Sevincimizin və kədərimizin ən
gözəl izharı klassik musiqidir
Bəzən bir yazıçını, şairi fərqləndirmək, onun qələmindəki cəsarəti vurğulamaq istəyəndə belə deyirlər: başqalarının deyə bilmədiklərini yazır, sözün qüdrəti ilə çatdırır. Eyni fikri bəstəkarlar haqqında söyləmək bir qədər çətindir. Hər necə olsa, əlifba şəklini almış otuz civarında hərfin hünəri yeddi notun hünərindən böyük görünür. Bəlkə elə buna görə də avanqard, zamanını xeyli qabaqlayan bəstəkarlar fikirdaş yazıçılardan sayca azdır?
Fevralın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertin proqramına elə çox bəstəkarın musiqi dilinə çevirə bilmədiklərini bacarmış müəlliflərin əsərləri daxil edilmişdi. Bakı Musiqi Akademiyasının Gənclər kamera orkestrinin – “Baku Chamber Orchestra”nın çıxış etdiyi konsertin proqramı elə adı ilə diqqəti çəkirdi. Alfred Şnitkenin “2 violin, fortepiano, klavesin və simli orkestr üçün 1 saylı konçerto Qrosso”, Qara Qarayev / Fərəc Qarayevin “Quasi uno Konserto Qrosso” və Dmitri Şostakoviçin “Kamera simfoniyası op. 110a” əsərləri daxil edilmişdi. Orkestrə Əməkdar artist Fuad İbrahimov dirijorluq edirdi.
Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru Xatirə Həsənzadə səhnəyə çıxaraq kollektiv barədə məlumat verdi. Bildirdi ki, akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin bədii rəhbəri olduğu kollektiv istedadlı gəncləri özündə birləşdirir. 2011-ci ildə fəaliyyətə başlamış orkestr respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edib, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə layihələrdə fəallıq göstərir, həmçinin özü də maraqlı layihələrlə çıxış edir. Məsələn, “Baku Chamber Orchestra” artıq iki ildir ki, “Musiqili pauza” layihəsi ilə əsasən gənclərin çalışdığı kollektivlərdə, universitetlərdə çıxış edir, yaşıdlarını klassik musiqi ilə ünsiyyətə səsləyir.
Musiqi axşamında öncə Alfred Şnitkenin “2 violin, fortepiano, klavesin və simli orkestr üçün 1 saylı konçerto Qrosso” konserti təqdim edildi. Artıq solo alətlərin seçimi (adətən, kamera musiqisində alətlərin dueti belə qurulur: violin-fortepiano, yaxud violin-klavesin) dinləyicini XX əsr bəstəkarının əsəri üçün alətlərin qeyri-adi səsləniş eşidəcəyinə kökləyirdi. Üstəlik, bu konsertdə 2 violinin solo çalğısı, həm də gənc olmasına baxmayaraq, musiqi ictimaiyyətinin ciddi ifaçı kimi qəbul etdiyi Nəzrin Aslanlı və Rövşən Əmrahovun çıxış edəcəyi barədə məlumat marağı bir qədər artırırdı. Əsərə gəlincə, uzun illər həm də peşəkar ifaçı kimi çalışmış, öz əsərlərini ifa etmiş Alfred Şnitke bir dostuna məktubunda vurğulayırdı ki, mən bu konserti yazarkən də, sonralar çalanda da qəribə hislər keçirirdim. Elə bilirdim ki, özüm-özümə rekviyem yazmışam.
Qara Qarayev və Fərəc Qarayev yaradıcılığının birgə məhsulu olan “Quasi uno Konçerto Qrosso” əsəri böyük bəstəkar, klassik musiqidə yeniliklər etmiş Avstriya bəstəkarı Anton fon Vebernin (1883-1945) xatirəsinə həsr olunub. Janr olaraq italyan dilində “böyük konsert” mənasını verən “konçerto qrosso” Azərbaycanda nadir hallarda səslənir.
Konsert proqramına daxil edilmiş üçüncü əsər – Dmitri Şostakoviçin “Kamera simfoniyası opus 110a” əsəri isə, əksinə, dünya miqyasında belə, müəllifin tez-tez səslənən əsərlərindəndir. Maraqlıdır ki, bəstəkar belə bir simfoniya bəstələməyib. 1960-cı ildə bəstəkarın icazəsi ilə Moskva Kamera Orkestrinin yaradıcısı və o vaxtkı bədii rəhbəri Rudolf Barşay Şostakoviçin 8-ci kvartetini simli alətlər üçün simfoniyaya çevirərək, onu öz orkestri ilə ifa edib. Görkəmli musiqiçinin işi müəllifin də ürəyincə olub, böyük uğur qazanıb və Şostakoviçin əsərləri siyahısına opus 110a olaraq daxil edilib. Müəllif bu əsərini müharibə və faşizm qurbanlarının xatirəsinə həsr edib.
Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində “Baku Chamber Orchestra”nın bu əsəri də öz konsert proqramına daxil etməsi istedadlı gənclərimizin faciə qurbanlarının xatirəsinə ehtiram jesti oldu...
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 22
fevral.- S.4.