“Vəkiloğluları istiqlal yolunda

 

 

 

Səməd Vurğunun ev-muzeyində “Vəkiloğluları istiqlal yolunda” adlı tədbir keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubiley tədbirlərinin davamı olaraq keçirilən tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açıb.

Tarix elmləri doktoru Solmaz Tohidi, tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Mahir Qəribov, filologiya elmləri doktoru Esmira Fuad  və başqaları mövzu ilə bağlı çıxış ediblər. Azərbaycanın istiqlalının əldə olunmasında mühüm rolu olmuş Vəkiloğulları nəsli Cümhuriyyət Parlamentində 4 deputatla təmsil olunub. Doktor Məmmədrza ağa Vəkilov, parlamentin ən gənc deputatı, Azərbaycan Cümhuriyyətinin tarixi haqqında ilk əsərin müəllifi Rəhim bəy Vəkilov, daxili işlər naziri Mustafa ağa Vəkilov, Azərbaycanın yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov milli dövlət quruculuğunda fəal iştirak ediblər. 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Balo bəy Vəkilovun başçılığı ilə könüllü batalyon Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıqlar göstərib.

Tədbirin sonunda Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı ilə Qan Turalının “Rəhim bəy Vəkilov” tamaşası nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.6.