xüsusən, 1981-ci il dekabrın 31-də Azərbaycan
televiziyası ilə verilən Yeni il gecəsində görkəmli sənətkarlarımızla
bir verilişdə Zaur və Mahir
Rzayev qardaşlarının
oxuduqları “Cavanlığım”
(musiqisi Oqtay Kazımovun, sözləri
Cabir Novruzundur) mahnısı respublikada böyük əks-səda
doğurdu: hamı onlardan danışırdı.
Sonradan Mahirin səsi konsert salonlarından, radio
dalğalarından, televiziya
ekranlarından gəlirdi.
Onun ifasında bəstəkar Tahir Əkbərovun Ruzigar Əfəndiyevanın
sözlərinə bəstələdiyi
“Qərarsız mən
oldum” mahnısı xüsusilə təsirli idi. Mahir bu mahnını elə kövrəkliklə,
elə şirinliklə,
ürəyəyatımlı tərzdə oxuyurdu ki, dinləyicini təsirləndirir, düşündürürdü:
Bəs necə dözüm bu vaxtsız gedişə,
Heç gümanım yox bir də biz görüşək.
Qərarsız mən oldum, vəfasız mən oldum...
Dinləyici bu ifanın ovsununa düşərək
xəyallar aləminə
qərq olur. Belə anlarda
musiqi səni öz ağuşuna alıb başqa bir sirli-soraqlı aləmə aparır.
Mahnının melodiyası kimi
sözləri də ürəyə yol tapandır.
Mahir Rzayev uzun müddət el şənliklərinin, toyların
yaraşığı olub. Ətrafındakı
insanlarla xoş ünsiyyət, mehriban münasibət yaradırdı...
2018-ci ilin son günlərində
Mahir Rzayevin 62 yaşında dünyasını
dəyişməsi onun
bütün pərəstişkarlarını,
dost-tanışlarını kədərləndirdi.
Allah rəhmət eləsin.
Nazim ZEYNALOV
Hacıqabul
Mədəniyyət.- 2019.- 20
fevral.- S.6.