“Şərqlə Qərbi birləşdirən
körpü”
Vyanada Azərbaycan tarixinin
alman səhifələri mövzusunda
məruzə
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Şərqlə Qərbi birləşdirən körpü – Azərbaycan tarixinin alman səhifələri” adlı məruzə axşamı təşkil olunub. Tədbir ölkəmizdə alman məskənlərinin salınmasının 200 illiyinə həsr edilib.
Mədəniyyət mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan olduğunu qeyd edib, ölkədəki tolerant mühitin əsasında qədim tarixi ənənələrin dayandığını vurğulayıb. Bildirib ki, iki əsr əvvəl Azərbaycana gəlmiş alman icması ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında mühüm rol oynayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə alman məskənlərinin salınmasının 200 illiyi müxtəlif tədbirlərlə qeyd edilir.
Tanınmış teleaparıcı, tarixçi, araşdırmaçı Fuad Axundovu qonaqlara təqdim edən Leyla Qasımova onun Bakının tarixi, memarlığı və görkəmli şəxsiyyətləri ilə yanaşı, Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ən məlumatlı şəxslərdən biri olduğunu vurğulayıb.
Fuad Axundov Azərbaycandakı alman icmasının tarixi barədə geniş məruzə ilə çıxış edib. Foto və videotəqdimatla müşayiət olunan məruzədə Cənubi Qafqazda alman koloniyalarının yaranmasına aparan tarixi yol barədə məlumat verilib. Bildirilib ki, çar Rusiyasının yeni işğal olunmuş ucqar əyalətlərinə zəhmətkeş, hökumətə loyal olan, eləcə də dininə görə yerli əhalidən fərqlənən etnik qrupların köçürülməsi ənənə halını almışdı. Napoleona qarşı müharibələrdə əldən düşmüş Avropada vergi və hərbi səfərbərlikdən bezən, əkin və təsərrüfatları viran qalan kəndlilər xam torpaqlara köç etməyə üstünlük veriblər. Beləliklə, 1817-ci ildə Cənubi Qafqazda ilk alman məskəni indiki Gürcüstan ərazisində yaranıb, 1819-cu ildə isə Almaniyanın indiki Baden-Vürttemberq əyalətindən köç edən alman kəndliləri Azərbaycan ərazisində ilk məskənlərini – Helenendorf kəndini (indiki Göygöl şəhəri) salıblar. Daha sonra Azərbaycanda alman məskənlərinin sayı səkkizə çatıb. Zəhmətkeş şvab almanları yerli əhali ilə mehriban qonşuluq şəraitində yaşamaqla qısa zamanda şərabçılıq, əkinçilik, heyvandarlıq və digər sahələrdə ciddi yüksəlişə nail olublar.
Simenslərdən “Konkordiya” şirkətinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən almanlar barədə məlumat verən Fuad Axundov onların Azərbaycan iqtisadiyyatına, eləcə də elm, memarlıq, ictimai mühit və digər sahələrə töhfələrini də diqqətə çatdırıb.
Həmçinin qeyd
edilib ki, İkinci Dünya müharibəsinin
başlanması ilə keçmiş SSRİ-nin Volqaboyu,
Krım, Qafqaz bölgələrindəki alman əhalisi, o cümlədən
Azərbaycanda qırx minə yaxın alman
icması Orta Asiya və
Sibirə sürgün edilib.
Lakin onların irsi və
yaşayış məskənləri qorunaraq
saxlanılıb. Bu gün
almanların cəm halında yaşadıqları tarixi məskən, eləcə də abidələri
Azərbaycan dövləti tərəfindən mühafizə
və restavrasiya olunur.
Mədəniyyət.- 2019.- 22
fevral.- S.8.